Elmi-tədqiqat və nəşriyyat şöbəsi

 Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının Elmi-tədqiqat  və  redaksiya-nəşriyyat şöbəsi

 

Azərbaycan Respublikası DİN-in 18.06.1992-ci il tarixli 346 nömrəli əmrinə əlavə olunmuş Azərbaycan Respublikası Polis Akademiyası barədə Əsasnamənin (hazırda qüvvədən düşmüşdür) 2-ci bölümü akademiyanın strukturu adlanır. Bu bölümün müvafiq bəndlərində hələ ali təhsil və elm mərkəzi kimi fəaliyyətinə başlamayan akademiyanın struktur bölmələrindən bəhs edilirdi. Əsasnamənin 2.9. bəndində göstərilirdi ki, akademiyada struktur bölmələrin elmi-tədqiqat işinin planlaşdırılması, əlaqələndirilməsi, habelə redaksiya-nəşriyyat fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq şöbə yaradılır. Növbəti, yəni 2.10. bəndindəki müddəaya əsasən elmi struktur bölmə kimi yaradılan şöbənin vəzifələrinə DİO-nun qarşısında duran aktual problemlərin tədqiqinin təşkili və peşəkar kadr hazırlığı prosesinin təkmilləşdirilməsinin təmin edilməsi daxil idi.

Ali təhsil və elm mərkəzi kimi 28.09.1992-ci il tarixdən fəaliyyətə başlayan akademiyanın struktur bölmələri sırasında Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsi də var idi. Şöbə həmin statusla 2001-ci ilədək fəaliyyət göstərdi. DİN-in 13.12.2001-ci il tarixli 485 nömrəli əmri ilə həmin şöbə ayrı-ayrı struktur bölmələri kimi  müvafiq olaraq Elmi-tədqat şöbəsi və Redaksiya-nəşriyyat bölməsinə çevrildi.

DİN-in 18.02.2002-ci il tarixli əmri ilə polis mayoru Mahir Teymurov Redaksiya-nəşriyyat bölməsinə rəis təyin edilmiş və 10.12.2008-ci il tarixədək bu vəzifədə işləmişdir. 19.02.2003-cü il tarixli 299 ş/h nömrəli əmrinə əsasən polis polkovnik-leytenatı, filologiya üzrə fəlsəfə doktoru Fərhad Ağayev Elmi-tədqiqat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və 22.10.2007-ci il tarixinədək bu vəzifəni icra etmişdir. DİN-in 10.12.2008-ci il tarixli əmrinə əsasən polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Nəbi Əsgərov Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və 05.04.2012-ci il tarixinədək bu vəzifədə işləmişdir. DİN-in Polis Akademiyasının 13.02.2013-cü il tarixli Ə 45-034-13 nömrəli əmri ilə Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifəsinin vakant olması ilə əlaqədar şöbənin ümumi işinə nəzarətin və cari vəzifələrin həlli məqsədilə «DİN-in Polis Akademiyası Nizamnaməsi»nin 13.2-ci maddəsi rəhbər tutularaq Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası həmin şöbənin elmi katibi, polis polkovnik-leytenantı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elçin Səmədova həvalə edilmişdir.

Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin özünəməxsusluğu ondan ibarət idi ki, burada həm elmi-tədqiqat işləri, həm də redaksiya-nəşriyyat fəaliyyəti həyata keçirilirdi və bu istiqamət indiyədək davam etdirilir. Şöbənin şəxsi heyəti 6 nəfərdən ibarətdir. Professor-müəllim heyətinin elmi fəaliyyətinə daxil olan tədbirlərin təhsilverənlərin öz elmi-nəzəri səviyyəsinin, təhsilalanların isə bilik və bacarıqlarının artırılmasında rolu şöbədə myəyyənləşdirildikdən sonra həmin tədbirlər akademiyanın illik elmi-tədqiqat işlərinin tematik planına təqdim edilirlər. Akademiyanın əməkdaşlarının tərtib etdikləri dərslik, dərs vəsaiti, tədris proqramı, sxemlər albomu, metodiki vəsait, monoqrafiya və sair poliqrafik materiallar nəfis şəkildə şöbə tərəfindən nəşr edilir. Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin nəzarəti və tövsiyələri əsasında akademiyada fəaliyyət göstərən Müdavim elmi cəmiyyəti bütün kursların müdavimlərini elmi yaradıcılığacəlb edir, onların arasında elmi konfrans, seminar və bilik müsabiqələri təşkil edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali məktəb tələbələrinin elmi konfransı üçün müdavimlərin mövzular üzrə hazırladıqları məruzələrinin tezisləri şöbədə seçildikdən sonra onların konfransın təşkilat komitəsinə göndərilməsi məsələsilə bağlı akademiya rəhbərliyi qarşısında vəsatət qaldırılır. Son vaxtlar buk imi tədbirlərdə, bir qayda olaraq, iştirak etmələrinə görə müdavimlərimiz fəxri fərmanlarla mükafatlanırlar.Təhsil Nazirliyinin ənənəvi olaraq keçirdiyi doktorantların və gənc tədqiqatçıların elmi konfranslarının işində zabit heyətinin üzvləri də fəal iştirak edir, apardıqları elmi-tədqiqat işlərinin yekunları barədə respublikanın elmi ictimaiyətinin aparıcı mütəxəssisləri qarşısında məruzə edirlər və sertifikatların təltif olunurlar. Şöbə zabit-müəllim heyəti üzvləri tərəfindən seçilən dissertasiya mövzularının akademiyanın elmi şurasında müzakirə və bəyənilməsi həmçinin elmi adların (dosent, professor) verilməsi üzrə vəsatətin qaldırılması və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təsdiq olunması üçün göndərilməsi işlərini təşkil edir.

Şöbə tərəfindən müəllim heyəti arasında dissertasiya işi üzərində elmi-tədqiqatların aparılmasının zəruriliyi barədə təbliğat işini həyata keçirir və bunun nəticəsidir ki, əməkdaşlardan 16 nəfər müvafiq elm sahəsi üzrə fəlsəfə doktoru, 3 nəfər isə elmlər doktoru dissertasiyası mövzuları üzrə elmi araşdırmalar fəaliyyəti idə də məşğuldular. Respublikanın ali təhsil müəssisələri ilə tədris prosesilə yanaşı, həmçinin səmərəli elmi əməkdaşlıq da həyata keçirilir və bu da öz müsbət nəticələrini verir. Daha sıx əməkdaşlıq əlaqələri Bakı Dövlət Universiteti, Azərbaycan Neft Akademiyası, Xarici Dillər Universiteti, Bakı Slavyan Universiteti, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və Milli Elmlər Akademiyasının elmi-tədqiqat İnsan Hüquqları İnstitutu ilə mövcuddur. Akademiyaya ilə digər ali məktəblər qarşılıqlı faydalı surətdə hazırladıqları tədris və elmi səpkili materiallarının resenziyasını aparıb, biri digərinə mütəxəssis rəylərini verirlər. Buna misal olaraq qeyd edilməlidir ki, bir çox ali məktəblər, ilk növbədə də Bakı Dövlət Universiteti, onların müvafiq kafedralarında yerinə yetirilmiş dissertasiyalara, avtoreferatlara, elmi məqalələrə, monoqrafiyalara rəy verilməsi üçün DİN-in Polis Akademiyasına göndərirlər. Ali məktəb və elmi müəssisələrin əməkdaşlarının tərtib etdikləri dissertasiyalarının müzakirəsi üçün aparıcı müəssisə kimi, eyni zamanda onların əldə etdikləri elmi nəticələrinin tətbiqi məqsədilə akademiya seçilir. Akademiyanın elmi dərəcələri əməkdaşları bir çox dissertasiya işlərinin müdafiəsi üçün elmi rəhbər, rəsmi elmi opponet təyin olunur, onların bir qismi müvafiq müdafiə şuralarının üzvüdür. Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının ayrı-ayrı ölkələrin təhsil müəssisələridə də elmi əməkdaşlığı genişdir. Belə ki, Türkiyə Polis Akademiyası, Ukrayna Milli Daxili İşlər Akademiyası, Rusiya Federasiyası DİN-in İdarəetmə Akademiyası, Sankt-Peterburq Universiteti, Rostov Hüquq İnstitutu, Volqoqrad DİN-in İnstitutu, Macarıstan «Açıq cəmiyyət» İnstitutun Budapeşt «Konstitusiya və hüquq siyasəti» ali təhsil müəssisəsi ilə qarşılıqlı əməkdaşlıq müqavilələri bağlanmışdır.

Akademiya xüsusi təyinatlı ali məktəblər sırasına aid olduğundan burada tədris edilən fənlərin də spesifikliyi mövcuddur, yəni nazirlik tabeliyi olan (sahəvi) bir təhsil ocağı kimi bir çox tədris materialları bilavasitə burada çalışan əməkdaşlar tərəfindən hazırlanır. Sözsüz ki, DİO-nun təyinatı və vəzifələrini özündə ehtiva edən dərsliklərə, tədris materiallarına, yardımçı vəsaitlərinə böyük tələbat duyulduğundan bu sahəyə daim diqqət yetirilir. Akademiyanın rəhbərliyi tədris proqramlarının və onlara müvafiq didaktik fondun yaradılmasını professor-müəllim heyətinin qarşısında mühüm vəzifə olaraq qoymuşdur və demək olar ki, bu sahədə böyük irəliləyişlər əldə edilmişdir. Bütövlükdə yüksək ixtisaslı polis kadrları hazırlayan təhsil ocağında bütün tədris olunan fənlər üzrə zəruri ədəbiyyatlar tərtib edilərək müdavim və dinləyicilərin istifadəsinə verilmişdir. Bu fəaliyyəti uğurla həyata keçirmək üçün Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində mətbəə işləri də aparılır və burada istər poliqrafik, istərsə də texniki təminat müasir tələblərə cavab verir. Son 5 il ərzində mətbəə işlərinin artması nəticəsində hüquq elminə aid nəşr olunmuş kitabların, broşüraların, sxemlər albomlarının, metodik göstərişlərin və digər tədris materiallarının ümumi sayı yüzlərlədir.

Akademiyanın Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində hüquq sahəsinin elmi-nəzəri, təcrübi-tətbiqi məsələləri üzrə nəşr olunmuş ədəbiyyatların bir nüsxəsi şöbədə yaradılmış stenddə yerləşdirilir və bu sıra ildən-ilə zənginləşdirilir.

 

Geriyə | Çap versiyası