Tədris metodiki şöbəsi

Tədris-metodiki şöbə Akademiyanın digər struktur qurumlarına nisbətdə daha erkən yaradılmışdır. Şöbənin əsası 1957-ci ildə Bakı Xüsusi Orta Milis Məktəbi yaradılarkən qoyulub. Akademiya yaradıldıqdan sonra isə onun işi daha da təkmilləşdirilmiş, tədrisin təşkilində vacib rolu nəzərə alınaraq, ştat vahidləri artırılmışdır. Hazırda tədris-metodiki şöbədə 1 rəis, 1 baş inspektor, 4 inspektor, 2 metodist, 1 operator və 1 kiçik inspektor olmaqla 10 əməkdaş xidmət edir.
 

 
Tədris-metodiki şöbə tədrisin bütün sahələrini tənzimləyən mərkəz rolunu oynamaqla, aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyət göstərir:
- Tədris prosesinin planlaşdırılması məqsədilə yeni metodların tədris prosesinə tətbiqi sahəsində qabaqcıl təcrübə öyrənilir;
- Akademiyanın əsas tədbirlər planının tərtibatı üçün təkliflər hazırlanır;
- Tədris planlarının icrasına nəzarət edilir və kafedraların təklifləri əsasında yeni tədris planlarının layihələri tərtib edilir;
- Dərs cədvəlləri tərtib edilir, qəbul, keçid və dövlət imtahanlarının təşkili üçün ilkin sənədlər hazırlanır;
- İmtahan sessiyalarının nəticələri təhlil edilir, kursant və dinləyicilər tərəfindən akademik borcların müəyyən edilmiş qaydada ləğvinə nəzarət edilir;
- Tədris ilinin yekunları təhlil edilir və ümumiləşdirilmiş arayış hazırlanır;
- Gənc müəllimlərin hazırlıq səviyyəsini müəyyən etmək məqsədilə sınaq dərslərinin keçirilməsi təşkil edilir;
- Müəllimlərin dərs yükü planlaşdırılır və onun icrasına nəzarət edilir;
- Elmi şura və əməliyyat müşavirələrində müzakirə ediləcək məsələlər üzrə arayışlar hazırlanır;
- Fənn kabinetlərinin və kitabxanaların fəaliyyətinə nəzarət edilir və mövcud texniki, əyani vəsaitlərin səmərəli istifadəsi təmin olunur;
- Kafedralarda tədris-metodiki materialların, fənn proqramlarının, mövzu-təqvim planlarının, mühazirə, metodiki tövsiyə və s. hazırlanmasına və müəllimlərin fərdi iş planlarının icrasına nəzarət edilir və bu işin təhlili aparılır;
- Təcrübəli müəllimlər tərəfindən açıq dərslərin keçirilməsi təşkil edilir və onun nəticələri ümumiləşdirilir;
- Dərs jurnallarının işlənilməsinə nəzarət edilir;
- Kursantların aylıq dərs davamiyyəti, cari qiymətləri təhlil edilir və arayışlar hazırlanır;
- Kursantların sərbəst hazırlıq işi təşkil edilir və müəllimlər tərəfindən məsləhət saatlarının keçirilməsinə nəzarət edilir.
Tədris-metodiki şöbə gənc müəllimlərin müəllimlik sənətinin sirlərinə kamil yiyələnməsi istiqamətində də səmərəli iş aparır. Vaxtaşırı Akademiyada uzun illər təcrübə toplamış müəllimlər gənc müəllimlər qarşısında “Mühazirəni və seminar dərslərini necə təşkil etməli”, “Tədris prosesində tərbiyəvi işlərin təşkili formaları», «Fənlərarası qarşılıqlı əlaqənin səmərəli təşkili” və s. mövzularda çıxış edirlər. Şöbə tərəfindən hamılıqla qəbul olunmuş ümumi metodikanın üsullarını və formalarını özündə əks etdirən ayrıca “Pedaqoji ustalığın yüksəldilməsi kabineti” yaradılmışdır.
Gənc müəllimlər üçün tədris metodikasının səmərəli formalarını özündə əks etdirən sxem-albom hazırlanmışdır. Tədris-metodiki şöbə eyni zamanda Qiyabi və İxtisasartırma fakültələrinin işinin təşkili və planlaşdırılması sahəsində onlara əməli köməkliklər göstərir. Ümumiyyətlə, şöbədə tədrisin metodiki təminatı istiqamətində xeyli iş görülmüşdür və bu sahədə işlər davam etməkdədir.


Geriyə | Çap versiyası