Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının nümayəndə heyəti ADA Universitetində keçirilən “Gənclər arasında hüquqi maarifləndirmə layihəsi”nin təqdimatında iştirak ediblər

05.03.2022
 Martın 5-də ADA Universitetində Hacı Zeynalabdin Tağıyev adına müsabiqə çərçivəsində ADA tələbələri tərəfindən təqdim edilən “Gənclər arasında hüquqi maarifləndirmə layihəsi”nin təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə bildirib ki, bu layihə tələbələr tərəfindən hazırlanıb. Prorektor dəstək göstərən tərəfdaş qurumlara təşəkkürünü bildirərək qeyd edib ki, layihə gənclərin hüquqi cəhətdən baza biliklərinin artırılmasına xidmət edəcək.

Tədbirdə ADA Universitetinin tələbəsi Telman Qasımov layihə ilə bağlı təqdimatla çıxış edib. O, layihənin məqsədi və gözlənilən icra mərhələləri haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə Azərbaycan gəncləri və yeniyetmələri arasında hüquqi maariflənməni təşkil və təşviq edəcək. Əsas hədəflər bu sahəyə olan marağı artırmaq və gənclərə müxtəlif hüquqi mövzularda ilkin biliklər verməkdir.

Layihənin tərəfdaş qurumlarından Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin hüquq məsləhətçisi Jalə Əzizova, “Legalaid” hüquq şirkətinin təsisçisi, vəkil Sona Səlimli, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 4-cü kurs kursantı Süleyman Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Fidan Namazova, Bakı Dövlət Universitetinin tələbəsi Siyavuş Bağırov, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının prezidenti Selcan Quluzadə layihə haqqında fikirlərini bölüşüb, layihə iştirakçılarına uğurlar arzulayıblar.
Tədbirdə Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi əməkdaşı, polis kapitanı Vəliyev Fəxri,  4-cu kursun kursantları Mirzəyev Sənan, Nəsibli Muhəmməd, III kursun kursantları Həsənzadə Təhmin və Süleymanlı Turqut iştirak ediblər.
Tədbir müzakirələrlə başa çatıb.