Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

DİN-in Polis Akademiyasında “Uşaq hüquqları aylığı” ilə bağlı “Müasir sosial-iqtisadi şəraitdə uşaqların hüquqlarının müdafiəsinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

10.12.2018
 22 noyabr 2018-ci il tarixində DİN-in Polis Akademiyasında “Uşaq hüquqları aylığı” ilə bağlı “Müasir sosial-iqtisadi şəraitdə uşaqların hüquqlarının müdafiəsinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Səhiyyə Nazirliyinin Xəzər rayonunda yerləşən 5 nömrəli uşaq evindən dəvət olunmuş uşaqlara hədiyyələr təqdim ediblər.

Konfransda Ombudsman aparatının  nümayəndəsi,  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Dövlət Gömrük Akademiyasının və Polis Akademiyasının tələbələri və professor-müəllim heyəti iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru  Nazim Əliyev bu sahədə Daxili İşlər Nazirliyinin uğurlu fəaliyyətini və respublikada “Uşaq hüquqları aylığı”nın keçirilməsi ilə əlaqədar Polis Akademiyasında BMT tərəfindən qəbul edilmiş “Uşaq hüquqları Konvensiyası” (1989-cu il) müddəalarına müvafiq tədbirlərin həyata keçirilməsinə böyük önəm verildiyini qeyd edib.

Bildirilib ki, respublikamızda elm və təhsilin davamlı inkişafında, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında digər dövlət təşkilatları, elm və təhsil müəssisələri kimi Daxili İşlər Nazirliyinin Polis Akademiyası da mühüm rol oynayır. N.Əliyev çıxışının sonunda konfransın işinə uğurlar arzu edib.

 Daha sonra Ombudsmanın nümayəndəsi Rəşid Rumzadə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın konfrans iştirakçılarına salamlarını çatdırıb  və bildirib ki, bu kimi tədbirlər Akademiyada mütəmadi keçirilir.

Konfransda  “Virtual məkanda uşaq hüquqlarının etibarlı müdafiəsi” mövzusunda       Polis Akademiyasının “Elmi-tədqiqat və  redaksiya- nəşriyyat” şöbəsinin rəisi, polis polkovnik-leytenantı, h.ü.f.d., dosent Hikmət Eyvazov, “Uşaq hüquqlarının formalaşması tarixi” mövzusunda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının IV kurs tələbəsi  Lalə Novruzova,  “Azərbaycan Respublikasında uşaq hüquqlarının  konstitusiya hüquqi tənzimi” mövzusunda Polis Akademiyasının II kurs kursantı, Kursant Elmi Cəmiyyətinin üzvü Fidan Heydərova, “Tərbiyə, əmək müəssisələrində cəza çəkmiş yetkinlik yaşına çatmayanların cəmiyyətə sosial inteqrasiyası (hüquqi analiz)” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin II kurs tələbəsi, Tələbə  Həmkarlar Təşkilatının sədr müavini Nigar Nəcəfzadə, “Valideyn himayəsindən məhrum yetkinlik yaşına çatmamış uşaqların hüquqlarının müdafiəsi  (hüquqi təhlil)” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin II kurs tələbəsi, Tələbə Həmkarlar Təşkilatının idarə heyətinin üzvü Mirazər Məmmədzadə, “Uşaqların sağlamlığına və mənəvi kamilliyinə mənfi təsir göstərən təşviqat və təbliğat materialları” mövzusunda Bakı Dövlət Universitetinin  Hüquq fakültəsinin II kurs tələbəsi, Tələbə Həmkarlar Təşkilatının idarə heyətinin üzvü Səkinə Musayeva, “Yaşı 18-dən az olan işçilər əmək hüquq münasibətlərinin subyekti kimi” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin II kurs tələbəsi Nərgiz Suleymanova, “Cinayət törətmiş yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə məsuliyyətdən azad edilməsi” mövzusunda Dövlət İdarəçilik Akademiyasının IV kurs tələbəsi Günay Məmmədova, “Yetkinlik yaşına çatmayanlara münasibətdə penitensiar siyasətin xüsusiyyətləri”    mövzusunda  Dövlət Gömrük Akademiyasının III kurs tələbəsi Həsən Həsənzadə, “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin kriminoloji xüsusiyyətləri” mövzusunda Polis Akademiyasının V kurs kursantı,  Kursant Elmi Cəmiyyətinin üzvü Rasəd Əsədbəyli və  “Uşaqlarla qəddar davranış” mövzusunda Dövlət Gömrük Akademiyasının III kurs tələbəsi Zeynəb Babayeva çıxış ediblər.

Maraqlı çıxışlar və diskussiyalarla yadda qalan elmi-praktik konfransın sonunda sertifikatlar və hədiyyələr təqdim edilib.