xəbərlər

Polis Akademiyasının 100 illik yubileyinə həsr olunmuş Respublika Ali təhsil müəssisələrinin tələbələrinin və Akademiyanın Kursant Elmi Cəmiyyətinin üzvlərinin birgə iştirakı ilə elmi-praktiki konfrans keçirilmişdir

24.06.2021

2021-ci ilin iyunun 24-də DİN-in Polis Akademiyasının 100 illik yubileyinə həsr olunmuş “Qətimkan tədbirləri və onların seçilməsində nəzərə alınan hallar: nəzəriyyə və müasir təcrübə”  mövzusunda Kursant Elmi Cəmiyyətinin və “Cinayət prosesi” kafedrasının təşkilatçılığı ilə onlayn formatda Respublika Ali təhsil müəssisələrinin təhsilalanlarının elmi-praktik konfransı keçirilib. Konfransda DİN-in Polis Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının professor-müəllim heyətinin nümayəndələri və təhsilalanları iştirak ediblər.
Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov konfransda çıxış edərək bildirib ki, Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Eyni zamanda döyüş meydanında şücaətli Azərbaycan Ordusunun 44 gün ərzində əldə etdiyi tarixi qələbə ölkəmizin İkinci Qarabağ müharibəsindəki  hərbi-diplomatik qələbəsini şərtləndirdi.

C.Daanov Polis Akademiyasının 100 illik tarixi inkişaf yolu barədə məlumat verərək, akademiyada müxtəlif formatlarda və mövzularda çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Akademiya rəisi təhsilalanların elmi-tədqiqat fəaliyyətinə xüsusi diqqət yetirildiyini vurğulayaraq konfransın əhəmiyyətini qeyd edib və  konfransın işinə uğurlar arzulayıb.
Daha sonra tədbirdə Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının professoru, h.ü.e.d. Midhəd Qəfərov çıxış edərək bildirmişdir ki, tələbələrin belə elmi-praktik konfranslarda iştirakı və mövzu ətrafında çıxışları təqdirəlaiq hesab olunmaqla Ali təhsil müəssisələri arasında elmi əlaqələrin qurulması və inkişafı baxımından müsbət qiymətləndirilir,  gələcəkdə belə tədbirlərin davamlı olması vacibdir.
Polis Akademiyasının 4-cü kurs tələbələri qətimkan tədbirlərinin tarixi-hüquqi aspektləri və azadlığın məhdudlaşdırılması ilə əlaqədar olmayan qətimkan tədbirlərinin seçilməsində nəzərə alınmalı olan hallar mövzularında çıxışlar etmişdir. Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Polis Akademiyasının professor-müəllim heyəti, magistrantları, kursant və tələbələri çıxış edərək qüvvədə olan cinayət-prosessual qanunvericiliyin aidiyyəti müddəalarının şərhi, xarici ölkələrin eyni adlı qanunvericiliyi ilə müqayisəli təhlili, həmçinin mövcud təcrübi problemlər barədə və bu mövzunun aktuallığını qeyd ediblər.
Tədbirin sonunda “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dos. Səyyad Ağayev konfrans iştirakçılarına Polis Akademiyası adından təşəkkürünü bildirmiş, təşkilati cəhətdən köməklik göstərmiş Akademiyanın Kursant Elmi Cəmiyyətinin sədri, polis polkovniki,  h.ü.f.d., dos.Rəşad Məmmədova minnətdarlığını bildirmişdir.
Maraqla qarşılanan məruzələr konfrans iştirakçılarının geniş müzakirəsinə səbəb olub.




Geriyə | Çap versiyası