Kitabxana

Polis Akademiyasının əsas strukturlarından biri olan kitabxana akademiyanın təsis edildiyi tarixdə, 1921-ci ildə təşkil olunmuşdur. Əvvəlcə ayrı strukturlar olmuş Ümumi və Xüsusi kitabxana Polis Akademiyasında ştatların komplektləşdirilməsi ilə əlaqədar olaraq 03 dekabr 2020-ci il tarixdə ləğv edilmiş, hər iki kitabxananın bazasında vahid Kitabxana yaradılmışdır. Kitabxanada 3 serjant və 2 zabit kitabxanaçı ştatı vardır. Kitabxana Azərbaycan Respublikasının Konstitusiyasını, «Təhsil haqqında» qanunu, «Kitabxana işi» haqqında qanunu, Ali təhsil müəssisələrinin kitabxanalarının əsasnaməsini və normativ aktlarını, Akademiya rəhbərliyinin əmr, sərəncam və göstərişlərini rəhbər tutmaqla öz fəaliyyətini qurur.
Kitabxananın fondu «Kitabxana işi haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, ölkədə nəşr olunan çap məhsullarından 2 pulsuz məcburi nüsxə ilə, Akademiya nəşriyyatından, köçürmə yolu ilə, mübadilə yolu ilə, ayrı-ayrı müəlliflərin hədiyyəsi və s. mənbələrdən əldə olunan ədəbiyyatla komplektləşdirilir. Kitabxanada elmi, tədris və digər ədəbiyyatlardan ibarət kitab fondunun elektron kataloqu, verilənlər bazası 2010-cu  ildən yaradılmağa başlanılmışdır.
 

 
Əvvəlcə ayrı fəaliyyət göstərmiş Xüsusi kitabxananın tarixi 1957-ci ildə Bakı Xüsusi Orta Milis Məktəbinin yaradılmasından başlanılır. Xüsusi kitabxananın ştatı 1 nəfər kitabxanaçı əməkdaşdan ibarət olmuş, 80-cı illərdə isə kitabxana əməkdaşlarının sayı 4 nəfərə qədər artırılmışdır.
Məlumdur ki, 1992-ci ildə Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında ali hüquq təhsili verən DİN-in Polis Akademiyası yaradıldı və bundan sonra xüsusi kitabxanadan istifadə edən oxucuların, eləcə də kitabxananın xidmət göstərdiyi fənlərin sayı bir neçə dəfə artdı.
Buna müvafiq olaraq ştat cədvəlində də dəyişikliklər edildi. Belə ki, 1995-ci ildə xüsusi kitabxananın ştatında mülki işçilərin əvəzinə 4 zabit vəzifəsi nəzərdə tutulmuşdur.
2005-ci ildə DİN-in və Akademiya rəhbərliyinin qayğısı sayəsində xüsusi kitabxana yeni tədris binasına köçürülmüş, kitab saxlama fondu genişləndirilmiş və  42 nəfərlik yeni oxu zalı yaradılmışdır.
2019-cu ildə Polis Akademiyasının xüsusi kitabxanasının oхu zalında oxucu yerlərinin sayı 72 nəfərə qədər artırılmış, müasir tələblərə cavab verən avadanlıqlarla, yeni masalar və plakatlarla təchiz edilmişdir. Oхu zalında 4 ədəd nəzərət-müşahidə kamerası, monitor və giriş qapısında maqnit qıfıl quraşdırılmışdır. Bütün görülən tədbirlər əsasən kitabxanadan istifadənin məqsədlərinə – oxucu sorğularının operativ və tam ödənilməsinə, onun təkmilləşdirilməsinə və nəticədə tədris prosesinin daha keyfiyyətli təmin edilməsinə yönəlmişdir.
 

 
Xüsusi kitabxana öz fəaliyyətini dövlət sirrinin mühafizəsi və məxfilik rejiminin tələblərinə uyğun təşkil etmişdir. Bu tədris-köməkçi hissənin məqsədi professor-müəllim heyətini, kursant və dinləyiciləri müxtəlif məxfi xarakterli xüsusi nəşrlərlə və materiallarla təmin etməkdən ibarətdir. Bir gün ərzində oxuculara çoxlu sayda müxtəlif məzmunlu xüsusi nəşrlərin nüsxələrinin, DİN-in normativ hüquqi aktlarının və xüsusi iş dəftərlərinin təhvil-təslimi həyata keçirilir. Xüsusi kitabxananın spesifik xüsusiyyəti əməkdaşların üzərinə böyük məsuliyyət qoyur.
Xüsusi rejimli hissənin əməkdaşları olmaqla kitabxanaçılar daimi olaraq məxfi sənədlərlə işləyən oxucuların müvafiq qaydaları pozmamalarına diqqətlə nəzarət etməlidirlər. Məxfi sənədlərlə gərgin və məsuliyyətli iş rejimi əməkdaşlardan mütəşəkillik və intizamlılıq, diqqətin cəmlənməsini və yaxşı yaddaşa malik olmağı tələb edir. Professionallıq və onun daima artırılması, hər bir əməkdaşın fəaliyyətinin səmərəliliyinin müəyyən edilməsinin əsas meyarı hesab olunur.

Polis Akademiyasının Xüsusi Kitabxanası Akademiyanın struktur hissəsi olmaqla, Kitabxana fonduna daxil olan xüsusi ədəbiyyatların, normativ hüquqi aktların, digər xüsusi nəşrlərin (dərsliklər, dərs vəsaitləri, mühazirələr, məcmuələr, tədris-metodik vəsaitlər, məlumat bulletenləri və digər materiallar), tədris olunan fənlər üzrə xüsusi dəftərlərin qorunub saxlanılması, tədris-təlim prosesində və elmi-tədqiqat işləri ilə əlaqədar oxucuların istifadəsinə verilməsi, məxfilik  rejiminin təmin edilməsini həyata keçirir.
Hazırda akademiyada fəaliyyət göstərən kitabxananın ümumi fonduna 143867 ədəd kitab, jurnal və digər təhsil resursları daxildir. Onlardan 105589 ədədi hüquq ədəbiyyatı, dərslik, dərs vəsaiti və normativ-hüquqi aktlar, 38278 ədədi isə ensiklopediya, lüğət və bədii ədəbiyyatlardır.
Kitabxana fondunun elektron kataloqa daxil edilməsi davam etdirilir. 2010-cu ildən İRBİS-64 proqramının 5 moduluna əsasən kitabxanada elmi, tədris və digər ədəbiyyatlardan ibarət kitab fondunun elektron kataloqu yaradılmışdır. Elektron kataloq oxuculara dünyanın istənilən nöqtəsində internet şəbəkəsi vasitəsilə xidmət göstərməyə imkan verir.
 


Polis Akademiyasında Heydər Əliyev Mərkəzində də kitabxana fəaliyyət göstərir. Ümummilli liderimiz haqqında oxucular tərəfindən ən çox soruşulan kitabların  (“Ümummilli Lider. Xronologiya (1923-2003)”, “Heydər Əliyevin nitqləri, çıxışları, məruzələri, müsahibələri, bəyanatları”, “Xarici siyasət fəaliyyətinin xronologiyası (1993-2003)”, “Müstəqilliyimiz əbədidir. Elektron külliyyat”) elektron variantı həm akademiya kitabxanasının, həm də Heydər Əliyev Mərkəzinin elektron kitabxanasının bazasına yerləşdirilmişdir.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitablar, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən hədiyyə edilmiş çap məhsulları kitabxana fondunun zənginləşməsində əhəmiyyətli rol oynayır.

İnformasiya və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək məqsədilə Avropa Hüquqşünaslar Assosiasiyası, BMT-nin İnsan hüquqları üzrə mərkəzi, Avropa Şurası İnsan Hüquqları Baş Direktorluğu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, “Azərbaycan Hüquqşünaslar Konfederasiyası”və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası ilə yaradılmış əlaqələr çərçivəsində həmin qurumların dəstəyi ilə nəşr edilən 28 adda 3457 ədəd ədəbiyyat Polis Akademiyasının kitabxana fonduna təqdim olunmuşdur.
Həyata keçirilmiş məqsədyönlü fəaliyyətin nəticəsidir ki, “Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında kitabı”nda Daxili İşlər Nazirliyinin kitabxanaları haqqında da məlumat yerləşdirilmişdir.
Kitabxananın 138 nəfərlik oxu zalı oxucuların istifadəsinə verilmişdir. Bununla yanaşı, yataqxanalarda da oxu zalları və zəruru didaktik fond mövcuddur ki, kursantlarımız günün istənilən saatlarında onlardan istifadə etmək hüququna malikdirlər.

Son beş ildə fənlərin təhsil resursları ilə zənginləşdirilməsi, təhsilalanların mənimsəmə səviyyəsinin yüksəldilməsi məqsədilə 308 adda 44064 ədəd dərslik və dərs vəsaiti, 105 adda 525 ədəd bədii ədəbiyyat alınaraq kitabxana fonduna daxil edilmişdir.
Bu sahədə beynəlxalq əlaqələrimizin təşkili həmin dövlətlərdə nəşr olunan vəsaitlərdən tədris prosesində istifadə olunmasına imkan yaratmışdır. Belə ki, Rusiya Federasiyasının İdarəçilik Akademiyası, Voronej Hüquq İnstitutu, Ukrayna Respublikası DİN-in Xarkov İnstitutu, Belarus Respublikasının Moqilyov İnstitutundan və Qazaxıstan Respublikası DİN-in Aktyubinsk İnstitutundan 259 adda 319 ədəd vəsait alınaraq, müəllimlərin və kursantların istifadəsinə verilmişdir.


Geriyə | Çap versiyası