Beynəlxalq münasibətlər

Qloballaşma şəraitində cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə ilə 21  oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda II beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Xarici qonaqlardan ibarət nümayəndə heyəti üzvləri artıq 19 oktyabr 2014-cu il tarixindən ölkəmizə gəlməyə başlamışlar.

Nümayəndə heyətinin tərkibinə Belarus Respublikası DİN-in Mogilyov İnstitunun rəsi, milis general-mayoru  Polişuk Valeriy Nikolayeviç, Mogilyov İnstitunun rəisinin elmi işlər üzrə müavini, milis podpolkovniki Şkaplerov Yuriy Pavloviç;  Ukrayna Respublikası DİN-in Lvov Dövlət Universitetin rəis müavini, milis polkovniki Strus Vasiliy mixayloviç, beynəlxalq əlaqələr şöbəsinin rəisi, milis mayoru Françuk Vasiliy Valeryeviç;  Moldova Respublikası DİN-in “Ştefan Çel Mare” adına Akademiyası rəis müavini, polis polkovniki Babin Oleq Nikolayeviç, beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi, polis mayoru Jitar Viktoriya Dmitriyevna; Tacikistan Respublikası DİN-in Akademiyası elmi-nəşriyyat şöbəsinin rəisi, milis mayoru Yuldoşev Rifat Raxmatdjonoviç, “Cinayət hüququ, kriminologiya və psixologiya” kafedrasının rəisi, milis mayoru Aripov Anvar Lutfiloyeviç ; JUSTO Avropa institutunun cinayətkarlığa qarşı mübarizənin hüquqi vasitələri kafedrasının müdiri,h.e.d., professor  Qolik Yuri Vladimiroviç;  O.E.Kutafin adına Rusiya dövlət hüquq universitetinin professoru, h.e.d., professor Catiyev Vladimir Soltanoviç;  Rusiya kriminoloji Assosasiyasının vitse-prezidenti, h.e.d., professor Varıqıin Aleksandr Nikalayeviç; Rusiya kooperasiya universitetinin Çeboksar kooperativ institunun  kriminologiya və hüquq – mühafizə orqanları kafedrasının müdiri, h.e.d., professor Kirillov Mixail Andreyeviç; M.V.Lomonosov adına Şimali(Arktiki) federal universitetinin cinayət hüququ və prosesi kafedrasının müdiri , h.ü.f.d., dosent  Maşinskaya Natalya Viktorovna; Türkiyə Cumhuriyyətindən xanım dr. Tuba Topçuoğlu daxilidilər.
               
Qonaqlar Azərbaycan Respublikası Heydər Əliyev adına Beynəlxalq hava limanında qarşılanaraq, Azərbaycan Respublikası DİN-in «Xəzri» İstirahət-sağlamlıq Mərkəzində yerləşdirildilər.

Səfər proqramına uyğun olaraq, 20 oktyabr 2014-cü il tarixində qonaqlar «Fəxri Xiyabana» yola düşdülər və Ümummilli  Lider Heydər  Əliyevin məzarını ziyarət edərək, abidə önünə gül qoydular. Sonra isə  «Şəhidlər Xiyabanına» yola düşüb, şəhidlərin məzarlarına və «Əbədi Məşəl» kompleksinin önünə güllər qoydular. Daha sonra dəvət olunan qonaqları Bakı şəhərinin gözəlliyi, Azərbaycan xalqının mədəni irsi, orta əsrlər dövrünə aid tarixi abidələri ilə yaxından tanış etmək, onlarda müsbət təəssürat yaratmaq məqsədilə “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunda, Dənizkənarı Milli Parkda, Azərbaycan Xalça Muzeyində, Dövlət Bayrağı Meydanı kompleksi və Dövlət Bayrağı Muzeyində gəzintiləri təşkil olunmuşdur.  

Səfərin ikinci günü, 21 oktyabr 2014-cü il daha  məhsuldar  keçirildi. Qonaqlar Azərbaycan Respublikası DİN-in Polis Akademiyasına yollanaraq “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda II beynəlxalq elmi-praktik konfransın işinə qatıldılar. 18 dekabr 2013-cü il tarixdə Polis Akademiyasında keçirilən I Beynəlxalq elmi-praktik konfransın ənənəvi davamı olaraq, bu konfransda da bir çox xarici ölkələrin və Azərbaycanın tanınmış hüquqşünas alimlərinin, təhsil müəssisələrinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının məzmunlu araşdırmaları və təklifləri ilə zəngin olan çıxışları dinlənildi. Onlar: hüquqşünas alimləri: h.e.d., professor İlham Rəhimov, h.e.d., professor Xanlar Ələkbərov, h.e.d., professor Bəhram Zahidov, h.e.d., professor Habil Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyasının ,Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, Ədliyyə Akademiyasının, Gömrük Akademiyasının, Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Qafqaz Universitetinin, Baş Prokurorluğun və daxili işlər orqanlarının müxtəlif xidmətlərinin nümayəndələri.

Beynəlxalq elmi-praktik konfransı açan DİN-nin Pols Akademiyasının rəisi, polis general-mayoru,  h.ü.f.d., dosent Nazim Əliyev bildirmişdir ki, ictimai münasibətlərin qloballaşma şəraitində sürətli inkişafı cinayətlərin yeni növlərinin yaranmasına, cinayətkarlığın kəmiyyət və keyfiyyət göstəricilərinin daha dinamik dəyişkənliyinə təkan vermişdir. Bu səbəbdən mürəkkəb və ziddiyyətli məzmuna malik qloballaşma prosesi cinayətkarlığın sistemli və detallaşdırılmış təhlilini, profilaktik tədbirlərin strateji əsaslarının yaradılması istiqamətlərinin araşdırılmasını, cinayətkarlığın beynəlxalq və regional problemlərinin öyrənilməsini zəruri edir.

Konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılmışdır:

  • Qloballaşma şəraitində cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri.
  • Cinayətkarlığın inkişaf tendensiyalarına qloballaşmanın təsiri.
  • Regional cinayətkarlığın kriminoloji tədqiqinin müasir modelləri.
  • Cinayətkarlığın qloballaşma şəraitində kriminoloji tədqiqinin regional problemləri.
  • Cinayətkarlığın ayrı-ayrı növlərinin (Yetkinlik yaşına çatmayanların, iqtisadi, zorakı, ekoloji, mütəşəkkil, insan alveri, kiber cinayətkarlıq və s.) beynəlxalq və    regional problemləri.
  • Narkotizmin qloballaşma şəraitində kriminoloji xüsusiyyətləri.
  • Sosial-neqativ təzahürlərin cinayətkarlığa təsirinin beynəlxalq və regional problemləri.
  • Regional cinayətkarlığın kriminoloji tədqiqinin viktimoloji aspektləri.

22 oktyabr 2014-cü il tarixində qonaqların bir qismi (xüsusi ali təhsil müəssisələrinin nümayəndələri) DİN-in Polis Akademiyasına gələrək, burada bir neçə görüşlər keçirtdilər və akademiyanın maddi-texniki bazası ilə tanış oldular (yeni istifadəyə verilmiş idman zalları ilə, mühazirə zalları və Heydər Əliyev Mərkəzi ilə də).

Daha sonra  Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru  cənab  Nazim Əliyev və  Belarus Respublikası DİN-in Mogilyov İnstitunun rəsi, milis general-mayoru  Polişuk Valeriy Nikolayeviç ali təhsil müəssisəsiləri arasında olan əməkdaşlıq haqqında Protokolu imzalayaraq, çıxış etdilər. DİN-in  Polis Akademiyasının rəisi, öz nitqində bildirdi ki, hər iki akademiyalar arasında ikitərəfli əlaqələrin qurulmasına, beynəlxalq əməkdaşlığın intensiv sürətdə inkişaf etdirilməsinə daim önəm verilir və bu sahədə kifayət qədər nailiyyətlər əldə edilmişdir. Həmçinin Belarus Respublikası DİN-in Mogilyov İnstitutu ilə əlaqələr ilk növbədə qarşılıqlı diqqətin göstərilməsi haqqında, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında qurulmuşdur.
   
Cənab Polişuk Valeriy Nikolayeviç səmimi qəbula görə  DİN-in Polis Akademiyasının rəisinə öz minnətdarlığını bildirərək qeyd etdi  ki, mən və mənimlə birlikdə  Azərbaycanda səfərdə olan nümayəndə heyəti Azərbaycanda olmaqdan böyük şərəf duyuruq. Bizə göstərilən isti münasibətə, qonaqpərvərliyə görə Sizə çox minnətdarıq. Bu səfərlərlə biz bir-birimizi daha  yaxından tanımağa başlayır və qarşılıqlı münasibətlərimizə təkan veririk.
   
Qonaq qeyd  etdi ki,  Polis Akademiyaları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi  əhəmiyyətli addımlardan biridir. Sizin də bu əməkdaşlığa  dəstək  verməyiniz bizləri çox sevindirir.
        
Qeyd olunan tədbir  ölkəmizin daxili işlər orqanlarının, eləcə də Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının nüfuzuna müsbət təsir edəcək hal kimi qarşılandı və xarici həmkarlarımızla işgüzar, dostluq münasibətlərin inkişafına və təcrübə mübadiləsinə əlverişli şərait yaratdı.

 

Ümumi müvəffəqiyyətə aparan qarşılıqlı əməkdaşlıq

Geriyə | Çap versiyası