xəbərlər

Polis Akademiyasında “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda dəyirmi masa keçirilib

07.06.2024

 07 iyun 2024-cü il tarixində DİN-in Polis Akademiyasında “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin, Baş Prokurorluğun, o cümlədən DİN-in aidiyyəti qurumlarının əməkdaşları, Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, ADA Universitetinin, Milli Aviasiya Akademiyasının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının və DİN-in Polis Akademiyasının professor-müəllim heyəti, tələbə və kusantları iştirak ediblər.

 İlk olaraq Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbiri açıq elan edərək qonaqları salamlayıb və və dəyirmi masanın işinə uğurlar arzulayıb. Akademiya rəisi dəyirmi masanın keçirilməsində əsas məqsədin möhtərəm Prezident, cənab İlham Əliyevin  2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi və buna bağlı olaraq ətraf mühitin qorunması, yaşıllığın artırılması kimi aktual və problemli məsələlərin araşdırılması, həlli yollarının müəyyən edilməsi, işğaldan azad edilmiş torpaqlarımızda erməni vandalizmi nəticəsində məhv edilmiş ekosistemin bərpa edilməsi və qeyd olunanlara hüquqi müstəvidə diqqətin artırılması olduğunu bildirib.

 Daha sonra tədbir iştirakçılarının “Yaşıl iqtisadiyyat qanunvericilik kontekstində”, “Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərdə törədilmiş ekoloji cinayətlər”, “İşğaldan azad olunmuş ərazilərdə ermənilərin törətdiyi ekoloji terrorun nəticələrinin aradan qaldırılmasında daxili işlər orqanlarının rolu”, “Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorun beynəlxalq hüquqi məsuliyyəti”, “Ermənistanın törətdiyi ekoloji terror nəticəsində Azərbaycan təbiətinə vurulan zərərin miqdarı” və “Ermənistanın Qarabağda ekoloji təhlükəsizliyə vurduğu ziyan və onun beynəlxalq hüquqi məsuliyyəti” mövzularında məruzələri maraqla dinlənilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi və müxtəlif yönümlü müzakirələr aparılıb. Ümumilikdə tədbir səmərəli və işgüzar şəkildə baş tutub.
 
 
 
 

Geriyə | Çap versiyası