xəbərlər

Polis Akademiyasının əməkdaşı Polşanın Varşava şəhərində keçirilən seminarda iştirak edib

27.04.2023

2023-cü ilin 25 – 26 aprel tarixlərində Avropa İttifaqı Hüquq-Mühafizə Təlimləri üzrə Agentliyi (CEPOL) tərəfindən Şərqi Avropa ölkələrindən, o cümlədən Azərbaycandan olan nümayəndələr üçün Polşanın Varşava şəhərində “Şəbəkə Potensialının Artırılması” layihəsi çərçivəsində “Ədliyyə və daxili işlər agentlikləri ilə əməkdaşlığın gücləndirilməsi” mövzusunda seminar keçirilib. Seminarda DİN-in Polis Akademiyasını Dil hazırlığı kafedrasının rəisi, polis polkovnik-leytenantı Orucov Elçin Meyvəddin oğlu təmsil edib. Ümumilikdə Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistandan olan nümayəndələrin iştirakı ilə keçirilən görüş CEPOL-un TOPCOP layihəsi çərçivəsində həyata keçirilmişdir.  
Tədbiri CEPOL-un Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Aleksandru Nikulita açaraq seminar iştirakçılarını açılış nitqi ilə salamladı.

Seminarda “EUROPOL”, “FRONTEX”, “EUROJUST”, “EMCDDA” və digər beynəlxalq qurumların nümayəndələri tərəfindən insan qaçaqçılığı, insan alveri, narkotik və silahların qanunsuz dövriyyəsi istiqamətində müasir dünyada yeni trendlər və bu növ cinayətlərə qarşı mübarizədə məlumat mübadiləsi və təlimlərin rolu barədə mövzular müzakirə olundu. Daha sonra iştirakçı ölkələr üzrə nümayəndələr ümumilikdə cinayətkarlığın müxtəlif istiqamətləri üzrə təqdimatlarla çıxış etdilər.

Görüşdə eyni zamanda Milli və Avropa İttifaqı məkanında ən müasir təlim imkanları, iştirakçı ölkələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları üçün həyata keçirilən treninqlər, “Təlimçilərin təlimi” konsepsiyası, TOPCOP layihəsi çərçivəsində iştirak edən əməkdaşların daha sonra əldə etdikləri bilik və bacarıqların öz həmkarlarına ötürülməsi, vahid təlim cədvəlinin (ilkin olaraq insan alveri sahəsi üzrə) hazırlanaraq iştirakçı ölkələrdə tətbiq edilməsi, onlayn öyrətmə sistemləri və Avropa İttifaqı CEPOL-a aid mövcüd “Leed” sistemində onlayn təlim imkanları kimi məsələlər müzakirə edilib.

Seminarın gedişatınında Cinayət Təhlükələrinə qarşı Multidisiplinar Platforma olan “EMPACT” qurumu və imkanları barədə məlumat verilmiş və gələcəkdə bu qurumun ölkələr üzrə əlaqələndirici nümayəndələrinin müəyyən olunmasının cinayətkarlığa qarşı mübarizədə vacib addım olacağı vurğulanmışdır. Eyni zamanda beynəlxalq müstəvidə “JİT” Birgə İstintaq Qrupları və “JAD” Birgə Fəaliyyət Günləri adı altında cinayətkarlığa qarşı effektiv mübarizə üsullarının tətbiqinin məqsədəmüvafiq olduğu qeyd edildi.

Seminar boyu iştirakçı ölkələr arasında ən yaxşı təcrübə və məlumat mübadiləsinin əhəmiyyətindən də danışıldı və bu məqsədlə CEPLO-un “TOPCOP” layihəsi çərçivəsində keçirilə biləcək regional və ölkədaxili təlim imkanları, habelə təcrübə mübadiləsi məqsədilə qarşılıqlı ölkə səfərləri və ümumilikdə CEPOL-un təşkilati və informativ dəstəyi ilə təlim imkanları geniş müzakirə edildi.   
 

Geriyə | Çap versiyası