Nizamnamə

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının
NİZAMNAMƏSİ



(Azərbaycan Respublikası Prezidentinin 04.08.2016-cı il tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmişdir)

1 Ümumi  müddəalar.

1.1.    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası (bundan sonra - Akademiya) ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
1.2.    Akademiya hüquqi şəxsdir, müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Akademiyanın Bayrağına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin adı (bundan sonra - Daxili İşlər Nazirliyi) və öz adı həkk olunmuş möhürə, ştamplara və blanklara malikdir.
1.3.    Akademiyanın fəaliyyətinin əsas məqsədi Daxili İşlər Nazirliyi üçün ali hüquq təhsilli kadrlar hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdən ibarətdir.
1.4.    Akademiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikasının daxili işlər nazirinin əmr və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.
1.5.    Akademiya Azərbaycan Respublikasının dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
1.6.    Akademiya "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını təqdim edir, fəaliyyətinin nəticələri barədə daxili işlər nazirinə hesabat verir.
1.7.    Akademiya Bakı şəhərində yerləşir.

2. Akademiyanın fəaliyyətinin əsas istiqamətləri

2.1.    Akademiyanın fəaliyyətinin əsas istiqamətləri tədris, təlim-tərbiyə, metodik, elmi tədqiqat və redaksiya-nəşriyyat işlərindən ibarətdir.
2.2.    Tədris işi nəzəri və praktik biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik, daxili işlər orqanlarında xidmət etmək üçün ali hüquq təhsilli kadrlar hazırlamaqdan, əlavə təhsili və təlim məşğələlərini həyata keçirməkdən, kurs və diplom işlərinə, təcrübi məşğələlərə rəhbərlik etməkdən ibarətdir.
2.3.    Təlim-tərbiyə işi şəxsiyyətin formalaşması üçün mütəşəkkil təşkil olunmuş məqsədyönlü prosesdir və vətənpərvərlik, mənəvi-əxlaqi, estetik, hüquqi və fiziki tərbiyə məsələlərinin həllinə kompleks yanaşma əsasında tədris prosesi ilə birgə aparılır. Təlim-tərbiyə işinin mahiyyəti aşağıdakılardan ibarətdir:
2.3.1.    dəyişən heyətə vətənpərvərlik hissləri aşılamaq, onları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər qanunvericilik aktlarına, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə etmək;
2.3.2.    dəyişən heyətə dövlətə və xalqa sədaqət, xidməti borcun yerinə yetirilməsinə məsuliyyətlə yanaşma, yüksək intizam və mənəviyyat, mətinlik, fiziki dözümlülük və peşəkarlıq keyfiyyətləri aşılamaq;
2.3.3.    dəyişən heyətin nizam-intizamını və hazırlığını təmin etmək;
2.3.4.    dəyişən heyətin milli və ümumbəşəri dəyərlərə yiyələnməsini təmin etmək.
2.4.    Metodik işin məqsədi bütün növ tədris məşğələlərinin keçirilməsi metodikasını təkmilləşdirmək, onun keyfiyyətini və effektivliyini artırmaq, rəhbər heyətin, professor-müəllim heyətinin peşə səviyyəsini artırmaqdır. Metodik işin əsas formaları aşağıdakılardır:
2.4.1.    tədris məşğələlərinin, təlim-tərbiyə işinin aparılması və təminatı üçün tədris-metodik sənədlərin işlənilməsi;
2.4.2.    rəhbər heyətin, professor-müəllim heyətinin pedaqoji ustalıqlarının artırılması, bu məqsədlə tədris-metodik toplantı, müşavirə, elmi-metodik konfrans, seminar və metodik məşğələlərin keçirilməsi;
2.4.3.    tədris məşğələlərinə nəzarətin təşkili və aparılması;
2.4.4.    pedaqoji (metodik) təcrübə keçilməsi və onun nəticələrinin tədris prosesində tətbiqi;
2.4.5.    tədris və təlim-tərbiyə prosesi metodikasına Elmi Şura, kafedra iclaslarında baxılması.
2.5.    Akademiyanın elmi fəaliyyəti daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı elmin müvafiq sahələrinin inkişafına və elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilir.
2.6.    Elmi tədqiqat işinin mahiyyəti aşağıdakılardır:
2.6.1.    dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, məcmuələr, mühazirə, elmi-metodik və konfrans materialları, məlumat bülletenləri hazırlamaq;
2.6.2.    elmi araşdırmalar aparmaq;
2.6.3.    elmi tədqiqat işlərinin aparılmasını təşkil etmək və həmin sahədə metodik kömək göstərmək.
2.7.    Redaksiya-nəşriyyat işinin mahiyyəti dərsliklərin, dərs vəsaitlərinin, tədris-metodik vəsaitlərin, monoqrafiyaların, məcmuələrin, elmi-metodik və konfrans materiallarının, məlumat bülletenlərinin və digər materialların redaktə edilməsi və nəşrindən ibarətdir.

3. Akademiyanın vəzifələri və hüquqları

3.1. Akademiyanın vəzifələri aşağıdakılardır:
3.1.1.    nəzəri və praktik biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik, daxili işlər orqanlarında xidmət etmək üçün ali hüquq təhsili olan kadrlar hazırlamaq, tələbata uyğun olaraq onların əlavə təhsilini həyata keçirmək;
3.1.2.    təhsil proqramlarını və tədris planlarını hazırlamaq;
3.1.3.    təhsilalanların attestasiyasını keçirmək;
3.1.4.    təhsil haqqında diplomlar, habelə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsilə dair digər sənədlər vermək;
3.1.5.    tədris prosesinin maddi-texniki təminatını həyata keçirmək, bina və otaqları mövcud norma və tələblərə uyğun qurmaq;
3.1.6.    təhsilalanların təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, dəyişən heyətin intellektual, mədəni və mənəvi inkişafını təmin etmək, peşəkarlıq xüsusiyyətlərini formalaşdırmaq;
3.1.7.    daxili işlər orqanlarının fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işləri aparılmasını təşkil etmək;
3.1.8.    fundamental və tətbiqi elmi araşdırmalar aparmaq, Daxili İşlər Nazirliyi üçün məlumat-analitik, elmi-metodik materiallar və tövsiyələr hazırlamaq;
3.1.9.    elmi və elmi-pedaqoji kadrlar hazırlamaq;
3.1.10.    Daxili İşlər Nazirliyi sistemində ehtiyat kadrların formalaşdırılması işində iştirak etmək;
3.1.11.    xarici dil və kompüter dəstəkli təlimlərin təşkilini və keçilməsini təmin etmək;
3.1.12.    Akademiyaya ayrılan maliyyə vəsaitlərindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;
3.1.13.    təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodik, elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;
3.1.14.    dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;
3.1.15.    "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
3.2. Akademiyanın aşağıdakı hüquqları vardır:
3.2.1.    "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq tədris prosesini sərbəst həyata keçirmək;
3.2.2.    Akademiyanın tədris, metodik, elmi tədqiqat və analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;
3.2.3.    tədris prosesinin metodik təminatını təşkil etmək və təkmilləşdirmək, təlimin forma və metodlarını müəyyən etmək;
3.2.4.    təhsilin nəticələrinə görə təhsilalanların peşəkar biliklərini və işgüzar keyfiyyətlərini qiymətləndirmək, həmin bilik və keyfiyyətlərdən müvafiq xidmət sahələrində istifadə olunması barədə onlara tövsiyələr vermək;
3.2.5.    Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən digər təhsil, elm və istehsalat müəssisələri ilə əməkdaşlıq etmək, qarşılıqlı razılıq əsasında tədris prosesində onların avadanlığından və elmi-tədris bazasının digər obyektlərindən istifadə etmək;
3.2.6.    iclaslar, seminarlar, konfranslar, simpoziumlar, olimpiadalar, müsabiqələr, sərgilər keçirmək və onların işində iştirak etmək;
3.2.7.    Daxili İşlər Nazirliyinin və Akademiyanın fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işləri həyata keçirmək, elmi əsərləri, tədris və tədris-metodik ədəbiyyatlar hazırlamaq və nəşr etmək;
3.2.8.    "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müqavilə əsasında ödənişli təhsil xidmətləri göstərmək;
3.2.9.    Akademiyanın strukturunun təkmilləşdirilməsi, ştat cədvəlində dəyişikliklər edilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə təkliflər vermək;
3.2.10.    Akademiyanın işçilərinə fəxri adlar, digər dövlət təltifləri və mükafatlar verilməsi üçün daxili işlər naziri qarşısında vəsatət qaldırmaq;
3.2.11.    Akademiyanın fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması üçün sorğu vermək, məlumatlar (sənədlər) almaq;
3.2.12.    "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin təhsil müəssisələri və müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq, bakalavr, magistr, doktorant, pedaqoji və elmi işçi mübadiləsi üçün beynəlxalq əlaqələr yaratmaq;
3.2.13.    Akademiyanın fəaliyyətinin təşkili məqsədi ilə qanuna zidd olmayan aktlar qəbul etmək;
3.2.14.    "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

4. Akademiyanın strukturu və idarə edilməsi

4.1.    Akademiyanın strukturunu, ştat cədvəlini və xərclər smetasını Azərbaycan Respublikasının daxili işlər naziri təsdiq edir.
4.2.    Akademiyanın strukturuna rəhbərlik, elmi-tədris struktur bölmələri, digər şöbə və xidməti bölmələr daxildir. Akademiyanın nəzdində fəaliyyət istiqamətlərinə uyğun digər qurumlar, o cümlədən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil müəssisələri yaradıla bilər.
4.3.    Akademiyanın rəhbərliyi Akademiyanın rəisindən və Akademiya rəisinin müavinlərindən ibarətdir.
4.4.    Akademiyanın rəisini Azərbaycan Respublikası daxili işlər nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Akademiya rəisinin müavinlərini daxili işlər naziri vəzifəyə təyin və vəzifədən azad edir.
4.5.    Akademiyanın fəaliyyətinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.
4.6.    Akademiyanın fəaliyyətinə bilavasitə rəhbərliyi Akademiyanın rəisi həyata keçirir. Akademiyanın rəisi:
4.6.1.    bütün şəxsi heyətin birbaşa rəisi olmaqla, Akademiyanın fəaliyyətini təşkil edir, Akademiyaya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır;
4.6.2.    Akademiyanın təhsil, təlim-tərbiyə, tədris-metodik, elmi tədqiqat, redaksiya-nəşriyyat və maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
4.6.3.    Azərbaycan Respublikasının dövlət orqanları və digər qurumları ilə, habelə beynəlxalq təşkilatlarla münasibətdə Akademiyanı təmsil edir;
4.6.4.    Akademiyanın daxili intizam və günün nizam qaydalarını təsdiq edir;
4.6.5.    Akademiyanın ştat cədvəli, struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğvi barədə daxili işlər nazirinə təkliflər verir;
4.6.6.    Akademiyanın maddi vəsaitlərinin uçotunu təşkil edir;
4.6.7.    Akademiyanın struktur bölmələrinin fəaliyyətini tənzimləyən sənədləri təsdiq edir;
4.6.8.    Akademiyanın rəis müavinlərinin və digər vəzifəli şəxslərinin vəzifə borclarını müəyyən edir;
4.6.9.    daxili işlər nazirinin əmr və sərəncamlarının yerinə yetirilməsini təmin edir;
4.6.10.    Daxili İşlər Nazirliyinin əsas təşkilati - tədbirlər planında və kollegiyasının qərarlarında, əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
4.6.11.    bu Əsasnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində Akademiyanın şəxsi heyəti üçün icrası məcburi olan əmr və göstərişlər verir;
4.6.12.    Akademiyanın əməkdaşlarına xüsusi rütbələrin verilməsi barədə daxili işlər naziri qarşısında vəsatət qaldırır;
4.6.13.    Akademiyanın əməkdaşlarının pul təminatını, əməyinin ödənilməsini və onların mükafatlandırılmasını təşkil edir, habelə Daxili İşlər Nazirliyinin müəyyən etdiyi qaydada onlar barədə intizam tənbehi tədbirləri tətbiq edir;
4.6.14.    professor-müəllim heyətinin, elmi və digər işçilərin əlavə təhsili üçün tədbirlər görür;
4.6.15.    daxili işlər nazirinin müəyyən etdiyi vəzifələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçilər qəbul edir və onları işdən azad edir, Akademiyanın saxlanılması üçün daxili işlər nazirinin təsdiq etdiyi büdcə vəsaitlərinin xərclər smetasına uyğun ayrılan vəsait çərçivəsində əvəzçiliklə, saathesabı və müqavilə ödənişi şərtləri ilə mütəxəssis və elmi işçilər cəlb edir, Akademiyanın şəxsi heyətini attestasiyadan keçirir;
4.6.16.    Akademiyanın Elmi Şurasının tərkibinə dair daxili işlər nazirinə təkliflər verir, Akademiyanın Elmi Şurasının işini təşkil edir və digər məşvərətçi orqanlarına rəhbərlik edir;
4.6.17.    Akademiyada kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini və məxfilik rejiminə riayət olunmasını təmin edir;
4.6.18.    Akademiyada vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;
4.6.19.    Akademiyanın fəaliyyəti ilə bağlı onun Elmi Şurasının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.
4.7.    Akademiya rəisinin müavinləri Akademiyanın rəisinə tabedirlər və Akademiyanın şəxsi heyəti üçün birbaşa rəisdirlər. Akademiya rəisinin müavinləri bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində Akademiyanı təmsil edir və onlara həvalə olunmuş sahələrdə işin vəziyyətinə görə məsuliyyət daşıyırlar. Akademiyanın rəisi olmadıqda və ya üzrlü səbəblərdən öz səlahiyyətlərini icra edə bilmədikdə, Akademiya rəisinin müavinlərindən biri Akademiya rəisinin səlahiyyətlərini həyata keçirir.
4.8.    Akademiyada tədris, tədris-metodik və elmi tədqiqat işləri "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarına uyğun təşkil edilir.
4.9.    Akademiyanın fəaliyyətinin mühüm məsələlərini müzakirə etmək üçün Akademiyanın Elmi Şurası (bundan sonra - Elmi Şura) yaradılır.
4.10.    Elmi Şuranın tərkibini Akademiya rəisinin təqdimatı ilə daxili işlər naziri təsdiq edir. Elmi Şuranın tərkibinə Akademiyanın rəisi (Elmi Şuranın sədri), rəis müavinləri, şöbə, fakültə və kafedra rəisləri, habelə digər mütəxəssislər daxil edilirlər. Elmi Şuranın tərkibinə həmçinin Daxili İşlər Nazirliyinin digər qurumlarının rəhbərləri də daxil edilə bilərlər. Elmi Şuranın səlahiyyət müddəti 5 ildir.
4.11.    Elmi Şuranın fəaliyyəti Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarına uyğun təşkil edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət göstərir.   
4.12.    Elmi Şuranın qərarları Akademiya rəisinin əmrləri ilə elan olunur.
4.13.    Elmi Şura:
4.13.1.    tədris, təlim-tərbiyə, metodik və elmi tədqiqat işlərinin mühüm məsələlərini həll edir;
4.13.2.    kadrların hazırlanması və əlavə təhsilinin təşkili istiqamətində təkliflər verir;
4.13.3.    tədris planlarının və proqramlarının layihələrini, metodik, təlim-tərbiyə, elmi tədqiqat, redaksiya-nəşriyyat işlərinin və əlavə təhsil planlarının layihələrini müzakirə edir;
4.13.4.    elmi tədqiqatların istiqamətlərini müəyyən edir, elmi tədqiqat planlarını və onların yerinə yetirilməsinə dair hesabatları, pedaqoji kadrların hazırlanması və əlavə təhsili üzrə planları təsdiq edir;
4.13.5.    Akademiyanın və onun struktur bölmələrinin hesabatlarını dinləyir;
4.13.6.    dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, elmi və elmi-metodik ədəbiyyatın digər növlərinin layihələrini müzakirə edir;
4.13.7.    Akademiyanın elmi-pedaqoji əməkdaşlarına elmi adlar verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırır;
4.13.8.    dissertasiyaların mövzularını təsdiq edir, müraciət etmiş şəxslər sırasından doktoranturaya qəbul, dissertant təhkim-olunma, habelə yaradıcılıq məzuniyyətlərinin verilməsi üçün namizədləri tövsiyə edir;
4.13.9.    Akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı tədbirləri müzakirə edir;
4.13.10.    təhsilalanlar sırasından adlı təqaüdlər verilməsi üçün namizədləri təsdiq edir;
4.13.11.    Akademiyanın fəxri adlarını təsis edir və verir;
4.13.12.    Akademiyanın təhsil birliklərinə, assosiasiyalarına və ittifaqlarına daxil olması və onlardan çıxması məsələlərinə dair Akademiya rəisinə təkliflər verir;
4.13.13.    Tədris, təlim-tərbiyə, metodik, elmi tədqiqat, redaksiya-nəşriyyat fəaliyyəti, kadrlarla iş, təhlükəsizlik rejiminin təmin olunması, inzibati-təsərrüfat və Akademiyanın fəaliyyəti ilə bağlı digər cari məsələlərə Akademiya rəhbərliyinin iclaslarında baxılır.

5. Akademiyaya qəbul

5.1.    Akademiyaya qəbul olunmaq üçün namizədlərin seçilməsi Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
5.2.    Akademiyaya ali təhsilin bakalavriat səviyyəsinə tam orta təhsili və ya orta ixtisas təhsili olan şəxslər, ali təhsilin magistratura səviyyəsinə isə ali təhsilin bakalavriat səviyyəsini bitirən şəxslər qəbul olunurlar.
5.3.    Akademiyada ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul, biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
5.4.    Akademiyada doktoranturanın yaradılması və doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.
5.5.    Daxili işlər orqanları əməkdaşlarının Akademiyaya qəbulu Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
5.6.    Digər hüquq mühafizə orqanları əməkdaşlarının Akademiyaya əlavə təhsilə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müqavilə əsasında həyata keçirilir.
5.7.    Akademiyaya əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.
5.8.    Abituriyentlərin Akademiyaya qəbulu Akademiya rəisinin əmri ilə təsdiq olunur.

6. Akademiyada tədris işinin təşkili

6.1.    Akademiyada tədris işi bu Nizamnamə və daxili işlər naziri tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Akademiyasında tədrisin təşkili haqqında Təlimat" əsasında təşkil olunur və aparılır.
6.2.    Akademiya ali təhsilin aşağıdakı səviyyələri üzrə təhsil proqramlarını (kurikulumları) həyata keçirir:
6.2.1.    bakalavriat;
6.2.2.    magistratura;
6.2.3.    doktorantura;
6.2.4.    əlavə təhsil.
6.3.    Akademiyada təhsil əyani və qiyabi formalarda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil olunur və Azərbaycan dilində aparılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Akademiyada təhsil xarici dildə də aparıla bilər.
6.4.    Akademiyada təhsilin müddəti, məcburi auditoriya dərsləri, həftəlik tədris işi, ali təhsilin dövlət standartlarına müvafiq olaraq, tədris proqramlarına və tədris planlarına əsasən müəyyən edilir.
6.5.    Akademiyanın tədris məşğələlərinə mühazirə, seminar, praktik və laboratoriya məşğələləri, tematik mühakimə (kollokvium), məsləhət və müstəqil hazırlıq saatları daxildir. Akademiyada ayrı-ayrı fənlər üzrə nəzəri (elmi-praktik) konfranslar və Elmi Şuranın qərarı ilə müəyyən edilmiş digər növ məşğələlər keçirilə bilər.
6.6.    Akademiyada "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
6.6.1.    ixtisasartırma;
6.6.2.    kadrların yenidən hazırlanması;
6.6.3.    stajkeçmə və kadrların təkmilləşdirilməsi;
6.6.4.    təkrar ali təhsil.
6.7.    Akademiyada təkrar ali təhsil ödənişli əsaslarla həyata keçirilir.
6.8.    Akademiya tədris prosesinin forma, metod və vasitələrini müəyyən edərkən, peşə təhsili proqramlarının və tədris planlarının tam həcmdə mənimsənilməsinə şərait yaradır. Akademiyada tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil edilir.
6.9.    Akademiyada beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Nizamnamə ilə müəyyən olunmuş qaydada bağlanmış beynəlxalq müqavilələr əsasında həyata keçirilir.

7. Akademiyanın elmi tədqiqat fəaliyyəti

7.1.    Akademiyanın elm sahəsində fəaliyyəti Daxili İşlər Nazirliyinin fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işlərinin aparılmasına, Akademiyanın profilinə uyğun olaraq elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilir.
7.2.    Akademiyada aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.
7.3.    Akademiya apardığı elmi tədqiqat işlərinin nəticələrinin daxili işlər orqanlarının fəaliyyətində və tədris prosesində (mühazirə, məşğələ, seminar və laboratoriya dərslərində, kurs layihələrində, kurs və buraxılış işlərində, magistr dissertasiyalarında) tətbiqini və onların monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunmaqla, elmi forumlarda məruzə edilərək yayılmasını təşkil edir.
7.4.    Akademiyada həyata keçirilən elmi tədqiqat fəaliyyətinin məqsədi aşağıdakılardan ibarətdir:
7.4.1.    fundamental və tətbiqi-nəzəri araşdırmaların aparılmasını, elmi tədqiqat və elmi-texniki işlərin həyata keçirilməsini təmin etmək;
7.4.2.    elmi xarakterli tapşırıqları icra etmək;
7.4.3.    kadrların elmi potensialından səmərəli istifadə etməklə təlimin keyfiyyətini yüksəltmək;
7.4.4.    professor-müəllim heyətinin ixtisas səviyyəsini artırmaq;
7.4.5.    elmi tədqiqatların nəticələrinin və nailiyyətlərinin tətbiqini təşkil etmək;
7.4.6.    tədris və elmi proseslərin vəhdətini təmin etmək;
7.4.7.    elmi tədqiqat işlərinin nəticələrini tədris prosesində və daxili işlər orqanlarının təcrübi fəaliyyətində tətbiq etmək;
7.4.8.    elmi tədqiqat işlərinin əsas istiqamətləri üzrə milli və beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;
7.4.9.    müraciət əsasında Daxili İşlər Nazirliyi üçün analitik, məsləhət və proqnozlaşdırma fəaliyyəti həyata keçirmək;
7.4.10.    normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
7.4.11.    dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, məqalələr, məruzələr, təkliflər və rəylər hazırlamaq;
7.4.12.    milli və xarici ekspertlərin iştirakı ilə elmi seminarlar, konfranslar, simpoziumlar və konqreslər keçirmək.
7.5.    Akademiyada elmi tədqiqat işlərinin istiqamətlərini Elmi Şura müəyyən edir.
7.6.    Akademiyanın elmi tədqiqat fəaliyyəti Elmi Şuranın Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq etdiyi perspektiv və cari planlara uyğun olaraq həyata keçirilir.

8. Akademiyanın daimi heyəti

8.1.    Akademiyanın daimi heyəti rəhbərlikdən, professor-müəllim heyətindən, elmi işçilərdən və vəzifələri ştat cədvəli ilə təsdiq edilmiş digər işçilərdən ibarətdir.
8.2.    Akademiyanın daimi heyətinə daxil olan şəxsləri daxili işlər naziri vəzifəyə təyin və vəzifədən azad edir. Daimi heyətə aid olan müəyyən vəzifələrə təyin və həmin vəzifələrdən azad etmək hüququ daxili işlər naziri tərəfindən müəyyən edilir.
8.3.    Akademiyanın daimi heyətinə daxil olan şəxslərin, o cümlədən Akademiyanın inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texnik, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Polis haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Nizamnamə, Akademiyanın daxili intizam qaydaları və Daxili İşlər Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.
8.4.    Daimi heyətə daxil olan şəxslər vəzifə borclarının yerinə yetirilməsi, təlim-tərbiyə prosesinin aparılması və ya təmin edilməsi ilə bağlı olmayan tədbirlərdə daxili işlər nazirinin icazəsi ilə iştirak edə bilərlər.
8.5.    Professor-müəllim heyətinə elm-tədris struktur bölmələrinin rəisləri (müdirləri), onların müavinləri, silsilə rəisləri, professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutan işçilər aiddirlər.
8.6.    Professor-müəllim heyətinin say tərkibini, tədris yükündən asılı olaraq, daxili işlər naziri müəyyən edir.
8.7.    Professor-müəllim heyəti və elmi işçi vəzifələrinə peşə hazırlığına, sağlamlığına və mənəvi keyfiyyətlərinə görə müasir tələblərə uyğun dərs keçmək və elmi tədqiqatlar aparmaq bacarığı olan, daxili işlər orqanlarında işə qəbul tələblərinə cavab verən şəxslər təyin edilirlər. Elmi dərəcəsi və elmi adı, vəzifənin profilinə uyğun ali təhsili, pedaqoji təcrübəsi olan şəxslər professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı üstünlüyə malikdirlər.
8.8.    Professor-müəllim heyəti tədris, təlim-tərbiyə, metodik və elmi tədqiqat işlərini kafedraların planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında həyata keçirir.
8.9.    Professor-müəllim heyəti məşğələlər zamanı təhsilalanların rəisləri hesab olunur. Professor-müəllim heyətinin tədris məşğələləri zamanı verdiyi göstərişlər təhsilalanlar üçün məcburidir.
8.10.    Professor-müəllim heyəti və elmi işçilər təlim-tərbiyə sahəsində uğurlarına görə Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ilə bərabər, dövlət mükafatları, fəxri adlar, orden və medallar, döş nişanları və fəxri fərmanlarla da mükafatlandırıla bilərlər.
8.11.    Akademiyanın əməkdaşlarına elmi dərəcələr və elmi adlar Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq verilir.
8.12.    Akademiyanın əməkdaşlarına elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. Akademiyanın müvafiq kafedralarına dissertantların təhkim olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.
8.13.    Professor-müəllim heyətinə və elmi işçilərə əmək intizamını pozduqlarına görə intizam tənbehi tədbirləri, daxili işlər orqanlarının əməkdaşlarına münasibətdə - "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamədə, digər işçilərə münasibətdə - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tətbiq edilir.
8.14.    Professor-müəllim heyətinin və elmi işçilərin beynəlxalq tədbirlərdə iştirakına, onların kütləvi informasiya vasitələrində Akademiyanın adından çıxışlarına daxili işlər naziri icazə verir.
8.15.    Akademiyanın professor-müəllim heyətinin və elmi işçilərinin vəzifələri aşağıdakılardır:
8.15.1. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
8.15.2. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək və xidməti fəaliyyətə hazırlamaq;
8.15.3. təhsilalanları elmi fəaliyyətə cəlb etmək;
8.15.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
8.15.5. Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinə, habelə pedaqoji etikaya və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
8.15.6. təhsilalanlar tərəfindən tədris materiallarının yüksək səviyyədə mənimsənilməsini təmin edən üsul və vasitələr seçmək, onların müstəqil hazırlığına, tədris materiallarının onlar tərəfindən mənimsənilməsinə kömək göstərmək;
8.15.7. təhsilalanların fərdi keyfiyyətlərini öyrənmək, şərəf və ləyaqətinə hörmət etmək, onlardan dərs tapşırıqlarının yerinə yetirilməsini və daxili intizam qaydalarına riayət olunmasını tələb etmək;
8.15.8. təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
8.15.9. elmi-pedaqoji və ixtisas səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər keçmək;
8.15.10. attestasiyadan keçmək;
8.15.11. Akademiyanın daxili intizam qaydalarına riayət etmək;
8.15.12. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
8.16.    Akademiyanın professor-müəllim heyəti və elmi işçilərinin aşağıdakı hüquqları vardır:
8.16.1.    normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
8.16.2.    bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək;
8.16.3.    tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;
8.16.4.    şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
8.16.5.    Akademiyada vəzifə tutmaq;
8.16.6.    əlavə təhsil almaq, elmi dərəcəsini yüksəltmək;
8.16.7.    bu Nizamnaməyə uyğun olaraq müəssisə və təşkilatlarda əvəzçilik qaydasında elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq;
8.16.8.    bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
8.17.    Daxili İşlər Nazirliyinin və Akademiyanın yüksəkixtisaslı kadrlara olan tələbatını nəzərə alaraq, Akademiya elmi-pedaqoji və elmi kadrların əlavə təhsilini təşkil edir və həyata keçirir.
8.18.    Akademiyanın professor-müəllim heyətinin əlavə təhsili "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq həyata keçirilir.
8.19.    Elmi dərəcə almaq üçün dissertasiyaları müzakirə etmək məqsədi ilə Akademiya ixtisaslaşdırılmış şuralar yaratmaq hüququna malikdir.

9. Akademiyanın dəyişən heyəti

9.1.    Akademiyanın dəyişən heyəti Akademiyada təhsil alan kursantlar, dinləyicilər və doktorantlardır (dissertantlardır).
9.2.    Kursantlar - Akademiyada ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və Akademiyada əyani formada təhsil alan şəxslərdir.
9.3.    Dinləyicilər - Akademiyada ali təhsilin magistratura səviyyəsinə qəbul olunmuş, həmçinin əlavə təhsil istiqamətləri üzrə əyani (qiyabi) təhsil alan şəxslərdir.
9.4.    Doktorantlar (dissertantlar) - Akademiyanın müvafiq struktur bölməsində müstəqil surətdə dissertasiya işini yerinə yetirən şəxslərdir.
9.5.    Dinləyicilərin əlavə təhsil alması "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq həyata keçirilir.
9.6.    Akademiyaya qəbul edilənədək xüsusi rütbəsi olan şəxslərin mövcud rütbələri saxlanılır
9.7.    Dəyişən heyətin təhsil müddətində hüquq və vəzifələri "Polis haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin aktları, bu Nizamnamə və Daxili İşlər Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.
9.8.    Akademiyanın təhsilalanları xarici ölkələrin təhsil müəssisələrində Daxili İşlər Nazirliyi üçün ayrılmış yerlərdə təhsil almaq məqsədi ilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, həmin ölkələrə ezam oluna bilərlər.
9.9.    Dəyişən heyətə daxil olan şəxslər vəzifə borclarının yerinə yetirilməsi və təlim-tərbiyə prosesi ilə bağlı olmayan tədbirlərdə daxili işlər nazirinin icazəsi ilə iştirak edə bilərlər.
9.10.    Akademiyanın dəyişən heyətinin vəzifələri aşağıdakılardır:
9.10.1.    qanunlara əməl etmək, polis əməkdaşı andının, Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarının, daxili işlər nazirinin əmr, göstəriş və sərəncamlarının, bu Nizamnamənin, habelə Akademiyanın daxili intizam və günün nizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;
9.10.2.    ixtisas üzrə nəzəri bilik, bacarıq və təcrübi vərdişlərə yiyələnmək, biliklərini artırmaq və dərinləşdirmək;
9.10.3.    daimi heyətin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
9.10.4.    tədris tapşırıqlarını müəyyən edilmiş müddətlərdə yerinə yetirmək, təhsil proqramlarında nəzərdə tutulmuş imtahanları vermək;
9.10.5.    fiziki hazırlığını daim inkişaf etdirmək;
9.10.6.    əxlaq və etik normalara, birgəyaşayış qaydalarına riayət etmək;
9.10.7.    dövlət sirrini və xidməti sirri qorumaq;
9.10.8.    Akademiyanın əmlakını, o cümlədən kitabxana fondunu qorumaq, ərazidə və otaqlarda yaşayış və olma qaydalarına riayət etmək;
9.10.9.    texnika və digər vasitələrdən istifadə zamanı təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
9.10.10.    Akademiyanın ərazisindən kənarda kursant (dinləyici, dissertant) adını uca tutmaq, ictimai asayiş qaydalarına, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət etmək;
9.10.11.    dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər tərbiyə etmək, dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;
9.10.12.    Akademiyanın ənənələrini qorumaq;
9.10.13.    pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
9.10.14.    bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
9.11.    Akademiyanın dəyişən heyəti aşağıdakı hüquqlara malikdir:
9.11.1. dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;
9.11.2.    Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman və sağlamlıq mərkəzlərindən, yataqxanalardan, kitabxanalardan və s.) istifadə etmək;
9.11.3.    elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq, elmi işlər nəşr etdirmək, elmi tədqiqat sahəsində müsabiqələrdə, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərdə iştirak etmək;
9.11.4.    sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
9.11.5.    Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
9.11.6.    təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək,
öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
9.11.7.    Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında, o cümlədən elmi-praktik konfranslar, seminarlar, yığıncaqlar, görüşlər və Akademiyanın fəaliyyət istiqamətləri ilə bağlı digər tədbirlərdə iştirak etmək;
9.11.8.    təhsildə, elmi tədqiqat işində müvəffəqiyyətlərinə və Akademiyanın ictimai həyatında iştiraka görə mükafatlandırılmaq, təltif olunmaq;
9.11.9.    bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
9.12.    Kursantlar Akademiyadan aşağıdakı hallarda xaric edilirlər:
9.12.1.    öz arzusu ilə;
9.12.2.    digər ali təhsil müəssisəsinə keçirilməsi ilə əlaqədar;
9.12.3.    səhhətinə görə (tibbi-həkim ekspertiza komissiyasının qərarına əsasən);
9.12.4.    təhsildə müvəffəqiyyətsizliyinə görə;
9.12.5.    Akademiyanın daxili intizam qaydalarını kobud şəkildə və dəfələrlə pozduğuna görə;
9.12.6.    semestr ərzində tədris planı üzrə nəzərdə tutulmuş məşğələlərin ümumi saat hesabının 30 faizindən çoxunda üzrsüz səbəbdən iştirak etmədiyinə görə. Bu halda Elmi Şuranın qərarı əsas götürülür;
9.12.7.    qanunla daxili işlər orqanlarında xidmət üçün müəyyən olunmuş tələblərə uyğun olmadığına görə;
9.12.8.    məhkum olunduqda.
9.13.    Dinləyicilər Akademiyadan aşağıdakı hallarda xaric edilirlər:
9.13.1.    öz arzusu ilə;
9.13.2.    səhhətinə görə (tibbi-həkim komissiyasının qərarına əsasən);
9.13.3.    təhsildə müvəffəqiyyətsizliyinə görə;
9.13.4.    dinləyicini Akademiyaya göndərən qurumun qərarına əsasən;
9.13.5.    şəxsi intizamsızlığına görə;
9.13.6.    məhkum olunduqda.
9.14.    Kursantlar Akademiyadan digər ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada keçirilirlər.
9.15.    Akademiyaya qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmayan və ya çağırılan, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməyən kursantlar (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla) Akademiyadan xaric edildikdə, qanunla müəyyən olunmuş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilirlər.
9.16.    Təhsil almaq məqsədi ilə xarici ölkəyə ezam olunmuş kursant (dinləyici) göndərildiyi hərbi təhsil müəssisəsindən öz arzusu ilə, təhsildə müvəffəqiyyətsizliyinə və şəxsi intizamsızlığına görə xaric olunduğu halda Akademiyadan da eyni əsaslarla xaric edilir. Digər səbəblərdən xarici ölkələrin hərbi təhsil müəssisəsindən xaric olunmuş kursantların (dinləyicilərin) Akademiyada təhsil alması məsələsinə Elmi Şurada baxılır.
9.17.    Kursantların və dinləyicilərin Akademiyadan xaric edilməsi və Akademiyaya bərpası daxili işlər naziri tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Akademiyasında tədrisin təşkili haqqında Təlimata uyğun olaraq həyata keçirilir.
9.18.    Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan keçməmiş kursantlar bu Nizamnamənin 9.15-ci bəndində müəyyən olunmuş qaydada həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilirlər. Bu bənddə nəzərdə tutulmuş şəxslər hərbi xidmətlərini başa vurduqdan sonra dövlət attestasiyası sınaqlarına buraxılırlar.
9.19.    Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan keçməmiş kursantlara və dinləyicilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada arayış verilir.
9.20.    Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş kursantlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi, təhsil haqqında dövlət sənədi (diplom) və döş nişanı verilir.
9.21.    Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş kursantlara daxili işlər nazirinin əmri ilə "polis leytenantı" ilk zabit xüsusi rütbəsi verilir. Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş və nümunəvi nizam-intizama malik məzunlar birbaşa "polis baş leytenantı" xüsusi rütbəsinin verilməsi üçün təqdim olunurlar.
9.22.    Magistraturada təhsil proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarından müvəffəq qiymət almış və magistr dissertasiyasını müdafiə etmiş dinləyicilərə "magistr" elmi-ixtisas dərəcəsi, təhsil haqqında dövlət sənədi (diplom) və döş nişanı verilir.
9.23.    Dissertantlıq yolu ilə təhsilini başa çatdırmış və müvafiq elmi dərəcə almış şəxslərə həmin elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədi - diplom verilir.
9.24.    Əlavə təhsil üzrə kursların proqramını mənimsəmiş və imtahanlardan müvəffəq qiymət almış təhsilalanlara əlavə təhsilin istiqaməti üzrə dövlət sənədi verilir.
9.25.    Akademiyam fərqlənmə diplomu ilə bitirmiş məzunların adları və şəkilləri Akademiyanın şərəf lövhəsində qeyd olunur.

10. Akademiyanın maliyyə-təsərrüfat fəaliyyəti

10.1.    Akademiya Azərbaycan Respublikasının dövlət büdcəsindən Daxili İşlər Nazirliyi üçün ayrılan vəsait hesabına maliyyələşdirilir.
10.2.    Akademiyanın dövlət büdcəsinin vəsaiti ilə yanaşı, ödənişli təhsildən, müqavilə əsasında digər təşkilatların işçilərinin ödənişli əlavə təhsilindən, həmçinin elmi tədqiqat fəaliyyətindən vəsait əldə etmək hüququ vardır.
10.3.    Akademiyanın öz vəzifələrini yerinə yetirmək məqsədi ilə büdcədənkənar vəsaitlərdən, qrantlardan, ianələrdən xüsusi fondlar yaratmaq və onlardan daxili işlər nazirinin müəyyənləşdirdiyi qaydada istifadə etmək hüququ vardır.
10.4.    Akademiyanın maliyyə vəsaitləri hesabına Akademiyanın daimi heyətinə daxil olan şəxslərin vəzifə maaşlarına əlavə ödəniş və artımlar müəyyən oluna, mükafatlar və digər həvəsləndirici ödənişlər verilə bilər.
10.5.    Akademiyanın maddi-tədris bazası müəyyən olunmuş ixtisaslar üzrə tədris planlarına, proqramlarına və müasir tədris metodikasına uyğun olaraq təhsilalanların hazırlığını təmin etmək üçün nəzərdə tutulmuş maddi və texniki vasitələr kompleksidir.
10.6.    Akademiyanın maddi-tədris bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, silah və hərbi texnika, hərbi-tədris əmlakı, laboratoriya avadanlığı, tədrisin texniki vasitələri, tədris-metodik materiallar, elmi və bədii ədəbiyyat, xüsusi texnika, nəqliyyat vasitələri, maşın və avadanlıqlar, tədris-idman bazaları, poliqonlar və digər hərbi obyektlər, habelə başqa qiymətli maddi-texniki təchizat vasitələri təşkil edir. Akademiyanın maddi-tədris bazası dövlət əmlakı hesab olunur və ondan səmərəli istifadə edilməlidir.
10.7.    Daxili işlər nazirinin razılığı olmadan Akademiya tərəfindən istifadə edilən bina və qurğuların, torpaq sahələrinin xidməti təyinatının dəyişdirilməsinə icazə verilmir.
10.8.    Akademiya əldə etdiyi gəlirlərdən və mülkiyyət obyektlərindən tədris, elmi və maddi-tədris bazasının inkişafı, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, habelə öz fəaliyyəti ilə bağlı digər ehtiyaclar üçün istifadə edir.
10.9.    Akademiyanın maddi-tədris bazasının inkişafı və təkmilləşdirilməsi Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilən perspektiv planlar və Akademiya rəisinin təsdiq etdiyi illik planlar əsasında həyata keçirilir.
10.10.     Akademiya maddi dəyərlilərin, pul vəsaitlərinin vəziyyəti və onlardan istifadə edilməsi barədə Daxili İşlər Nazirliyinin müvafiq qurumları qarşısında hesabat verir, cari mühasibat uçotunu həyata keçirir.
10.11.     Akademiya bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

11. Akademiyanın beynəlxalq əlaqələri

Akademiyanın xarici əlaqələri və beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Daxili İşlər Nazirliyi ilə xarici ölkələrin dövlət orqanları, beynəlxalq təşkilatlar arasında bağlanmış sazişlər əsasında həyata keçirilir.

12. Akademiyanın yenidən təşkili və ləğvi

12.1. Akademiyanın yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
12.2. Akademiya ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

Geriyə | Çap versiyası