Ölçü:
Dekabrın 9-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Beynəlxalq
STEAM Azərbaycan Festivalı 2022”-nin bağlanış mərasimi keçirilib. 
Elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayaraq festival qaliblərini təbrik edib. Ölkəmizdə "STEAM Azərbaycan" layihəsi istiqamətində görülən işlərə dövlət tərəfindən yüksək səviyyədə dəstək göstərildiyini vurğulayan Emin Əmrullayev bu dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Layihənin son 3 ildə 100 mindən çox şagird, yüzlərlə məktəbi əhatə etdiyini qeyd edən nazir yaxın vaxtlarda STEAM muzeyi, STEAM İnnovasiya Mərkəzinin də fəaliyyətə başlayacağını əlavə edib. Nazir çıxışının sonunda bir daha qalibləri təbrik edib və bu cür festivalların mütəmadi təşkil ediləcəyini bildirib.
Mərasimdə "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov hesabatla çıxış edib. Bildirilib ki, SAF 2022-də 43 komanda I, 102 komanda II, 108 komanda isə III yerə layiq görülüb. SAF 2022-yə ümumilikdə 350 komandadan 1500-dək iştirakçı qatılıb. Onlardan 127-si xarici ölkə, 1300-ü isə yerli iştirakçı olub. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil ediblər.