xəbərlər

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib

01.07.2024

 01 iyul 2024-cü il tarixində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.
İlk olaraq xalqımızın Ümummilli lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi  bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Əlamətdar gün münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, zati-alilərinin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran daxili işlər naziri Vilayət Eyvazov ötən 106 ildə polisin keçdiyi çətin sınaqlarla dolu şərəfli və zəngin xidmət yolu, cinayətkarlığa qarşı mübarizədə qazandığı təcrübələr, dəyərli ənənələr, xüsusən Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruha malik vətənpərvər kadrlarla möhkəmlənməsi istiqamətində görülən işlərdən danışıb. Cənab nazir birinci Qarabağ və Vətən müharibəsində torpaqlarımızın müdafiəsi üçün döyüşlərə qatılan polisin öz missiyasını mərdliklə yerinə yetirdiyini, respublikada daxili sabitliyin təmin edilməsində və hüquq qaydasının möhkəmləndirilməsində önəmli xidmətlər göstərdiyini, vəzifələrini yerinə yetirərkən daxili işlər orqanlarının və Daxili Qoşunların bir sıra əməkdaş və hərbi qulluqçularının şəhidlik zirvəsinə ucaldığını və yaralandığını diqqətə çatdırıb.

 Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə görülən işlərin nəticəsi olaraq müasir       maddi-texniki bazaya, infrastruktura və qabaqcıl texnologiyaya malik daxili işlər orqanlarının fəaliyyətinin vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldiyini vurğulayan general-polkovnik Vilayət Eyvazov şəxsi heyətin peşə hazırlığının zamanın yeni təhdid və çağırışlarına cavab verən səviyyəyə yüksəldiyini və bu sahədə ardıcıl iş aparıldığını qeyd edib. Cənab Prezidentin şəxsi heyətə göstərdiyi ali diqqət və qayğının növbəti əyani ifadəsi olaraq bu peşə bayramı ərəfəsində bir sıra DİO əməkdaşları dövlət mükafatları və ali xüsusi rütbələrlə mükafatlandırılıblar.
Cənab nazir xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, valideynlərə, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, kütləvi informasiya vasitələri və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinə təşəkkürünü bildirib. Daha sonra Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini yetişdirən Polis Akademiyasının peşəkar polis kadrlarının hazırlanmasında xüsusi rolunu qeyd edərək məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib.

 Mərasimdə məruzə ilə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov 2023-2024-cü tədris ilində sistemli şəkildə təşkilati və tədris-metodiki tədbirlərin həyata keçirildiyini, fənlərin öyrənilməsinin stimullaşdırılması məqsədilə tədris prosesində innovativ təlim metodlarından geniş istifadə olunduğunu, nəzəriyyə ilə təcrübənin vəhdətinə nail olunması üçün respublikanın tanınmış alim və mütəxəssisləri, eləcə də Daxili İşlər Nazirliyinin və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının Akademiyada keçirilən dərslərə cəlb edildiyini, təhsilalanların döyüş hazırlığının yüksəldilməsi, psixoloji dayanıqlığın, həmçinin peşə sayıqlığının formalaşması məqsədilə hərbi təlimlərin keçirildiyini, kursantların beynəlxalq və yerli bilik yarışmalarında, müsabiqə və elmi-praktik konfranslarda, eləcə də hərbi və idman yarışlarında fərqləndiklərini bildirib. Eyni zamanda analitik düşüncəyə, yüksək dil biliklərinə, sahəvi peşə bacarıqlarına malik kursantların yetişdirilməsi məqsədilə Akademiyada kurs və dərnəklərin fəaliyyət göstərdiyini qeyd edib. Canpolad Daanov həmçinin, təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsinin davamı olaraq Polis Akademiyası ilə “ADA” Universiteti, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Vəkillər  Kollegiyası arasında Anlaşma Memorandumlarının imzalandığını və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tədris-təlim prosesində tətbiqi məqsədilə yaradılmış işgüzar əlaqələr əsasında Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasından peşəkar təlimçilərin dəvət edildiyini də vurğulayıb. Akademiya rəisi çıxışının sonunda Cənab nazirə göstərdiyi diqqət və qayğıya görə Akademiya kollektivi adından dərin minnətdarlığını bildirib və Akademiya qarşısına qoyulan tapşırıq və göstərişlərin hər zaman layiqincə yerinə yetiriləcəyinə əmin edib. Kursantlar adından əlaçı məzun, polis baş leytenantı Turqut Süleymanlı çıxış edərək cənab nazirə və Akademiyanın professor-müəllim heyətinə aldıqları yüksək səviyyədə təhsilə görə təşəkkürünü, vətənə, dövlətə şərəflə xidmət edəcəklərini bildirib.

Mərasimdə daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara diplomlar təqdim edib.

Tədbirin sonunda şəxsi heyət təntənəli keçidlə tribunanın qarşısından keçib.
 
 
 
 
 

Geriyə | Çap versiyası