Polis akademiyası

xəbərlər

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsininin əməkdaşı Polis Akademiyasında mühazirədə iştirak etmişdir

25.11.2019

 07 noyabr 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Analitik iş qrupunun baş təhqiqatçısı, polis polkovnik-leytenantı İlkin Əliyev Polis Akademiyasının əyani təhsil üzrə V kurs kursantlarına mühazirə oxumağa dəvət edilmişdir. İ.Əliyev “DİO-da təhqiqat” fənnindən “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat” mövzusunda kursantlara praktiki yönümlü geniş məlumat verməklə yanaşı, təhlükəlilik dərəcəsinə görə az əhəmiyyətli cinayətlər üzrə müxtəlif sadələşdirilmiş prosedurların tətbiq edilməsinin zəruriliyindən danışmışdır.

Böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə aparılan məhkəməyədək sadələşdirilmiş icraatın təhqiqatın bir növü olduğu, onun ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı şəklində aparılan təhqiqatdan fərqləri və digər əhəmiyyətli halları barədə geniş məlumat vermişdir. Həmçinin 2015-ci ildən 2019-cu ilin 9 ayı ərzində Respublika ərazi və xətt polis orqanlarının təhqiqat işinin göstəriciləri barədə kursantlara məlumat verilmiş, müxtəlif illər üzrə təhqiqat göstəricilərinin artma və azalma faizləri müqayisəli şəkildə diqqətə çatdırılmışdır. Təhqiqat sahəsində mövcud problemlər, onların həlli yolları və bu sahənin işinin gələcəkdə daha da təkmilləşdirilməsinə dair müzakirələrə yer verilmişdir.

Dərs zamanı gələcək hüquqşünaslara praktiki fəaliyyəti dövründə cinayət-prosessual qanuvericiliyin tələblərinə ciddi əməl edilməsinin vacibliyi, DİN-in aidiyyəti normativ-hüquqi aktlarının tələblərini daim rəhbər tutmaları, həmçinin müvafiq tövsiyələr verilmişdir.
Dərsin sonunda kursantları maraqlandıran suallar cavablandırılmış, bəzi fikir və mülahizələr dinlənilmiş, xatirə şəkli çəkilmişdir.
Mühazirədə “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev və kafedranın baş müəllimi, polis mayoru Anar Mikayılov iştirak etmişlər.






Çap et  Çap et