Polis akademiyası

xəbərlər

DİN-in Polis Akademiyasında «20 Yanvar» faciəsinin 30-cu ildönümü anıldı

21.01.2020

 «20 Yanvar» faciəsinin 30-cu ildönümü ilə əlaqədar Polis Akademiyasında bir sıra tədbirlər həyata keçirilmişdir. Ümumi kitabxanada və kursların yataqxanalarında «20 Yanvar» faciəsini əks etdirən fotostendlər quraşdırılmış, divar qəzetlərində məqalələr dərc olunmuş, kursant heyəti ilə «Qanlı Yanvar» mövzusunda yığıncaqlar keçirilərək həmin hadisələr barədə sənədli filmlər nümayiş etdirilmişdir. Akademiyanın kursant heyətinin «Şəhidlər xiyabanı»na ziyarəti təşkil edilərək şəhidlərin məzarları üzərinə tər çiçəklər qoyulmuşdur.
17 yanvar 2020-ci ildə DİN-in Polis Akademiyasında zabit, kursant heyətinin və DİN-in Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov, Bakı şəhər Veteranlar Şurasının sədri, istefada olan polis mayoru Emin Məmmədovun iştirakı ilə tədbir keçirilmişdir.

İlk öncə Ümummilli Liderimiz Heydər Əliyevin, «20 Yanvar» faciəsinin qurbanlarının, Vətənimizin ərazi bütövlüyü uğrunda, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra «20 Yanvar» faciəsinə həsr olunmuş sənədli-xroniki film nümayiş etdirilmişdir.  
Çıxış edən qonaqlar kursantlara xalqımızın müstəqilliyi, ərazi bütövlüyü, azadlığı uğrunda mübarizə əzmini aşılamaq məqsədilə o günlərin acı xatirələrini anmış, xalqımıza qarşı 20 yanvar gecəsi xüsusi amansızlıqla törədilən faciənin tarixi, baş vermə səbəbləri və nəticələri barədə geniş və ətraflı məlumat vermiş, eləcə də 1990-cı ilin yanvarında Ulu öndər Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyindən həmin hadisələrə verdiyi siyasi qiyməti xatırlatmış, verilən sualları cavablandırmışlar.


DİN-in Polis Akademiyası
 
  




Çap et  Çap et