Ölçü:
Cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə 16 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda III beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Beynəlxalq elmi-praktik konfransı açan DİN-nin Pols Akademiyasının rəisi, polis general-mayoru, h.ü.f.d., dosent Nazim Əliyev bildirmişdir ki, öyrənilən kriminoloji hadisələrin mürəkkəbliyi tədqiqatların da qarşısında ənənəvi üsullarla yanaşı, yeni metodların vasitəsilə həyata keçirilməsi, kriminoloji informasiyanın toplanması və təhlili sisteminin təkmilləşdirilməsi, cinayətkarlığın inkişaf qanunauyğunluqlarının və neqativ meyllərinin öyrənilməsi kimi vəzifələr qoyur. Göstərilən vəzifələrin həllinə yönəlmiş kriminoloji tədqiqatların əsas istiqamətlərindən biri də cinayətkarlığın regional tədqiqidir. Məhz regional kriminoloji təhlillər ümumi görüntünü yox, daha dəqiq və təfsilatlı məlumatlar arasında cinayətkarlığın vahid mənzərəsinin yaradılmasına istiqamətləndirilmişdir. Cinayətkarlıq ayrı-ayrı regionların fərqli iqtisadi, sosial, mədəni-ənənəvi xüsusiyyətləri kimi dəyişkən xarakter daşıyır.