xəbərlər

Polis Akademiyasında ali təhsil müəssisələri arasında “Şahidin dindirilməsi” müsabiqəsi keçirilmişdir

19.04.2023

Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının  100 ilinin tamam olması, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar Polis Akademiyasında Ümummilli liderin zəngin həyat yoluna həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

Belə ki, 14-19 aprel 2023-cü il tarixlərində Polis Akademiyasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş simulyasiya əsaslı “Şahidin dindirilməsi” müsabiqəsi keçirilmişdir. Həmin müsabiqə müxtəlif cinayət faktları üzrə modelləşdirilmiş vəziyyətlərdə tələbə və kursantların ixtisas fənləri üzrə əldə etdikləri bilikləri möhkəmləndirmək, dərinləşdirmək, peşə vərdiş və bacarıqları formalaşdırmaq, həmçinin ali təhsil müəssisələri arasında əməkdaşlığı genişləndirmək məqsədi daşımışıdır.

  14 aprel 2023-cü il tarixində dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan “Şahidin dindirilməsi” müsabiqəsinin hazırlıq (təlim) mərhələsi keçirilib. 15 aprel 2023-cü il tarixdə isə müsabiqənin yarım final mərhələsi keçirilib. Müsabiqənin final mərhələsinə “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının və Polis Akademiyasının komandaları vəsiqə qazanmışlar.

Tədbirin davamı olaraq, 19 aprel 2023-cü il tarixdə müsabiqənin final mərhələsi keçirilmişdir. Müsabiqəni giriş sözü ilə açan “Kriminalistika” kafedrasının rəisi, polis polkovnik-leytenantı Orxan Yabublu Heydər Əliyev şəxsiyyəti və onun milli dövlətçilik tariximizdə əvəzolunmaz xidmətləri barədə iştirakçılara qısa məlumat vermişdir.

 “Şahidin dindirilməsi” müsabiqəsinin final mərhələsində münsif qismində Xəzər rayon prokurorun böyük köməkçisi Elman Mikayılov, “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının müəllimi Şair Abdurəhmanov,                           Polis Akademiyasının “Kriminalistika” kafedrasının rəisi Orxan Yaqublu və müəllimi, h.ü.f.d Allahverdi Mahmudov iştirak edərək komandaların fəaliyyətini qiymətləndirmişlər.
Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakultəsinin tələbəsi Nərmin Ağayeva “xəyali şahid” qismində dəvət edilmişdir.

Müsabiqədə Polis Akademiyasının 4-cü kurs kursantları, polis sıravisi Rəhimli Rəhim və polis sıravisi Şükürlü Fərid müsabiqənin qalibi adına, “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbələri Kənan Qələndərov və Yəhya Abdullalı isə ikinci yerə layiq görülmüşlər.

Tədbirdə qonaq qismində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyinin idarə heyətinin sədri və üzvləri, “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakultəsinin tələbələri də iştirak etmişlər.

Tədbirin sonunda hər iki komandanın üzvlərinə, “şahidlərə”, eyni zamanda fəal iştirak edən şəxslərə qiymətli hədiyyələr və sertifikatlar təqdim edilmişdir.
 

Geriyə | Çap versiyası