Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsi

Azərbaycan Respublikası DİN-in 18 iyun 1992-ci il tarixli 346 nömrəli əmrinə əlavə olunmuş DİN-in Polis Akademiyası haqqında “Əsasnamə”sinin (hazırda qüvvədən düşmüşdür) 2.9-cu bəndində göstərilirdi ki, Akademiyada struktur bölmələrinin elmi-tədqiqat işinin planlaşdırılması, əlaqələndirilməsi, habelə redaksiya-nəşriyyat fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq şöbə yaradılır. Əmrin 2.10-cu bəndindəki müddəaya əsasən elmi struktur bölmə kimi yaradılan şöbənin vəzifələrinə DİO-nun qarşısında duran aktual problemlərin tədqiqinin təşkili və peşəkar kadr hazırlığı prosesinin təkmilləşdirilməsinin təmin edilməsi daxil idi.
Ali təhsil və elmi mərkəz kimi 28 sentyabr 1992-ci il tarixdən fəaliyyətə başlayan Polis Akademiyasının struktur bölmələri sırasında Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsi də var idi. Şöbə həmin statusla 2001-ci ilədək fəaliyyət göstərmişdir. DİN-in 13 dekabr 2001-ci il tarixli 485 nömrəli əmri ilə həmin şöbə ayrı-ayrı struktur bölmələri kimi müvafiq olaraq Elmi-tədqiqat şöbəsinə və Redaksiya-nəşriyyat bölməsinə çevrildi.
Hal-hazırda Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində 1 rəis, 1 baş inspektor, 1 elmi əməkdaş, 1 baş inspektor-korrektor və 2 operator olmaqla 6 əməkdaş xidmət edir.
 

 
Şöbədə həm elmi-tədqiqat, həm də redaksiya-nəşriyyat fəaliyyəti həyata keçirilir. Professor-müəllim heyətinin elmi fəaliyyətinə daxil olan tədbirlərin, o cümlədən onların öz elmi-nəzəri səviyyəsinin, təhsilalanların isə bilik və bacarıqlarının artırılmasında rolu şöbədə müəyyənləşdirildikdən sonra həmin tədbirlər Akademiyanın illik elmi-tədqiqat işlərinin tematik planına təqdim edilir. Akademiyanın əməkdaşlarının tərtib etdikləri dərslik, dərs vəsaiti, tədris proqramı, sxemlər albomu, metodiki vəsait, monoqrafiya və sair poliqrafik materiallar nəfis şəkildə şöbə tərəfindən nəşr edilir.
Şöbənin nəzarəti və tövsiyələri əsasında Akademiyada fəaliyyət göstərən “Kursant Elmi Cəmiyyəti” kursantları elmi yaradıcılığa cəlb edir, onlarla birgə elmi konfrans, seminar və bilik müsabiqələri təşkil edir ki, bu barədə növbəti paraqrafda daha ətraflı bəhs ediləcək.
Təhsil Nazirliyinin ənənəvi olaraq keçirdiyi doktorantların və gənc tədqiqatçıların elmi konfranslarının işində professor-müəllim heyətinin üzvləri də fəal iştirak edir, onlar apardıqları elmi-tədqiqat işlərinin yekunları barədə respublikanın elmi ictimaiyyətinin aparıcı mütəxəssisləri qarşısında məruzələr etməklə sertifikatlarla təltif olunurlar.
Şöbə eyni zamanda zabit-müəllim heyətinin üzvləri tərəfindən seçilən dissertasiya mövzularının Akademiyanın elmi şurasında müzakirə edilməsi və bəyənilməsi, həmçinin elmi adların (dosent, professor) verilməsi üzrə vəsatətin qaldırılması və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təsdiq olunması üçün göndərilməsi işlərini təşkil edir. Şöbə tərəfindən professor-müəllim heyəti arasında dissertasiya işi üzərində elmi tədqiqatların aparılmasının zəruriliyi barədə təbliğat işi mütəmadi olaraq həyata keçirilir.
Hazırda DİN-in Polis Akademiyasında 49 zabit və 6 mülki əməkdaş olmaqla 55 nəfər elmi-pedaqoji fəaliyyətlə məşğul olur, 18 nəfər əməkdaşın elmi dərəcəsi vardır ki, onlardan 1 nəfər elmlər doktoru, 17 nəfər isə fəlsəfə doktorudur. 13 nəfər əməkdaşın elmi adı vardır ki, onlardan 1 nəfər professor, 12 nəfər dosentdir. Doktorant və dissertantlar isə 21 nəfərdir ki, onlardan Akademiyanın əməkdaşları olmaqla fəlsəfə doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar 17 nəfər, Akademiyanın əməkdaşları olmaqla elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar isə 4 nəfərdir. Akademiyada fəlsəfə doktorluğu üzrə təhsil alan 12 nəfər doktorant və dissertantın 4 nəfəri Akademiyanın əməkdaşıdır.
Tədris planlarında nəzərdə tutulmuş fənlərin tədris-metodiki materiallarla təmin olunması, müxtəlif fənn proqramlarının, metodik vəsaitlərin, dərslik və dərs vəsaitlərinin, broşür, albom, plakat, buklet, açıqcaların, məcmuələrin, elmi-metodik və konfrans materiallarının, məlumat bülletenlərinin və digər materialların redaktə edilməsi, çapa hazırlanması və nəşrində, habelə informasiya mənbələri ilə təmin olunmasında Akademiyanın “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin xüsusi rolu vardır. Şöbədə redaksiya-nəşriyyat materiallarının hazırlanması Akademiyanın daxili imkanları hesabına maliyyələşdirilir.
Polis Akademiyasının nəşriyyatı 2002-ci ildən fəaliyyətə başlamışdır. Mətbəənin maddi-texniki bazası gücləndirilmiş və günün tələblərinə uyğun yeni texnoloji avadanlıqlarla təchiz olunmuşdur.
Şöbə eyni zamanda aşağıda göstərilən istiqamətlər üzrə də fəaliyyətini uğurla həyata keçirir:
- “Akademiyanın elmi xəbərləri” elmi-hüquq jurnalının redaksiya işini;
- Opponentlik və dissertasiya işinə aparıcı təşkilat olaraq rəylərin verilməsini;
- Dissertasiya şuralarında, müdafiələrdə professor-müəllim heyətinin iştirakını;
- Beynəlxalq və ikitərəfli proqramlar çərçivəsində xarici elmi qurumların fəaliyyətində iştirakı əks etdirən əməkdaşlıq, həmçinin digər təşkilatlarla birgə həyata keçirilən proqram və layihələr, təşkil olunmuş beynəlxalq və milli tədbirlər, innovasiya sahəsində fəaliyyət;
- Kursant Elmi Cəmiyyətinin (KEC) işinin təşkili.
Polis Akademiyasında əməkdaşların elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, onların elmi potensialından səmərəli istifadə edilməsi, elmi nəticələrin təcrübədə istifadə olunmasının genişləndirilməsi məqsədilə hər il beynəlxalq və respublika miqyaslı elmi-praktik konfranslar, seminarlar, dəyirmi masalar və viktorinalar keçirilir.
Elmi-praktik konfransların keçirilməsində əsas məqsədlər sırasında hüquq elmləri üzrə alimləri, tədqiqatçıları, eyni zamanda hüquq-mühafizə orqanlarında çalışan əməkdaşları bir araya gətirmək, aparılmış araşdırmaların nəticələrini bölüşmək, həmçinin bu sahədə mövcud problemlərin həlli yollarını tapmaq mühüm yer tutur. Konfransların keçirilməsi əldə olunmuş elmi nailiyyətlərin və təcrübələrin paylaşılması və müzakirəsi üçün şərait yaradır.
Akademiyanın təşkilatçılığı ilə keçirilmiş elmi-praktik konfranslar hüquq elminin aktual problemlərinə həsr olunmaqla daha geniş tədqiqatçı kütləsini əhatə etmişdir.
Cinayətkarlığın müasir inkişaf meyllərini və xarici ölkələrin polis təhsil müəssisələrinin təhsil və elmi resurslarının öyrənilməsi məqsədilə DİO-nun inzibati fəaliyyəti kafedrasının təşkilatçılığı ilə Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda dörd və “Ailə-məişət zorakılığının sosial-psixoloji, cinayət-hüquqi və kriminoloji problemləri” mövzusunda bir beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənmək məqsədilə 2013-cü il dekabr ayının 18-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda I beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Konfransda əcnəbi alimlərdən JUSTO Avropa İnstitutunun “Cinayətkarlığa qarşı mübarizənin hüquqi vasitələri” kafedrasının müdiri, h.e.d., professor Qolik Yuri Vladimiroviç, Rusiya Dövlət Ticarət-İqtisadi Universitetinin cinayət hüququ və proses kafedrasının müdiri, h.e.d., professor Catiyev Vladimir Soltanoviç, “Odessa Hüquq Akademiyası” Milli Universitetinin kriminologiya və cəza-icra hüququ kafedrasının rəis müavini, h.e.n., dosent Melniçuk Tatyana Vladimirovna iştirak etmişlər.
Konfransda vurğulanmışdır ki, son dövrlər cinayətlərin yeni növlərinin yaranması, cinayətkarlığın kəmiyyət və keyfiyyət göstəricilərinin dinamik dəyişkənliyinin artması şəraitində regional cinayətkarlığın konseptual səviyyədə araşdırılması zəruridir.
Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda II beynəlxalq elmi-praktik konfrans isə 2014-cü il oktyabr ayının             21-də keçirilmişdi.
Qloballaşma şəraitində cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək məqsədilə keçirilən konfransda yerli tədqiqatçılarla yanaşı, əcnəbi alimlərdən Belarus Respublikası DİN-in Mogilyov İnstitutunun rəisi, polis general-mayoru Polişuk Valeri Nikolaeviç, JUSTO Avropa İnstitutunun “Cinayətkarlığa qarşı mübarizənin hüquqi vasitələri” kafedrasının müdiri, h.e.d., professor Qolik Yuri Vladimiroviç, O.E.Kutafin adına Rusiya Dövlət Hüquq Universitetinin professoru, h.e.d., professor Catiyev Vladimir Soltanoviç, Rusiya Kriminoloji Assosasiyasının vitse-prezidenti Varıqin Aleksandr Nikolayeviç, Rusiya Kooperasiya Universitetinin Çeboksar Kooperativ İnstitutunun “Kriminologiya və hüquq-mühafizə orqanları” kafedrasının müdiri, h.e.d., professor Kirillov Mixail Andreyeviç, M.V.Lomonosov adına Şimali (Arktiki) Federal Universitetinin “Cinayət hüququ və prosesi” kafedrasının müdiri, h.ü.f.d., dosent Maşinskaya Natalya Viktorovna, Türkiyə Cümhuriyyətindən dr. Tuba Topçuoğlu, Ukrayna Respublikasından Strus Vasiliy Mixayloviç, Françuk Vasiliy Valeryeviç, Belarus Respublikasından Şkalperov Yuriy Pavloviç, Moldovadan Babin Oleq Nikolayeviç, Jitar Viktoriya Dmitriyevna, Tacikistan Respublikasından Yuldoşev Rifat Raxmatconoviç, Aripov Anvar Lutfiloyeviç iştirak etmişlər.
Konfransda xüsusilə qeyd edildi ki, mürəkkəb və ziddiyyətli məzmuna malik qloballaşma prosesi cinayətkarlığın sistemli və detallaşdırılmış təhlilini, profilaktik tədbirlərin strateji əsaslarının yaradılması istiqamətlərinin araşdırılmasını, cinayətkarlığın beynəlxalq və regional problemlərinin öyrənilməsini zəruri edir.
Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda III beynəlxalq elmi-praktik konfrans 2015-ci il oktyabr ayının 16-da keçirildi.
Ölkəmizin, həmçinin Rusiya Federasiyası və Qazaxıstan Respublikasının tanınmış hüquqşünas alimlərinin iştirakı ilə keçirilən beynəlxalq elmi-praktik konfransda öyrənilən kriminoloji hadisələrin mürəkkəbliyinin tədqiqatların da qarşısında ənənəvi üsullarla yanaşı, yeni metodların tətbiq olunması, kriminoloji informasiyanın toplanması və təhlili sisteminin təkmilləşdirilməsi, cinayətkarlığın inkişaf qanunauyğunluqlarının və neqativ meyllərinin öyrənilməsi kimi vəzifələr qoyması qeyd edilmişdir. Göstərilən vəzifələrin həllinə yönəlmiş kriminoloji tədqiqatların əsas istiqamətlərindən biri də cinayətkarlığın regional tədqiqidir.
Məhz regional kriminoloji təhlillər ümumi görüntünün yox, daha dəqiq və təfsilatlı məlumatlar arasında cinayətkarlığın vahid və dolğun mənzərəsinin yaradılmasına istiqamətləndirilmişdir. Cinayətkarlıq ayrı-ayrı regionların fərqli iqtisadi, sosial, mədəni-ənənəvi xüsusiyyətləri kimi dəyişkən xarakter daşıyır.
2017-ci il oktyabr ayının 20-də keçirilən “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda IV beynəlxalq elmi-praktik konfransda Rusiya Federasiyası, Gürcüstan, Belarus və Ukrayna Respublikalarının tanınmış hüquqşünas alimlərinin, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının və onların xüsusi təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.
Konfransda məqalə və tezislərlə çıxış edən müəlliflərin gəldiyi əsas qənaət bundan ibarət olmuşdur ki, cinayətkarlığın kriminoloji tədqiqi sahəsində qarşılıqlı əlaqələrin yaradılması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və etibarlı tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir.
Bu səbəbdən regional cinayətkarlığın kriminoloji tədqiqinə həsr edilmiş beynəlxalq elmi-praktik konfransların keçirilməsi ənənəsi etibarlı qarşılıqlı əlaqələr naminə gələcəkdə də davam etdirilməlidir. Cinayətkarlığa qarşı mübarizə işi yüksək səriştə, bacarıq və vərdişlər tələb etsə də, cinayətkarlığın, həmçinin onun inkişafına təsir edən sosial-neqativ təzahürlərin mürəkkəb məzmunu tədqiq edilmədən strateji hədəfləri müəyyənləşdirmək qeyri-mümkündür.
Hüquqpozmaların qarşısının alınmasına yönəlmiş fəaliyyət elmi təməl üzərində qurulmalı və təcrübi problemlərin tədqiqi vasitəsilə real mübarizə tədbirlərinin uğurlu istiqamətləri müəyyən edilməlidir.
“DİO-nun inzibati fəaliyyəti” kafedrasının əməkdaşları tərəfindən  təşkil edilmiş elmi-praktik konfranslardan biri də cəmiyyətimizi narahat edən və kifayət qədər nəzəri və təcrübi problemlərlə zəngin olan “Ailə-məişət zorakılığının sosial-psixoloji, cinayət-hüquqi və kriminoloji problemləri” mövzusu ilə bağlıdır. Adı çəkilən mövzuya həsr edilmiş beynəlxalq elmi-praktik konfrans 29 fevral 2016-cı il tarixində keçirilmişdir.
Konfransda ölkəmizlə yanaşı Rusiya Federasiyasının və Türkiyə Respublikasının hüquqşünas alimləri və bu sahədə çalışan mütəxəssisləri iştirak etmişlər.
Kafedranın təşkilatçılığı ilə keçirilən konfranslardan biri də “Azərbaycan polisinin tarixi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransdır.  Azərbaycan Polisinin 100 illik yubileyinə həsr edilmiş konfrans 20 iyun 2018-ci il tarixdə keçirildi. Konfransda Rusiya Federasiyasının M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Mülki proses” kafedrasının dosenti, h.e.n. Sergey Moiseyev, N.İ.Lobaçevskiy adına Nijni Novqorod Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, “Cinayət hüququ və prosesi” kafedrasının dosenti, h.e.n., dosent Svetlana Tixonova, Saratov Dövlət Hüquq Akademiyası “Cinayət və cəza-icra hüququ” kafedrasının dosenti, h.e.n. İrina Yefremova və ölkəmizin hüquq-mühafizə orqanlarının əməkdaşları, alim və mütəxəssisləri iştirak etmişlər.
2018-ci il oktyabr ayının 18-də DİN-in Xəzri istirahət və sağlamlıq mərkəzində “Ailə-məişət zorakılığı” mövzusunda 14 dövlətdən 33 nümayəndənin iştirakı ilə beynəlxalq elmi-praktik konfrans keçirildi. Avropa Polis Kollecləri Assosiasiyasının razılığı ilə DİN-in Polis Akademiyası tərəfindən keçirilən konfransı Azərbaycan Respublikası Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov giriş sözü ilə açmış, konfransın keçirilməsinin tarixi əhəmiyyətini vurğulamışdır.
Konfransda Avropa Polis Kollecləri Assosiasiyasının prezidenti cənab Norbert Leytner çıxış edərək, keçirilən tədbirin hər bir ölkə üçün faydalı olacağını vurğulamış, tərəfdaşlıq və dostluq mühitinin inkişaf və tərəqqiyə aparan yeganə yol olduğunu qeyd edərək hamını qarşılıqlı əməkdaşlığa dəvət edən çağırış səsləndirmişdi.
Konfransda iştirak edən müxtəlif ölkə və beynəlxalq qurumları təmsil edən nümayəndələr mövzu ətrafında geniş fikir mübadiləsi aparmışlar. ATƏT-in polisdə islahatlar üzrə məsləhətçisi Karl Anders “ATƏT-in Polis Akademiyaları şəbəkəsində strateji polis məsələləri" mövzusunda çıxış edərək, əsas hədəflərinin aşağıdakılardan ibarət olduğunu bildirmişdi:
- mövcud hüquq-mühafizə təlim kursları haqqında məlumat əldə etmək;
- polisdə onlayn əməkdaşlıq platforması yaratmaq;
- avropa polis təhsil müəssisələri ilə əlaqələrin möhkəmləndirilməsi.
Karl Anders çıxışında effektiv cəza ədliyyə sisteminin istiqamətləri və ailə-məişət zorakılığına qarşı mübarizə üzrə həyata keçirilən proqramlar haqqında iştirakçıları məlumatlandırmış, qeyd etmişdir ki, əsas məqsədləri polis əməkdaşlarının peşə biliklərinin, bacarıqlarının və texniki imkanlarının artırılması təşkil edir.
"Ailə-məişət zorakılığının mövcud durumu və profilaktikası" adlı mövzunun təqdimat edən Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov bildirmişdir ki, hüquq pozuntularına qarşı effektiv profilaktik tədbirlər ailələrdən başlanılmalıdır. Konfrans iştirakçılarının diqqətinə çatdırılan təqdimatda ailə-məişət zəminində törədilən cinayətlərin ümumi cinayətlərin strukturunda yeri, əsas kəmiyyət və keyfiyyət göstəriciləri haqqında məzmunlu izahlar verilmiş,  ailə-məişət zorakılığı əsnasında cinayətin törədildiyi konkret yerin, qurbanla qarşılıqlı əlaqələrin, ailə münaqişəsinin uzunmüddətli və ya situativ olmasının, zorakılığın formasının, sərxoş vəziyyətdə törədilib-törədilməməsinin, tərəflərin sosial-psixoloji əlamətlərinin öyrənilməsi zəruri hallar kimi qeyd olunmuşdur.
Konfransda Polis Akademiyasını təmsil edən Vüqar Mansurov ailə münaqişəsi zəminində cinayət törədənlərin tipologiyasını apararaq, bu sahədə arzu olunan nəticələrin əldə olunması üçün ailə mediyasının yaradılmasını və qabaqcıl Avropa təcrübəsinin öyrənilməsinin zəruriliyi kimi olduqca mühüm bir məsələyə toxunmuşdur.
“Yetkinlik yaşına çatmayanlar arasında ailə-məişət zorakılığı” mövzusunda çıxış edən Latviya dövlət polis rəisinin müavini Artis Vels bu sahədə ölkəsində aparılan islahatlar, xüsusilə orta məktəblərdə polisin uşaqlarla apardığı profilaktik tədbirlərin məzmunu haqqında təqdimatını iştirakçıların diqqətinə çatdırmışdır.
Litva polis məktəbinin rəisinin müavini Mindauvas Bilius təqdimatında uşaqlara qarşı zorakılığın formaları və onların qarşısının alınmasında qarşılıqlı əlaqələrin vacibliyinə toxunaraq, uşaq hüquqlarının qorunması nəinki səlahiyyətli şəxslərin, həmçinin bütün cəmiyyətin işi olmasını qeyd etmişdir. O, bu sahədə aktual məsələləri tədqiq edərək vurğulamışdır ki, ailə-məişət zorakılığına yol vermiş şəxslərin və onların qurbanlarının vahid uçotunun aparılması profilaktik fəaliyyətə cəlb edilmiş qüvvələrin rasional bölgüsünün əsas şərtlərindən biridir.
 “Ahıl şəxslərə qarşı məişət zorakılığı” mövzusunda çıxış edən Türkiyə Respublikası Polis Akademiyasının nümayəndəsi, professor Ufuk Ayhan Türkiyədə ailə-məişət zorakılığına qarşı mübarizə aparan qurumların fəaliyyəti, həmçinin son zamanlar bu sahədə keçirilmiş sorğuların nəticələri haqqında məlumat vermiş, ailə zorakılığına təsir edən ən böyük hallardan birinin müharibə aparılan bölgələrin mövcudluğu olmasını göstərmişdir.
Norveç Polis Kollecinin nümayəndəsi Aas Qeyr “Norveçdəki ailə zorakılığı” mövzusunda olan təqdimatında ailə zorakılığının vəziyyəti, qanunvericilik bazası, polisin fəaliyyətinin taktiki üsulları haqqında təhlillər aparmışdır.
Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının təşəbbüsü ilə BMT, Avropa Şurası, ATƏT-in ekspertləri tərəfindən Polis Akademiyasında treninqlər, seminarlar, konfranslar keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması haqqında” Milli Fəaliyyət Proqramının icrası ilə bağlı Daxili İşlər Nazirliyinin 31 yanvar 2012-ci il tarixli tədbirlər planına uyğun olaraq, kafedranın təşəbbüsü ilə Polis Akademiyasında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Azərbaycan Respublikası Ombudsman aparatı, Azərbaycan Hüquqşünaslar Konfederasiyası, AMEA-nın İnsan hüquqları üzrə Elmi-tədqiqat İnstitutu və Polis Akademiyasının birgə təşkilatçılığı ilə 2013-cü ilin noyabr ayının 28-də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyinə həsr olunan “Müasir dövrdə insan hüquqlarının təminatının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə ölkəmizlə yanaşı, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT-nin insan hüquqları üzrə müşaviri, Rusiya Federasiyası və Ukrayna Respublikasından alimlər və mütəxəssislər, eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Təşkilat komitəsinin təşəbbüsü ilə konfransın gedişatını işıqlandıran və konfransda iştirak edən şəxslərin elmi məqalələrini ehtiva edən jurnal hazırlanmışdır.
 “Dövlət və hüquq nəzəriyyəsi” kafedrası əməkdaşlarının təşəbbüsü ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı, Azərbaycan Respublikasının Milli Məclisi, Konstitusiya Məhkəməsi, Ombudsman aparatı, AMEA-nın İnsan hüquqları İnstitutu, Hüquqşünaslar Konfederasiyası və digər təşkilatlarla açıq seminarlar, dəyirmi masalar keçirilmişdir. Yuxarıda göstərilən tədbirlərdə mütləq qayda kimi kursant və dinləyicilərin iştirakı təmin edilmişdir. Belə ki, keçirilən bütün tədbirlərin prioritet məqsədi kursantların bilik səviyyəsini artırmaq, onlarda demokratik dünyagörüşü formalaşdırmaqdan ibarətdir.
Cinayətkarlığın müasir inkişaf meyllərinin elmi-tədqiqinə yönəlmiş bu cür konfransların nəticələri aşağıdakı istiqamətlərdə tətbiq edilmişdir:
- cinayətkarlığın kriminoloji tədqiqinə həsr edilmiş çoxlu sayda məqalələri özündə birləşdirən konfrans materiallarından ibarət elmi-nəzəri baza formalaşmışdır;
- tədqiqatların nəticələri müsbət təcrübə kimi tədris prosesində istifadə edilmiş, diskussiya və polemikalar obyektinə çevrilmişdir;
- ölkədaxili, həmçinin xarici ölkələrin hüquqşünas alimləri, ali təhsil müəssisələri ilə sabit və uzunmüddətli əlaqələr formalaşmışdır;
- mütəmadi keçirilən tədbirlərə nəinki hüquqşünas alimlər, həmçinin hüquq-mühafizə orqanlarının aparıcı mütəxəssisləri cəlb edilmişdir ki, bu da nəzəriyyə ilə təcrübənin vəhdətindən irəli gələn yanaşma tərzinin formalaşdırılmasına xidmət edir.
Qeyd olunanlar keçirilmiş elmi-praktik konfransların hüquq elminin inkişafında müstəsna əhəmiyyət daşıdığını göstərir.

Geriyə | Çap versiyası