xəbərlər

Polis Akademiyasının əməkdaşları narkomaniyaya qarşı mübarizə ilə bağlı keçirilən maarifləndirici-profilaktik tədbirdə iştirak ediblər

16.04.2024

16 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə “Narkomaniya sosial bəladır”, “Zərərli vərdişlərə yox deyək” və “İnternetdən təhlükəsiz istifadə” mövzularında maarifləndirici-profilaktik tədbir keçirilib.

Tədbirdə Akademiyanın “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru”nun üzvləri - Mülki hüquq kafedrasının baş müəllimi, polis kapitanı Ata Vəliyev və Cinayət hüququ kafedrasının müəllimi, polis baş leytenantı İmamverdi Rəhimov, eyni zamanda Nəsimi RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Bəxtiyar Vəliyev, həmin bölmənin əməkdaşları, məktəbin direktoru, pedaqoji heyəti və 7-9-cu sinif şagirdləri iştirak ediblər.

Tədbir zamanı “Cinayət hüququ” kafedrasının müəllimi, polis baş leytenantı İmamverdi Rəhimov “Narkomanlığın neqativ fəsadları və profilaktikası” və “Zərərli vərdişlərə yox deyək” mövzularında çıxış edərək ölkəmizdə narkotik cinayətkarlığının sosial neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları, eləcə də digər zərərli vərdişlər və onlardan qorunma yolları barədə məktəblilərə məlumat verib.

Daha sonra sektorun üzvü Mülki hüquq kafedrasının baş müəllimi, polis kapitanı Ata Vəliyev “İnternetdən təhlükəsiz istifadə” mövzusunda çıxış edərək müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internetin faydaları və zərərləri barədə şagirdlərə məlumat verib. A.Vəliyev çıxışında internet vasitəsilə törədilən kibercinayətlər, sosial şəbəkələrdə dini ekstremizmin və radikalizmin geniş vüsət alması, habelə müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və alğı-satqısının internet üzərindən həyata keçirilməsinin sosial-neqativ təzahürləri barədə ətraflı danışıb.
Çıxışlar bitdikdən sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Ümumilikdə tədbir həm məktəblilər, həm də orta məktəb rəhbərliyi tərəfindən böyük maraqla qarşılanıb.

Geriyə | Çap versiyası