elanlar

DİN-in POLİS AKADEMİYASI 2023-cü il üçün DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR

12.04.2023

Azərbaycan Respublikası DİN-in Polis Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəsissə və təşkilatlarının 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2021-ci il  26 noyabr tarixli Q17-001-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu Qaydası”na əsasən 2023-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə daxili işlər orqanları əməkdaşlarının doktorantura və dissertanturaya aşağıda göstərilən ixtisaslar üzrə qəbul elan edir:

1). 5611.01 – Cinayət hüququ, kriminologiya; cəza-icra hüququ ixtisası üzrə doktoranturaya büdcə hesabına, qiyabi – 2 yer, dissertanturaya büdcə hesabına – 1 yer;

2).  5612.01 -  Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti ixtisası üzrə doktoranturaya büdcə hesabına, qiyabi – 1 yer, dissertanturaya büdcə hesabına - 2 yer.

Qəbul şərtləri aşağıdakı kimidir:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan daxili işlər orqanları əməkdaşları sənəd verə bilərlər.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dil (cari ilin iyul ayında test üsulu ilə), fəlsəfə (sentyabr ayında test üsulu ilə) və ixtisas fənnindən (sentyabr ayında şifahi formada) ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Azərbaycan Respublikasının DİN-in Polis Akademiyası tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayan şəxslər fəlsəfə fənnindən imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə məqbul alan şəxslər ixtisas fənni üzrə imtahanda iştirak etmək hüququ əldə edirlər.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olan daxili işlər orqanları əməkdaşları müraciət edə bilərlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmaq istəyən şəxslər yalnız xarici dil üzrə (cari ilin iyul ayında test üsulu ilə) ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində Azərbaycan Respublikasının DİN-in Polis Akademiyası tərəfindən keçirilən qəbul imtahanında keçid balını toplamalıdırlar.
Əməkdaşların sənədlərinin qəbulu və tədris işlərinin tərtibatı onların xidmət yeri üzrə həyata keçirilir.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul olunmaq istəyən əməkdaş sənədlərin qəbulu üçün 11 aprel – 11 iyun 2023-ci il tarixlərində əsaslandırılmış raportla Azərbaycan Respublikasının daxili işlər nazirinə müraciət edir.
Raporta aşağıdakı sənədlər əlavə edilir:
- şəxsiyyət vəsiqəsinin surəti;
- tərcümeyi-hal;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG - əgər varsa);
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat.

Əməkdaşın xidmət keçdiyi daxili işlər orqanında onun raportu və əlavə edilən sənədlər əsasında əməkdaşın tədris işi tərtib edilir. Tədris işinə əməkdaşın xidməti xasiyyətnaməsi, əmək kitabçasından çıxarış, kadrların uçotunun şəxsi vərəqəsi, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), əməliyyat-sorğu uçotları üzrə yenilənmiş yoxlama tələbnamələri üzrə məlumat əlavə edilir və Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir.
 Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi müsabiqədə iştirak üçün seçilən namizədlərin siyahısını müəyyən edir və Azərbaycan Respublikasının daxili işlər naziri ilə razılaşdıraraq Akademiyanın Müsabiqə komissiyasına təqdim edir.
Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu Akademiyanın Müsabiqə komissiyası tərəfindən müəyyən edilir.

Bütün imtahanların məzmunu (proqramı) Akademiyanın rəsmi saytında yerləşdiriləcəkdir.
Qəbul qaydaları haqqında ətraflı məlumatı Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsindən və rəsmi internet səhifəsindən (www.pa.edu.az) əldə etmək olar.
Əlaqə: +99412 454-13-85; +99412 454-34-57.

Polis Akademiyası



Geriyə | Çap versiyası