Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının beynəlxalq əməkdaşlığı

Beynəlxalq əməkdaşlıq bölməsi
 
Polis Akademiyasında 2006-cı ildə yaradılan Beynəlxalq əməkdaşlıq qrupu sonralar stuktur bölmə kimi fəaliyyət göstərmişdir. Beynəlxalq əməkdaşlıq bölməsi Akademiyanın digər struktur bölmə və şöbələri, fakültə və kafedraları ilə qarşılıqlı əlaqədə olmaqla, işini birgə əməkdaşlıq əsasında qurur. Bununla yanaşı bölmə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində fəaliyyət göstərən beynəlxalq əməkdaşlıq qurumları ilə müntəzəm əlaqə saxlayır.
Hazırda beynəlxalq əməkdaşlıq bölməsində bölmə rəisi, 1 baş inspektor və 2 inspektor olmaqla 4 əməkdaş xidmət edir.



Beynəlxalq əməkdaşlıq bölməsinin əməkdaşları

Ötən illər ərzində Beynəlxalq əməkdaşlıq bölməsi Akademiyanın beynəlxalq səviyyədə tanınması, onun imicinin formalaşdırılması və xarici strategiyasının dövlətin mənafeyinə uyğun reallaşdırılması istiqamətində fəaliyyət göstərmişdir.
Avropa polis təhsili texnologiyalarını öyrənmək və bu sahədə fəaliyyəti təkmilləşdirmək məqsədilə 2 fevral 2010-cu ildə DİN-in Polis Akademiyası Avropa Polis Kollecləri Assosiasiyasına üzv olmuşdur. Bölmənin qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələri xarici dövlətlərlə universitetlərarası müəllim və tələbə mübadiləsinə, professor-müəllim heyətinin bu dövlətlərin ali təhsil müəssisələrində elmi və pedaqoji fəaliyyətinə, ixtisasını artırmasına, elmi-metodik ədəbiyyatın təbliğinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurum və təşkilatların nümayəndəlikləri ilə əməkdaşlığın genişləndirilməsinə imkan vermiş və Akademiyanın kadr hazırlığını beynəlxalq standartlara uyğunlaşdırmağa şərait yaratmışdır. Qabaqcıl dövlətlərin təcrübəsinin öyrənilməsi və onun təlim-tədris prosesində tətbiqi Akademiyanın bu sahədə daha da inkişaf etməsinə gətirib çıxarmışdır.

Beynəlxalq əməkdaşlıq bölməsinin əməkdaşları iş prosesində

Bu vaxtadək Polis Akademiyasının əməkdaşlarının Almaniya, İspaniya, Fransa, İtaliya, Türkiyə, Avstriya, Serbiya, Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və bir sıra digər ölkələrdə keçirilmiş beynəlxalq konfrans və tədbirlərdə, Avropa Şurası və Avropa İttifaqının, habelə bir sıra digər beynəlxalq qurum və təşkilatların proqram və layihələrində iştirakı yeni əlaqə və layihələrin yaranmasına stimul vermişdir.
Beynəlxalq əməkdaşlıq bölməsi Akademiya və daxili işlər orqanlarının fəaliyyəti haqqında obyektiv ictimai rəyi formalaşdırmaq məqsədilə Akademiyanın həyatında baş verən mədəni və tarixi hadisələri Polis Akademiyasının rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə çatdırır. Eyni zamanda DİN-in mətbuat xidməti vasitəsilə kütləvi informasiya vasitələri və ictimai təşkilatlarla qarşılıqlı əlaqələri inkişaf etdirir, keçirilən beynəlxalq tədbirlərin yeni informasiya-kommunikasiya texnologiyalarına və multimedia vasitələrinə əsaslanmasına önəm verir.
Beynəlxalq əməkdaşlıq bölməsi həmçinin beynəlxalq əməkdaşlığın hüquqi əsasını təşkil edən əməkdaşlıq prinsiplərini və prosedurlarını müəyyənləşdirən ikitərəfli və çoxtərəfli müqavilələrin, protokolların və digər hüquqi sənədlərin qanunauyğun olaraq hazırlanmasında, danışıqların aparılmasında, imzalanma prosesində və həyata keçirilməsində yaxından iştirak edir.
Bölmə xarici ölkələrin nümayəndə heyətləri ilə rəsmi danışıqlardan əvvəl müvafiq qurumların, təşkilatların və şöbələrin fikirlərini toplayaraq, danışıqlar zamanı lazım ola biləcək bütün məlumatları Akademiya rəhbərliyinə təqdim edir, Akademiyanın xarici nümayəndə heyətləri ilə rəsmi görüşlərinin səmərəli və protokol prinsipləri çərçivəsində dövlətin xarici siyasətinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək vəzifələrini yerinə yetirir.
Təhsil ocağımıza artan marağın nəticəsi kimi ATƏT, Avropa Şurası, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi, Beynəlxalq Qızıl Xaç Komitəsi, səfirliklər və s. təşkilatların, eyni zamanda əməkdaşlıq etdiyimiz respublika daxilində fəaliyyət göstərən təhsil müəssisələrinin və dövlət qurumlarının nümayəndələrinin Polis Akademiyasına səfər etmələrini xüsusilə qeyd etmək lazımdır.
Beynəlxalq əməkdaşlıq çərçivəsində Polis Akademiyasının da yüksək səviyyədə təmsil olunduğu bir sıra tədbirlər keçirilmişdir.
 

 
2020-ci il fevral ayının 27-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Polis və Təhlükəsizlik qüvvələri üzrə regional nümayəndəsi Halit Bulanıklı və BQXK-nin Azərbaycan üzrə Nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynovanın iştirakı ilə Polis Akademiyasında rəsmi görüş keçirilmişdir. Görüşdə bir sıra iki tərəfli zəruri məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Polis Akademiyası və Qazaxıstan Respublikası DİN-in Alma-Ata Akademiyası arasında təhsil və elm sahəsində əməkdaşlığa dair imzalanmış protokola əsasən 2020-ci il oktyabrın 23-də əməliyyat-axtarış fəaliyyəti sahəsində “Hüquq elminin aktual problemləri: nəzəriyə və təcrübə sualları” mövzusunda beynəlxalq elmi-praktiki videokonfrans keçirilmişdir. Tədbirdə Akademiyanın “Əməliyyat-axtarış fəaliyyəti” kafedrasının və Beynəlxalq əməkdaşlıq qrupunun əməkdaşları iştirak etmişdir. Videokonfrans zamanı iştirakçılar aktual məsələləri müzakirə etməklə yanaşı, qarşılıqlı əməkdaşlığın mütəmadi olaraq davam etməsinin vacibliyini vurğulamışlar.
Rusiya Federasiyası İ.N.Ulyanov adına Çuvaşiya Dövlət Universitetində 2020-ci il noyabrın 10-da “Hüquq-mühafizə orqanlarının fəaliyyətinin təmin edilməsi vasitələri sistemində kompromis” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki videokonfransda Polis Akademiyasını “Kriminalistika” kafedrasının və Beynəlxalq əməkdaşlıq qrupunun əməkdaşları təmsil etmişlər.
Polis Akademiyası və Rusiya Federasiyası DİN-in Krasnodar Universiteti arasında təhsil və elm sahəsində əməkdaşlığa dair imzalanmış protokola əsasən kadr hazırlığı sahəsində videokonfrans formatında dəyirmi masa təşkil edilmişdir. Tədbirdə hər iki tərəfdən döyüş və xidməti hazırlıq üzrə rəis müavinləri, şəxsi heyətlə iş üzrə şöbənin əməkdaşları, eləcə də beynəlxalq əməkdaşlıq qurumlarının əməkdaşları iştirak etməklə, qarşılıqlı maraq kəsb edən bir sıra istiqamətlər üzrə dialoq aparılmışdır.
Göründüyü kimi, Azərbaycan Respublikası DİN-in Polis Akademiyası ilə Rusiya Federasiyası DİN-in Polis Akademiyaları arasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədə qurulmuş və bu sahədə işlər uğurla davam etdirilməkdədir. Belə ki, Polis Akademiyası ilə Rusiya Federasiyası DİN-in Nijeqorodsk Akademiyası arasında təhsil və elm sahəsində əməkdaşlığa dair imzalanmış protokola əsasən, 2021-ci il fevralın 3-də videoformatda görüş təşkil edilməklə kadr hazırlığı, kursantların günün rejim qaydaları və şəxsi heyətlə iş barəsində qarşılıqlı müzakirələr aparılmışdır. Görüşün yekununda iştirakçılar arasında diskussiya aparılmaqla, aktual məsələlərin müzakirəsi ilə bağlı gələcəkdə konfransların keçirilməsinin ənənə halına çevrilməsi təklifi yekdilliklə qəbul edilmişdir.
2021-ci il mayın 26-da Polis Akademiyasında “Müasir dövrdə DİO üçün kadr hazırlığını həyata keçirən xüsusi təyinatlı ali təhsil müəssisələri: mövcud vəziyyət və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki videokonfrans keçirilmiş, videokonfransda Türkiyə, Rusiya, Moldova, Ukrayna, Qazaxıstan, Belarus və Tacikistan Respublikalarının xüsusi təyinatlı ali təhsil müəssisələrinin və digər dövlət qurumlarının rəhbərləri və professor-müəllim heyəti iştirak etmişlər.
Keçirilmiş elmi-praktiki konfranslar və digər tədbirlər Polis Akademiyasının xarici həmkarlarımızla işgüzar, dostluq münasibətlərinin inkişafına və təcrübə mübadiləsinə əlverişli şərait yaratmışdır. Polis Akademiyasının beynəlxalq aləmə inteqrasiyasının daha da artması, təlim-tədris prosesində tətbiq olunan Avropa standartlarına uyğun müasir təhsil imkanları və maddi-texniki bazanın zənginləşdirilməsi Akademiyanı yaxın gələcəkdə Avropanın və MDB məkanının ən nüfuzlu təhsil ocaqlarından birinə çevirəcəkdir.
Beləliklə, gətirilən faktlardan da bəlli olduğu kimi, Polis Akademiyasının beynəlxalq əlaqələr qurmaq sahəsində fəaliyyəti çoxcəhətli olmaqla, Azərbaycan diplomatiyasının təməl prinsiplərinə tam uyğun həyata keçirilir.


Geriyə | Çap versiyası