xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyası DİN-in Krasnodar Universitetində keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib

24.11.2023

24 noyabr 2023-cü il tarixində Rusiya Federasiyası DİN-in Krasnodar Universitetində “Ekstremizm və terrorizmə qarşı mübarizə: fəlsəfi, sosial və siyasi aspektlər” mövzusunda videokonfrans formatında beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda DİN-in Polis Akademiyasının DİO-da əməliyyat-axtarış fəaliyyəti kafedrasının rəisi, polis polkovnik-leytenantı Orxan Məmmədov iştirak edib.

Tədbiri giriş sözü ilə açan Krasnodar Universitetinin rəisi, hüquq elmləri doktoru, professor A.V.Simonenko konfrans iştirakçılarını salamlayaraq onlara müvəffəqiyyətlər və yeni elmi nailiyyətlər arzu edib.

Konfrans çərçivəsində müxtəlif ölkələrin Xüsusi təyinatlı ali təhsil müəssisələrinin əməkdaşları tərəfindən “Mərkəzi Asiyada ekstremizmə qarşı daxili işlər orqanlarının fəaliyyəti”, “Qanunsuz kütləvi etiraz aksiyalarına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi üçün daxili işlər orqanları əməkdaşlarının təliminin psixoloji xüsusiyyətləri”, “Mərkəzi Asiya ölkələrində dini-siyasi ekstremizm və Tacikistan Respublikasında ona qarşı mübarizənin bəzi xüsusiyyətləri”, “Rusiya Federasiyası ərazisində qadağan olunmuş Sağ Sektor təşkilatı tərəfindən istifadə edilən informasiya və telekommunikasiya texnologiyaları vasitəsilə ekstremist fəaliyyətə cəlb edilmənin xüsusiyyətləri” mövzularında çıxışlar edilib və mövzulara aid məsələlər üzrə müzakirələr aparılıb.

Ümumilikdə konfrans işgüzar və səmərəli şəkildə keçirilib.
 
 
 

Geriyə | Çap versiyası