xəbərlər

Polis Akademiyasında “Antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsinə dair” silsilə tədbirlər davam edir

24.04.2023

20 aprel 2023-cü il tarixində Polis Akademiyası və Xəzər RPİ-nin əməkdaşlarının birgə təşkilatçılığı ilə “Antinarkotik təbliğatı” ilə bağlı Xəzər rayonu 334 nömrəli tam orta məktəbdə “Narkomaniya sosial bəladır”, “Zərərli vərdişlərə yox deyək” və “İnternetdən təhlükəsiz istifadə” mövzularında maarifləndirici-profilaktik tədbir keçirilib.

Tədbirdə Akademiyanın “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru”nun üzvləri - Mülki hüquq kafedrasının baş müəllimi, polis baş leytenantı Ata Vəliyev və Kriminalistika kafedrasının müəllimi, polis baş leytenantı İsmayıl Əmirli, habelə Şəxsi Heyətlə İş üzrə şöbənin inspektoru, polis mayoru İlqar Quliyev, eyni zamanda Xəzər RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin baş inspektoru, polis mayoru Xəyalə Həsənova, 334 nömrəli tam orta məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbin digər pedaqoji heyəti və 9-10-cu sinif şagirdləri iştirak ediblər.

Tədbir zamanı Kriminalistika kafedrasının müəllimi, polis baş leytenantı İsmayıl Əmirli “Narkomanlığın neqativ fəsadları və profilaktikası” və “Zərərli vərdişlərə yox deyək” mövzusunda çıxış edərək ölkəmizdə narkotik cinayətkarlığının sosial neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları, eləcə də digər zərərli vərdişlər və onlardan qorunma yolları barədə məktəblilərə məlumat vermişdir.

Daha sonra Mülki hüquq kafedrasının baş müəllimi, polis baş leytenantı Ata Vəliyev “İnternetdən təhlükəsiz istifadə” mövzusunda çıxış etmiş, müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internetin faydaları və zərərləri barədə şagirdləri məlumatlandırmışdır. A.Vəliyev çıxışında internet vasitəsilə törədilən kibercinayətlər barədə, sosial şəbəkələrdə dini ekstremizmin və radikalizmin geniş vüsət alması, habelə müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin və alqı-satqısının internet üzərindən həyata keçirilməsinin sosial-neqativ təzahürləri barədə tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.
 
 
 

Geriyə | Çap versiyası