xəbərlər

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Şabran rayonunun Qalaaltı otelində keçirilən Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqədə Polis Akademiyasının komandası I yerə layiq görülüb

20.04.2024

15-20 aprel 2024-cü il tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqə keçirilib.

Müsabiqədə DİN-in Polis Akademiyasının, Daxili Qoşunların Ali Hərbi Məktəbinin, ADA Universitetinin, Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun, Naxçıvan Dövlət Universitetinin və Milli Aviasiya Akademiyasının tələbələrindən ibarət 9 komanda iştirak edib.

Müsabiqədə DİN-in Polis Akademiyasını “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının baş müəllimi, polis polkovniki Zaur Bağırovun rəhbərliyi ilə IV kurs kursantı Kənan Qurbanlı və III kurs kursantları Azər Tapdıqlı və Yunis Əliyev təmsil ediblər.
İki mərhələdən ibarət olan müsabiqənin ilk mərhələsində 15-17 aprel 2024-cü il tarixlərində iştirakçılara BQXK-nın Azərbaycandakı nümayəndəliyinin əməkdaşları tərəfindən mühazirələr oxunub.
18-20 aprel 2024-cü il tarixlərində Şabran rayonunun Qalaaltı otelində Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqənin ikinci mərhələsi keçirilib.

Müsabiqədə tələbələrin rol-oyunu-simulyasiya və praktiki tapşırıqlar zamanı beynəlxalq Humanitar hüquq normaları barədə bilikləri, eləcə də bu normaları tətbiq etmə bacarıqları qiymətləndirilib. Gərgin mübarizənin sonunda müsabiqənin qalibi     DİN-in Polis Akademiyasının komandası olub. ADA Universitetinin komandası 2-ci yeri, Bakı Dövlət Universitetinin komandası isə 3-cü yeri tutub.
Bu mərhələ müstəqil hakimlər heyəti tərəfindən qiymətləndirilib.


Geriyə | Çap versiyası