xəbərlər

Polis Akademiyasının əməkdaşı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib

16.01.2024

 16 yanvar 2024-cü il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə “Kibertəhlükəsizlik təhsili və əməkdaşlıq” mövzusunda tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin, AKTA üzvü olan şirkət və təşkilatların, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ali təhsil müəssisələrində yaradılmış kiber klubların fəaliyyəti, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində həyata keçirilən təhsil ilə bağlı məlumatların dəyirmi masa ətrafında müzakirəsi olub.

16 ali təhsil müəssisəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə DİN-in Polis Akademiyasını DİO-da əməliyyat-axtarış fəaliyyəti kafedrasının rəisi, polis polkovnik-leytenanantı Orxan Məmmədov təmsil edərək “Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə təhsil” mövzusunda çıxış edib.
İştirakçılar tərəfindən informasiya texnologiyaları, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə təhsil prosesində əldə olunmuş nailiyyətlər, eləcə də müvafiq sahədə təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə atılmalı addımlar, ehtiyaclar və yaradılmış kiber klubların fəaliyyəti ilə bağlı fikirlər səsləndirilib. Ali təhsil müəssisələrində fəaliyyət göstərən kiber klubların səmərəliliyinin artırılması məqsədilə “Kiber klublar birliyinin” yaradılmasının və tərəfdaş xarici ölkələrin analoji birlikləri ilə əməkdaşlığın təmin olunmasının əhəmiyyəti vurğulanıb.

Həmçinin Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə AKTA tərəfindən icra olunan “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi barədə iştirakçılara məlumat verilib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məqsədilə təkliflər diqqətə çatdırılıb.
Müzakirə olunan məsələlərin aktuallığı və həllinin daha kompleks yanaşma tələb etməsi, habelə aidiyyəti tərəflərin iştirakı ilə mütəmadi və davamlı müzakirələrin təşkil olunmasının əhəmiyyəti nəzərə alınaraq, gələcəkdə bu cür görüşlərin sayının artırılması iştirakçılar tərəfindən məqsədəuyğun hesab olunub.
Ümumilikdə tədbir səmərəli şəkildə baş tutub.

 
 
 

Geriyə | Çap versiyası