elanlar

2019/2020-ci tədris ili üçün DİN-in Polis Akademiyasının Magistraturasında təhsilə namizədlərin qəbuluna dair

02.02.2019

Daxili işlər orqanları əməkdaşlarının nəzərinə!

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DİN-in Polis Akademiyasının magistraturasında 2 illik təhsil üzrə əyani formada dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) hüquqşünaslıq ixtisasının “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizasi” ixtisaslaşması üzrə 10 namizədin qəbulu üçün müsabiqə elan edir.

Təhsilə namizədlər hüquqşünaslıq ixtisası üzrə ali təhsilli, elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətə həvəsi olan, 45 yaşadək orta və böyük rəis heyətindən olan əməkdaşlar sırasından seçilir.
Sənədlərin qəbulu və tədris işlərinin tərtibatı 2019-cu ilin yanvar ayının 25-dən fevral ayının 10-dək əməkdaşların xidmət etdikləri orqanda həyata keçirilir.

Seçim şərtlərinə uyğun gələn əməkdaş, sənədlərin qəbulu üçün müəyyən olunmuş müddətdə orqan rəisi (nizami polis hissəsinin komandiri) vasitəsilə Azərbaycan Respublikasının daxili işlər nazirinə raportla müraciət edir.
Əməkdaşın raportu əsasında DİN-in 03.02.2018-ci il tarixli Q4-001-18 nömrəli Qərarı ilə elan olunmuş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının magistraturasında təhsilə namizədlərin seçilməsi və müsabiqəyə buraxılması Qaydaları”na uyğun olaraq tədris işi hazırlanıb Nazirliyin Baş Kadrlar İdarəsinə göndərilir.

Naxçıvan Muxtar Respublikasının Daxili işlər Nazirliyi üzrə namizədlərin seçimi və sənədlərinin hazırlanması həmin qaydalara əsasən nazirliyin müvafiq seçmə komissiyası tərəfindən təşkil edilir və DİN-in Baş Kadrlar İdarəsinə təqdim olunur.
Namizədlərin seçimi DİN-in Baş Kadrlar İdarəsində yaradılan seçmə komissiyasında həyata keçirilir və namizədlər yalnız Akademiyanın magistraturasına qəbul üçün keçirilən müsabiqədə iştirak edirlər.
Magistraturaya qəbul imtahanları Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na uyğun keçirilir.

Dövlət İmtahan Mərkəzinin 19 dekabr 2018-ci il tarixdə rəsmi internet səhifəsində verdiyi elana əsasən, Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcəkdir. Birinci mərhələdə namizədlərin ümumi intellektinin (məntiqi təfəkkürünün) inkişaf səviy¬yəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdə namizədlərə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy¬yəsinin yoxlanılması üçün 50 (45 test tipli, 5 açıq tipli), informatika üzrə 25 ( 20 test tipli, 5 açıq tipli) və xarici dil üzrə 25 (20 test tipli, 5 açıq tipli) test tapşırığı təqdim olunacaqdır. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt verilir.

İkinci mərhələdə isə namizədlərin ixtisas fənləri üzrə (Cinayət hüququ, Hüquq nəzəriyyəsi, Mülki və ailə hüququ, Konstitusiya hüququ və Beynəlxalq hüquq) bilikləri yoxlanılır. Hər bir fənn üzrə 10 sual olmaqla ümumilikdə 2-ci mərhələdə namizədlərə  50 sual təqdim olunur (45 test tipli, 5 açıq tipli sual). İkinci mərhələdə sualların cavablandırılması üçün 1 saat 30 dəqiqə vaxt ayrılır.
Hər iki mərhələ üzrə sualların cavablandırlmasında səhv cavablar düzgün cavabların silinməsinə səbəb olmur və namizədlərin hər iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) toplanılmaqla yekun nəticə əsasında namizədlər müsabiqəyə buraxılırlar. Müsabiqə Dövlət İmtahan Mərkəzi tərəfindən elektron qaydada təşkil olunur və hər iki mərhələ üzrə toplanmış balların cəminə uyğun olaraq namizədlərin seçimi həyata keçirilir və 1 həftə ərzində müsabiqənin nəticələri rəsmi surətdə elan edilir.
Magistraturaya qəbul olunanlar Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə xidmət yerində tutduğu vəzifədə saxlanılmaqla Akademiyanın sərəncamına ezam edilirlər, onların əmlak və maliyyə təminatı tutduğu vəzifə üçün müəyyən olunmuş normalar həcmində saxlanılır.

Təhsil müddətində dinləyicilərin vəzifə və xidmət yerinin dəyişdirilməsinə, ştat ixtisarı ilə əlaqədar xidmətdən xaric edilməsinə yol verilmir. Dinləyicilər tutduğu vəzifə üçün müəyyən olunmuş həddə növbəti xüsusi rütbəyə nomenklatura aidiyyəti üzrə təqdim olunur, həmçinin Akademiya rəisinin səlahiyyətləri ilə mükafatlandırıla və ya intizam məsuliyyətinə cəlb edilə bilərlər.
Magistraturada təhsil proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarından müvəffəq qiymət almış və magistr dissertasiyasını müdafiə etmiş dinləyicilərə “magistr” elmi-ixtisas dərəcəsi, təhsil haqqında dövlət sənədi (diplom) və döş nişanı verilir.
Daha ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin internet saytından, DİN-in Polis Akademiyasının - (012) 454-34-57; 454-13-85 və ya Baş Kadrlar İdarəsinin - (012) 590-98-16, 18-16 (daxili) nömrəli telefonları vasitəsi ilə ala bilərsiniz.


Geriyə | Çap versiyası