Polis akademiyası

xəbərlər

Polis Akademiyasında “Tütünlə mübarizə aylığı” keçirilir

25.12.2019

 Polis Akademiyasında 27 noyabr 2019-cu il tarixində “Tütünlə mübarizə tədbirlərinin monitorinqi” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Akademiya rəisi, polis general-mayoru Nazim Əliyev açaraq Daxili İşlər Nazirinin polis əməkdaşlarının sağlamlıq vəziyyətini daim diqqət və nəzarətdə saxlaması, bu məqsədlə verilmiş müvafiq əmr və göstərişlər, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun”un icrası ilə əlaqədar Akademiyada görülən işlər barədə məlumat verib.
Sonra söz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadəyə verildi. Səbinə xanım Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya” və bununla bağlı respublikada aparılan işlər haqqında danışıb.
İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev “Tütün epidemiyası – prioritetlər və nailiyyətlər”  və Azərbaycan Respublikası Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin bölmə müdiri Adil Vəliyev “Tütünlə mübarizə sahəsində məqsədyönlü nəzarətin əhəmiyyəti” mövzularında geniş prezintasiya ilə çıxış etdilər. Prezintasiyada tütün məmulatlarından istifadənin insan orqanizminə vurduğu zərərlər və bunun nəticəsində ölümün statistikasında nəzərə çarpacaq dərəcədə dəyişikliyin əmələ gəlməsini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki Rafiq Nəcəfquliyev “Tütün əleyhinə tədbirlərin həyata keçirilməsində polisin rolu” mövzusunda çıxışında yerlərdə DİO əməkdaşlarının xidmət aparan zaman qanunvericiliyin tələblərinə əsasən sənədləşmənin aparılması məsələlərinə toxundu və izahlar verib.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva “Tütünlə mübarizə: təbliğat və təşviqat tədbirləri” mövzusunda çıxış edərək bu sahədə İSİM tərəfindən respublikada görülmüş işlər barədə məlumat verib və Akademiyada hal-hazırda elan edilmiş “Tütünlə mübarizə aylığı” çərçivəsində aparılan tədbirlərin təqdirəlayiq olmasını qeyd etib.
Sonda Akademiya rəisi Nazim Əliyev tədbirə yekun vuraraq xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Polis Akademiyasının kursantlarının birgəyaşayış tərzini nəzərə alaraq zərərli vərdişlərə qarşı belə profilaktiki görüşlərin keçirilməsinin davamlı olmasını tövsiyə edib və qonaqlara minnətdarlığını bildirib.
 Tədbir zamanı mövzu ətrafında hazırlanmış maraqlı slaydlar nümayiş etdirilib. Sağlam həyat tərzini təbliğ edən, zərərli vərdişlərə qarşı hazırlanmış bukletlər paylanılıb, eyni zamanda bütün kurslarda siqaretin tərgidilməsinin asan yolu və siqaretin insana zərəri ilə bağlı videorolik göstərilib.
Artıq Akademiyada  “Tütünlə mübarizə aylığı” çərçivəsində xidmət ayrılmış, təbliğatın müsbət mənada nəticəsi çox çəkməyib. Belə ki, siqaret çəkməyi tərgidənlərin sayı 56 nəfərə  (onlardan 1-ci kursda-13, 2-ci kursda-9, 3-cü kursda-16, 4-cü kursda-12, 5-ci kursda-6), eyni zamanda siqaret çəkməni tərgitməyə cəhd edənlərin sayı 87 nəfərə çatmışdır.
Tədbirlər davam etdirilir.







Çap et  Çap et