xəbərlər

Polis Akademiyasının əməkdaşı “Heydər Əliyev və dini tolerantlıq” adlı Respublika Elmi Konfransında iştirak edib

26.04.2023

26 aprel 2023-cü il tarixində DİN-in Polis Akademiyasının Dil hazırlığı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, polis baş leytenantı Aynur Səfərli Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və dini tolerantlıq” mövzusunda Respublika Elmi Konfransında iştirak edib. Konfransı Azərbaycan İlahiyyat İnstitutunun elm və innovasiyalar üzrə prorektoru f.f.d., dos. Mirniyaz Mürsəlov giriş nitqi ilə açaraq iştirakçıları və qonaqları salamladı, konfransın işinə uğurlar arzuladı.

Daha sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri f.e.d. Mübariz Qurbanlı, Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, millət vəkili i.f.d. Ceyhun Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvü, BDU-nun professoru Şahlar Əsgərov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq multikultralizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru i.f.d. Mehman İsmayılov açılış nitqi ilə çıxış etdilər.

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitututları, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və s. müəssisələrin elmi əməkdaşlarının iştirak etdiyi konfransda DİN-in Polis Akademiyasını Dil hazırlığı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, polis baş leytenantı Aynur Səfərli təmsil etmişdir. A.Səfərli “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı məqalə ilə məruzə edərək gəncliyin hər bir ölkənin gələcəyinin təməli olduğunu, gəncliyin yüksək intellektual biliyə, sağlam ruh və bədənə malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi, gənc nəslin düzgün yetişdirilməsinin ölkə siyasətində önəmli yer tutan məsələlərdən olduğunu vurğuladı, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu, gənclərlə işin hər zaman Ulu öndərin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Konfrans iştirakçıları sertifikat və hədiyyələrlə təltif olundular.
 
 

Geriyə | Çap versiyası