Tibb-sanitariya hissəsi

Daxili İşlər Nazirliyinin rəhbərliyi polis əməkdaşlarının sağlamlıq vəziyyətini daim diqqət və nəzarətdə saxlayır. Məhz buna görə də Polis Akademiyası yaradılarkən onun ştat strukturuna “Tibb-sanitariya hissəsi” də daxil edilmişdir.
DİN-in müvafiq əmr və göstərişlərində qeyd edilən şəxsi heyətin sağlamlıq durumunun daim nəzarətdə saxlanılması, əməkdaşların, kursant və dinləyicilərin sağlamlığında yaranan problemlərin vaxtında aşkarlanıb, onların müalicəyə göndərilməsi məsələlərinin həll edilməsi, sağlam və hərtərəfli inkişaf etmiş Azərbaycan polisinin yetişdirilməsi məqsədilə gənclər arasında narkomanlığın qarşısının alınması, sağlam həyat tərzinin təbliği kimi profilaktik tədbirlərin keçirilməsi Tibb-sanitariya hissəsinin işinin əsasını təşkil edir.
Hazırda tibbi-sanitariya hissəsində 1 həkim-terapevt, 1 həkim-stomatoloq və 2 tibb bacısı olmaqla 4 əməkdaş xidmət edir.


 
Tibb-sanitariya hissəsi müalicə-profilaktika müəssisəsi kimi öz xidməti ərazisində xəstəliklərin qarşısının alınması, müalicəsi, azaldılması üçün profilaktik tədbirlər planı hazırlamaq və həyata keçirmək, daimi və dəyişkən heyətin dispanserizasiyasını təmin etmək, kursant, dinləyici, Polis Akademiyasında xidmət edən zabit, kiçik rəis heyəti, fəhlə, qulluqçu və onların yaxın ailə üzvlərinə tibbi yardım göstərmək, sanitar maarifi işini aparmaq məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, DİN-in Tibb İdarəsinin qərar, əmr, təlimatlarını, Akademiyanın Elmi Şurasının qərarlarını, Akademiya rəisinin əmr və göstərişlərini rəhbər tutaraq, işini Polis Akademiyasının rəisi tərəfindən təsdiq edilmiş plan üzrə təşkil edir.
Hissənin peşə istiqamətində həyata keçirdiyi işin əsas istiqamətləri aşağıdakılardır:
-    Müalicə və profilaktika;
-    Sanitar-gigiyenik və əks epidemik;
-    Ambulator stomatoloji;
-    Döyüş və fiziki hazırlığın tibbi təminatı;
-    Sanitar maarifi;
-    Kursant və dinləyicilərə “İlk tibbi yardım” bacarıq və vərdişlərinin öyrədilməsi.
 

 
Qeyd edilənlər üzrə işin təşkil edilməsi üçün Tibbi-sanitariya hissəsində ambulator qəbul otağı, stomatoloji kabinet, psixoloq otağı, manipulyasiya otağı, sarğı otağı və “gündüz stasionarı” üçün yataq otağı fəaliyyət göstərir.



Tibbi göstəriş üzrə zərurət yarandıqda xəstələr müayinə və müalicə məqsədilə DİN-in Tibb İdarəsinin və ya digər tibb müəssisələrinə Akademiyanın təcili tibbi yardım maşınında tibb işçisinin müşayiəti ilə təxliyyə edilirlər.
Tibb-sanitariya hissəsi polis əməkdaşlarına praktik xidmətdə lazım ola biləcək zəruri tibbi biliklərin verilməsi üçün tədris prosesində də iştirak edir. Bu məqsədlə kursantlara “Avtonəqliyyat vasitələrinin istismarı və yol hərəkəti” fənninin nəzdində “İlk tibbi yardım” bölməsi tədris edilir.
Tibb-sanitariya hissəsinin işini günün tələbləri səviyyəsində təşkil etmək üçün hissə əməkdaşları mütəmadi olaraq Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmilləşdirmə kursları keçirlər.
Polis Akademiyasının Tibb-sanitariya hissəsində xidmət etmiş üç nəfər həkim tibb xidməti sahəsində peşəkar fəaliyyətlərinə görə “Respublikanın əməkdar həkimi” fəxri adına layiq görülmüşdür.


Geriyə | Çap versiyası