DİN-in Polis Akademiyasının dəyişən heyətinin atıcılıq qabiliyyətinin gücləndirilməsi ilə əlaqədar 16 yanvar 2020-ci il tarixində əyani təhsil üzrə III kursun kursantları ilə döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, ekstremal vəziyyətlərdə silahın tətbiqi və istifadəsində sabit vərdişlərə yiyələnməsi və peşə sayıqlığının formalaşması məqsədilə “Ən yaxşı atıcı” adı uğrunda yarış keçirilmişdir.
Keçirilən yarışda Hərbi kafedranın baş müəllimləri, polis polkovnik-leytenantları Elşən Hacıyev və Elxan Quliyev, kafedranın müəllimi, polis mayoru Hikmət Şahhüseynov, kafedranın Tədris-metodiki kabinetinin rəisi, polis mayoru Aslan Rəhimov və kafedranın kiçik inspektor təlimatçısı, polis baş serjantı Natiq Məmmədov güllə atıcılığı üzrə yarışın keçirilməsini təşkil etmişlər.
Tədbirin açılışını elan edən Hərbi kafedranın rəisi, dos. Hacı Aslanov ilk olaraq yarışın mahiyyətini açıqlamış, həmçinin atəş hazırlığının polis əməkdaşı üçün əhəmiyyətindən bəhs edərək, kursantlara bununla bağlı gələcək fəaliyyətlərində tabel silahı ilə davranış və təhlükəsizlik qaydalarına riayət edilməsi üzrə öz tövsiyələrini bildirmişdir.
Əyani təhsil üzrə III kursun taqımları arasında təşkil olunan yarışın nəticələrinə görə I yerə III kursun 3-cü taqımının komandası ümumilikdə 132 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Şəxsi birincilikdə isə III kursun 3-cü taqımının kursantı, Ələsgər Burcalıyev yüksək nəticələr əldə edərək birinci yeri tutmuşdur. Tədbirin yekununda qalib komandaya keçici kubok təqdim edilmişdir.