xəbərlər

Polis Akademiyasında “Müharibə cinayətləri törətmiş təqsirləndirilən şəxsin dindirilməsi zamanı psixi zorakılığa yol vermək olar” mövzusunda debat keçirilib

25.12.2023

25 dekabr 2023-cü il tarixində DİN-in Polis Akademiyasında Kriminalistika kafedrasının təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin Akademiyası ilə birlikdə Dünya Azərbaycanlıların Həmrəylik Gününə həsr olunmuş “Müharibə cinayətləri törətmiş təqsirləndirilən şəxsin dindirilməsi zamanı psixi zorakılığa yol vermək olar” mövzusunda debat keçirilib.
İlk olaraq Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra Polis Akademiyasının rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov debatı açıq elan edərək qonaqları salamlayıb və Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Bundan sonra Kriminalistika kafedrasının müəllimi, polis kapitanı İsmayıl Əmirli tədbir iştirakçılarını salamlayaraq proqramı elan edib və debat yarışlarının təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, ünsiyyət yaratmaq, nitq mədəniyyətini gücləndirmək, məntiqi, tənqidi və yaradıcı düşünmək bacarığını formalaşdırmaq üçün uğurlu elmi-təlim modeli sayıldığını vurğulayıb. Bu bacarıqlara yiyələnən şəxsin geniş auditoriya qarşısında sərbəst, səlis çıxış edə, fikrini daha dolğun və dəqiq çatdıra biləcəyini də nəzərə çatdırıb.

Yarışda Polis Akademiyasını əyani təhsil üzrə III kurs kursantları Qəfər Bədəlov, Erol İsayev və Ramin Məmmədov təmsil etməklə təsdiq mövqeyində, Dövlət Gömrük Komitəsinin Akademiyasını II kurs tələbələri Rəşad Zeynalov, Nilufər Məmmədli və Aydan İsmayılova təmsil etməklə inkar mövqeyində çıxış ediblər. Qarşılıqlı çəkişmə və sual-cavab nəticəsinə əsasən sonda hakimlər hər iki komandanı qalib elan ediblər. Belə ki, iki xüsusi təyinatlı ali təhsil müəssisəsi arasında keçirilən bu müsabiqə təhsil və tədqiqat sahəsində akademiyalar arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyıb.
Debatın sonunda hər iki komandanın iştirakçılarına və Dövlət Gömrük Komitəsinin Akademiyasının nümayəndəsinə hədiyyələr təqdim olunub.
 
 
 
 
 

Geriyə | Çap versiyası