xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyasının DİN-in Sankt-PeterburqUniversitetində onlayn formatda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib

27.05.2023

25-27 may 2023-cü il tarixlərində Rusiya Federasiyasının DİN-in Sankt-Peterburq Universitetində onlayn formatda “Daxili işlər orqanları əməkdaşlarının müasir şəraitdə atəş, xüsusi taktiki və fiziki hazırlığın təkmilləşdirilməsi məsələləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda DİN-in Polis Akademiyasının Hərbi kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Elşən Hacıyev iştirak edib.

Tədbiri giriş sözü ilə açan, Rusiya Federasiyasının DİN-in Sankt-Peterburq Universitetinin rəisinin elmi işlər üzrə müavini, hüquq elmləri doktoru,  polis polkovniki Maksim Bavsun müzakirə edilən mövzuların daxili işlər orqanlarının əməkdaşlarına  gələcək xidməti fəaliyyətlərində verilən tapşırıqların uğurla yerinə yetirmələrində vacibliyini xüsusi olaraq qeyd edib.
Konfransda polis orqanlarında mürəkkəb və istismarı təhlükəli olan xüsusi vasitə, silah və döyüş texnikasından istifadə etmək bacarığı, müxtəlif ekstremal şəraitlərdə polis əməkdaşının qarşıya qoyulmuş tapşırığın düzgün yerinə yetirmələri üçün  hazırlıq səviyyəsinin yüksəldilməsi, müxtəlif növ xüsusi vasitə və odlu silahlardan düzgün istifadə etmə qaydaları və onların taktiki-texniki xüsusiyyətlərini bilmələri, silah və xüsusi vasitələrin tətbiqini peşəkarcasına həyata keçirmə qabiliyyətləri və ən əsası da polis əməkdaşlarının şəxsi təhlükəsizliyinin təmin edilməsi kimi aktual məsələlərə toxunulub.

Konfransda atəş dərslərində gərgin vəziyyətdə əldə silahı sıxmaq, narahatçılıq, psixoloji durum, şəxsi təhlükəsizlik, sürətli və çevik hərəkət, əzələ tonusu və s. kimi amillərin atıcıların (əməkdaş və kursantların) nəticələrinə təsiri üzrə fikir mübadiləsi aparılmış və gələcəkdə qabaqcıl yeni müasir texnologiyaların tətbiqinin vacibliyi məsələlərinin müzakirəsi ilə davam edib.
Qeyd olunan konfrans ilə əlaqədar Hərbi kafedranın baş müəllimi, polis polkovnik-leytenantı Elşən Hacıyev tərəfindən “Daxili işlər orqanları əməkdaşları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrinin və odlu silahının tətbiqinin beynəlxalq-hüquqi əsasları” mövzusunda elmi məqalə hazırlanıb təqdim edilib.


Geriyə | Çap versiyası