Polis akademiyası

xəbərlər

İyulun 1-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2009-2010-cu tədris ilinin buraxılışına və Azərbaycan Polisinin yaranmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirildi.

01.07.2010

 Nazir müavinlərinin, aidiyyəti xidmət rəislərinin, Olimpiya oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin də iştirak etdiyi tədbirdə Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri Ramil Usubova raport verdi. Sonra cənab nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisələr - Azərbaycan Polisi günü və tədris ilinin buraxılışı münasibəti təbrik etdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi  bütövlüyümüz uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın dövlət himni səsləndirildi.
Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev bu ali polis təhsili ocağının keçdiyi yol, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, daxili işlər orqanları üçün yüksək ixtisaslı zabit kadrların hazırlanması istiqamətində son illər görülmüş işlər barədə ətraflı çıxış etdi. O qeyd etdi ki, Akademiya yarandığı gündən onun əsaslı maddi-texniki bazasının təşkilinə, peşəkar elmi kadrlarla təmin olunmasına, tədris proqramlarının, dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına, kafedrada fənn otaqlarının təşkilinə xüsusi fikir verilmişdir.  DİN rəhbərliyinin gündəlik diqqət və qayğısı sayəsində Polis Akademiyasında təhsilin müasir tələblər səviyyəsinə qaldırılması üçün əməli işlər görülmüş və bu istiqamətdə fəaliyyət müntəzəm olaraq davam etdirilir. Bildirildi ki, 2009-2010-cu tədris ilində Polis Akademiyasını əyani fakültə üzrə 116, qiyabi fakültə üzrə 145, ümumilikdə, 261 məzun bitirir.
Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş polis baş leytenatı Moşu Paşayev onlara göstərilən diqqət və qayğıya, aldıqları bilik və təcrübəyə görə DİN rəhbərliyinə və müəllim heyətinə minnətdarlığını bildirdi.
General-polkovnik Ramil Usubov əlamətdar hadisələr - Azərbaycan Polisi günü və tədris ilinin buraxılışı münasibətilə möhtərəm Prezidentmiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırdı. Daxili işlər naziri  92 illik tarixə malik Azərbaycan Polisinin keşməkeşli olduğu qədər şərəfli bir yol keçdiyini, müxtəlif mərəhələlərdə hansı adla fəaliyyət göstərməsindən asılı olmayaraq, vətənə, xalqa və anda sədaqətlə və ləyaqətlə xidmət etdiyini, polis orqanlarının zamanın bütün sınaqlarından mətinliklə çıxdığını, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini vurğuladı.
 Daxili işlər naziri polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətli xidmət ənənəsinin başlanğıcının ümummilli lider  Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu xüsusi qeyd edərək məhz ulu öndərin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə dövlət qayğısının güclənməklə xalqa sədaqətli kadrların irəli çəkilməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi önəm verildiyini, şəxsi heyətin Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Ermənistanın  təcavüzünə qarşı mübarizənin ön sıralarında mərdliklə döyüşərək yüzlərlə şəhid verdiyini vurğuladı.
Qeyd olundu ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ulu öndərin rəhbərliyi altında artıq müstəqil Azərbaycana xidmət missiyasını yerinə yetirməyə başlayan daxili işlər orqanlarının əməkdaşları və hərbi qulluqçular bu şərəfli vəzifələrin də öhdəsindən fədakarlıqla gəldilər. Ölkənin hüquq-mühafizə orqanları ilə çiyin-çiyinə dövlət çevrilişinə cəhdlərin və terror aktlarının qarşısının alınmasında, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və quldur dəstələrinin ləğv edilməsində, əllərdə qanunsuz saxlanılan odlu silahların yığılmasında qətiyyət nümayiş etdirdilər. Qürurverici haldır ki,  ümummilli liderimizin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyin qorunub saxlanılması, gələcək inkişafı naminə sabitliyin yaradılması ilə bağlı gördüyü əzəmətli işlərdə polisin də layiqli əməyi olub.
Nazir xüsusilə qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşması üzrə həyata keçirdiyi davamlı tədbirlər Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynayıb, möhtərəm dövlət başçımızın ali diqqət və qayğısı sayəsində sahəvi xidmətlərin, orqan və hissələrin yeni məlumat və axtarış texnologiyaları, avadanlıq və vasitələr ilə təmin olunması, şəxsi heyətin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb.
Əməkdaşların ən yüksək tələblərə cavab verən şəraitdə, xalqın və dövlətin maraqlarına uyğun səmərəli fəaliyyəti üçün hər cür imkanlar yaradılıb və bu sahələrdə iş davam etdirilir. Bütövlükdə respublikamızda gedən sürətli iqtisadi inkişaf  ictimai asayişin və qanunçuluğun qorunması işini müasir tələblər səviyyəsinə  yüksəldib, eyni zamanda fəaliyyətə şəffaflıq və sosial yönümlülük verilməsinə, vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin güclənməsinə öz müsbət təsirini göstərib. Təsadüfi deyil ki, şəxsi heyət ölkəmizin tərəqqisi, qüdrətlənməsi, xalqın rifah halının yaxşılaşdırılması üzrə cənab Prezidentin uğurla həyata keçirdiyi möhtəşəm tədbirlərin əsas təminatlarından olan daxili sabitliyin qorunmasında professionallığı və nümunəvi xidməti ilə daim seçilir. Sevindirici haldır ki, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, peşəkar kadr potensialına malik daxili işlər orqanları müasir dövrün çağırış və təhdidlərinə adekvat cavab verməyə tam qadirdir.
 Daha sonra daxili işlər naziri ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin və ictimai qaydanın nümunəvi təmin edilməsinin uğurlu nəticələri barədə təntənəli mərasim iştirakçılarına ətraflı məlumat verdi.
Müdavimlərin beş il Polis Akademiyasında mükəmməl təhsil aldıqlarını, müxtəlif biliklərə yiyələndiklərini nəzərə çatdıran cənab nazir bu bilik və vərdişlərin praktikada uğurlu tətbiqinə, Azərbaycan Polisinin gələcəyi olan məzunların DİO-nun ən yaxşı ənənələrini davam etdirəcəklərinə əminliyini bildirdi. Onlara vətənə məhəbbət, dövlətçiliyə sədaqətlə xidmət etməyi və Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanlarının qarşısında qoyduğu yüksək tələblərə uyğun fəaliyyət göstərmələrini, vətəndaşlarımızın həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə və ictimai təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzuladı.
Çıxışının sonunda cənab Ramil Usubov bütün şəxsi heyət adından möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin etdi ki, daxili işlər orqanlarının əməkdaşları öz andına sadiq qalaraq qanunla müəyyən edilmiş mühüm və şərəfli vəzifələri, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, xalqa,  Vətənə sədaqətlə xidmət edəcəkdir.




Çap et  Çap et