xəbərlər

Polis Akademiyasının kursantları Hərbi Qənimətlər Parkını ziyarət ediblər

10.05.2021

09 may 2021-ci il tarixində Polis Akademiyasının I-IV kurslarının kursantları Xətai rayonu ərazisində açıq səma altında salınan parkda 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika  ilə tanış olublar.
 Xatırladaq ki, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub.

Kursantlar  Parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyata baxıblar. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Parkdakı eksponatların arasında kursantlar Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiyaya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlara, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqlarına da baxıblar.
Hərbi Qənimətlər Parkının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb edir,  bu Park gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək.


Geriyə | Çap versiyası