xəbərlər

Polis Akademiyasında interaktiv təlim metodları ilə mühazirə dərslərinin keçirilməsi davam etdirilir

08.05.2024

Kursantlarda nitq mədəniyyətinin və sərbəst fikir ifadə etmək bacarıqlarının formalaşdırılması məqsədilə Polis Akademiyasının tədris prosesində mühazirə və təcrübə dərsləri müxtəlif interaktiv təlim metodlarından istifadə edilməklə təşkil olunur.

26 aprel 2024-cü il tarixində Polis Akademiyasının əyani təhsil üzrə III kurs kursantları ilə Akademiyada tədris olunan “DİO-nun inzibati fəaliyyəti-1” və “Cinayət hüququ -3” fənləri üzrə interaktiv üsullarla məşğələ dərsləri keçirilib.

DİO-nun inzibati fəaliyyəti kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent Şahin Şükürov tərəfindən “Daxili işlər orqanlarında xidmət keçmə və onun hüquqi tənzimlənməsi” mövzusunda qruplarla iş metodu ilə keçirilən mühazirə dərsində kursantlar komandalara bölünüb. Komanda üzvləri lövhə, plakat və slaydlardan istifadə etməklə beynəlxalq təcrübədən yararlanaraq Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarının qanunvericiliyinə dair təqdimatlarla çıxış ediblər.

“Cinayət hüququ” kafedrasının müəllimi, polis baş leytenantı Elnur Nəcəfov tərəfindən “Oğurluq cinayətində məsuliyyətin həll edilməsində dəyən ziyanın rolu” mövzusunda debat üsulu ilə keçirilən interaktiv dərsdə hər biri üç nəfərdən ibarət iki komanda iştirak edib. Hər bir komanda əvvəlcədən müəyyən edilmiş suallar üzrə təqdimatlar hazırlamışdır. Birinci komanda “Oğurluq cinayətlərində miqdarın olmasının vacibliyi və müəyyən miqdardan az əmlakın talanmasının cinayət məsuliyyəti yaratmamalı olduğunu” müdafiə edən təsdiq komandası,  ikinici komanda isə   “Oğurluq cinayətinin ümumiyyətlə dəymiş ziyanla deyil, şəxsin niyyəti ilə cinayət məsuliyyəti yaratmalı olduğunu” müdafiə edən inkar komandası olub.

Mövzular ətrafında komanda üzvlərinin təqdimatları dinlənilib və kursantlarla diskussiyalar təşkil edilib. Eyni zamanda taqımın digər kursantları da mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Hər iki dərsin sonunda komanda üzvləri və fərqlənən kursantların qiymətləndirilməsi aparılıb.

 
 
 
 

Geriyə | Çap versiyası