xəbərlər

Polis Akademiyasının əməkdaşları Türkiyə Respublikasının Ankara şəhərində keçirilən III beynəlxalq Təhlükəsizlik Konqresində iştirak ediblər

05.10.2023

28–29 sentyabr  2023-cü il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Daxili İşlər Nazirliyinin Jandarma və Sahil Təhlükəsizliyi Akademiyası tərəfindən “Kriminalistika və kriminologiya elmləri” mövzusunda keçirilən, III beynəlxalq Təhlükəsizlik Konqresində DİN-in Polis Akademiyasının Cinayət hüququ kafedrasının müəllimi, polis baş leytenantı Elnur Nəcəfov və Kriminalistika kafedrasının müəllimi, polis leytenantı Fəxrəddin Cəfərov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Jandarma və Sahil Təhlükəsizliyi Akademiyasının rəisi, general-mayor Şakir Uslu əvvəlcə qonaqları salamlayıb və artıq üçüncü dəfə təşkil olunan konfransın əsas məqsədinin Türkiyə və digər xarici ölkələrin hüquq sistemlərinin xüsusilə müasir kriminalistik texnikaların qarşılıqlı müqayisəsi, mövcud olan kriminoloji problemlərin və onların həlli üzrə təklif olunan əsas fikirlərin müzakirəsi, həmçinin hüquqşünasların bu sahədəki təcrübələrinin təkmilləşdirilməsi olduğunu vurğulayıb.
İki gün davam edən konqresin bu ilki əsas mövzusu kriminalistik bilik və təcrübələrin bölüşdürülməsinə, eyni zamanda kriminologiyanın predmeti kimi ayrı-ayrı cinayətlərin baş vermə səbəbləri və onların qarşısının alınması üçün görülə biləcək tədbirlərə həsr olunub.

Konqresdə narkotik vasitələrin cinayətlərin törədilməsində təsiri, narkotik aludəçilərinin psixoloji vəziyyəti və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin qarşısının alınması tədbirləri, son dövrlərdə artan kibercinayətlər, onlarla mübarizədə istifadə olunan üsullar və informasiya bazasının yaradılmasının vacibliyi, qanunsuz miqrasiya və onun cinayətkarlığa təsiri haqqında çıxışlar edilib. Həmçinin yetkinlik yaşına çatmayan şəxsləri cinayət törətməyə sövq edən faktorlar və Türkiyədəki yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin ümumi göstəriciləri haqqında məlumatlar verilib. Təhlillərə əsasən yetkinlik yaşına çatmayanlar  tərəfindən törədilən cinayətlərin hər il sürətlə artdığı, əsas problemin sosial səbəblərdən qaynaqlandığı, ailə, valideyin uşaq münasibətlərinin necə tənzimlənməli olduğu və bu sahədə dövlət orqanlarının üzərinə düşən vəzifələr qeyd edilib.
Ümumilikdə konqres işgüzar və səmərəli şəkildə baş tutub.
 
 

Geriyə | Çap versiyası