xəbərlər

DİN-in Polis Akademiyası BDU ilə Əməkdaşlıq Protokolu imzalayıb

27.12.2019

 Dekabrın 25-də Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin  rəhbərliyi ilə Universitetin Hüquq və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin bir qrup əməkdaşı Daxili İşlər Nazirliyinin Polis Akademiyasında olub.
Əvvəlcə qonaqlar və Akademiyanın rəhbərliyi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Akademiyanın tədris korpusları, kursant yataqxanaları ilə tanışlıqldan sonra qonaqlar Ümummilli Liderin  dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün  imkanların yaradıldığı Heydər Əliyev Mərkəzində olublar.
Qonaqlar Polis Akademiyasının fəaliyyətini əks etdirən sənədli filmə baxıblar.

Bakı Dövlət Universiteti rəhbərliyini DİN-in Polis Akademiyasında görməkdən məmnunluğunu diqqətə çatdıran polis general-mayoru Nazim Əliyev bildirib ki, DİN-in Polis Akademiyası ötən müddət ərzindən ölkə və DİN rəhbərliyinin ali diqqət və qayğısı sayəsində böyük bir inkişaf yolu keçib. Burada daxili işlər orqanları üçün ali hüquq təhsilli kadrlar hazırlanır, maddi-texnki baza ən müasir tələblərə cavab verir, MDB və dünyanın bir çox ölkələrinin analoji təhsil müəsssisələri ilə əlaqələr inkişaf edir, təhsil, təcrübə mübadiləsinə ciddi diqqət yetirilir. N.Əliyev bönövrəsi qoyulan bu əməkdaşlığın kadr hazırlığının səviyyəsinin artırılmasında gələcək uğurlara təkan verəcəyinə əminliyini ifadə edib.
Rektor Elçin Babayev əsası 1919-cu ildə qoyulan Bakı Dövlət Universitetinin yaranmasının 100-cü ildönümündə  ölkə rəhbərliyinin iştirakını tarixi hadisə adlandıraraq qeyd edib  ki, Azərbaycanı dünyanın ən aparıcı və mütərəqqi ölkələri sırasına çıxarmaq üçün aparılan siyasətin əsas prioritetlərindən biri təhsilin inkişafıdır və bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən mühüm işlər görülür. Əldə etdiyimiz uğurları davamlı etmək, hədəflərə çatmaq üçün sabitliyin əsas şərtlərdən biri olduğunu diqqətə çatdıran E.Babayev Polis Akademyasında təhsil alanların üzərinə böyük məsuliyyətin düşdüyünü, dünyada söz və nüfuz sahibinə çevrilən ölkəmizə həm daxildə, həm də xaricdən qara yaxanların, onun imicinə xələl gətirmək istəyənlərin qarşısına savadlı, peşəkar polis əməkdaşı, eləcə də  Azərbaycan vətəndaşı kimi çıxmaq üçün onların daha hazırlıqlı olmalarını vurğuladı.    
Görüşdə əlaqələrin daha da sıxlaşdırılması, təhsil sahəsində təcrübə, birgə elmi, tədris və metodiki nəşrlərin reallaşdırılması, birgə elmi monoqrafiyaların və məqalələrin nəşri, tədris fənlərinin proqramlarının, iş planlarının hazırlanması və digər sahələrdə birgə Əməkdaşlıq Protokolu imzalanıb.

Geriyə | Çap versiyası