Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında 27 sentyabr anım günü ilə bağlı tədbir keçirilib

27.09.2021
 DİN-in Polis Akademiyasının sıra meydanında daimi heyətin  və kursantların iştirakı ilə 27 sentyabr Anım günü keçirilib. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Akademiya rəisi çıxışını davam etdirərək bildirdi ki, Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız və daxili işlər orqanları əməkdaşlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.
O da qeyd edildi ki, 2020-ci il 28 sentyabr-12 dekabr tarixlərində 200 nəfər kursant Bakı şəhərində komendant saatı müddətində ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb edilmişlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Tədbirdə  Akademiyanın “İctimai elmlər” kafedrasının rəisi, polis polkovnik-leytenantı, tarix üzrə fəlsəfə doktoru Rəhim Məcnunov çıxış edərək bildirib ki, Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib. Dövlət başçısının 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycanda 8 Noyabr - Zəfər günü kimi təsis edilib. Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmış və işğal altında olan torpaqlarımızı geri qaytarmışlar.
27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər planına əsasən Akademiyada  dərslər keçirilmiş, təhsilalanlara Anım günü haqqında məlumat verilməklə yanaşı, Qarabağ müharibəsində qəhrəman oğullarımızın danılmaz rolundan bəhs edilib, həmçinin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa etdiyi müraciətin tam mətni çatdırılıb.
Anım günü saat 12:00-da Akademiya ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.