xəbərlər

Polis Akademiyasına qəbulla əlaqədar həyata keçirilən təbliğat və təşviqat işlərində fəallıq göstərən ərazi polis orqanları və Təhsil sektorlarının əməkdaşları ilə görüş keçirilib

19.03.2024

Gənclərin daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmətə və təhsilə təşviq edilməsində, eləcə də 2024/2025-ci tədris ilində əyani təhsilə 500 kursantın qəbulu ilə əlaqədar fiziki və mənəvi cəhətdən sağlam namizədlərin seçilməsində Polis Akademiyasının əməkdaşları tərəfindən həyata keçirilən təbliğat-təşviqat işlərində fəallıq göstərən ərazi polis orqanları və Təhsil sektorlarının əməkdaşları ilə 19 mart 2024-cü il tarixdə Akademiyada görüş keçirilmişdir.

Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov daxili işlər orqanlarının yüksək nəzəri və təcrübi biliklərə yiyələnmiş ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə sağlam düşüncəli və intellektli gənclərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini, ərazi polis orqanları ilə birlikdə təbliğat-təşviqat işlərinin davamlı aparıldığını qeyd etmiş və bu işdə fəallıqlarına, eləcə də göstərdikləri dəstəyə görə qonaqlara təşəkkürünü bildirmişdir.

Tədbirdə iştirak edən Tərtər rayonu Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbin direktoru Amil Hüseynov, Qəbələ rayonu Təhsil sektorunun metodisti İbrahim Faxlulov, Lənkəran ŞRPŞ-nin İctimai təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Fazil Bağırov, Quba RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Orxan Şahmarov və Ağdam RPŞ-nin Kadrlar qrupunun kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis kapitanı Emin Vəliməmmədov Akademiyaya dəvət olunduqları üçün məmnun olduqlarını bildirərək gələcəkdə də bu istiqamətdə səylərini əsirgəməyəcəklərini ifadə etmişlər.

Tədbirin sonunda qonaqlara qiymətli hədiyyələr təqdim edilmiş və xatirə şəkli çəkilmişdir.
 
 
 
 

Geriyə | Çap versiyası