xəbərlər

Polis Akademiyasında 2019-cu ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

24.01.2020

Yanvarın 17-də DİN-in Polis Akademiyasında  şəxsi heyətin iştirakı ilə 2019-cu ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Müşavirəni açan Akademiya rəisinin vəzifəsini müvəqqəti icra edən, polis polkovniki Canpolad Daanov görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən ölkəmizin davamlı sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində uğurla davam və inkişaf etdirilməkdədir. Son illərdə Prezident İlham Əliyevin elm və təhsil sisteminə diqqət və qayğısı sayəsində ciddi nailiyyətlər qazanılmış, milli elm və təhsil sisteminin aydın sabahını təmin edəcək bir sıra İnkişaf Proqramları təsdiq olunaraq reallaşdırılmış, elm və təhsilin davamlı inkişafına yönələn əsaslı tədbirlər görülmüşdür. Dövlət başçısının və Daxili İşlər nazirinin diqqət və qayğısı ilə daima  əhatə olunan Daxili İşlər Nazirliyinin Polis Akademiyası üçün ötən il də uğurlu illərdən biri olmuş, tədrisin təşkilində, elmi potensialın artırılmasında, xidmətdə və icra intizamında nailiyyətlər əldə edilmişdir.

Sonra məruzə ətrafında  çıxış edən “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki  Səyyad Ağayev, “Kriminalistika” kafedrasinin rəisi, polis polkovniki  Allahverdi Mahmudov, Hərbi kafedranın rəisi, polis polkovniki Hacı Aslanov, İxtisasartırma  fakültəsinin rəisi, polis polkovniki Bağban  Həsənov, Tibb hissəsinin rəisi, polis polkovniki  Sərdar Əliyev Akademiyanın xüsusi təyinatlı elm və təhsil müəssisəsi kimi hesabat dövründə tədris göstəricilərinin və elmi potensialın artırılmasında, elmi məqalə və tədris resurslarının hazırlanmasında, beynəlxalq tədbirlərin təşkilində, kursantların elmi fəaliyyətə cəlb olunmasında nailiyyətlər əldə edildiyini, yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirləri diqqətə çatdırıblar.

Məruzəçi polis polkovniki C. Daanov yekun nitqində Daxili İşlər nazirinin tapşırıq və tövsiyələrini şəxsi heyətə çatdıraraq, eyni zamanda, xidməti fəaliyyətdə mövcud nöqsanlara da toxunaraq, onların aradan qaldırılması ilə əlaqədar görülən işlər və Akademiyada elmi yaradıcılığı artırmaq və bu işə kursantları da cəlb etmək, qiyabi və ixtisasartıma fakültələrində tədrisin keyfiyyətli təşkilinə nail olmaq, kursantların kitabxanadan istifadə qaydalarına qaydalara yenidən baxmaq, hərbi təcrübənin təşkili ilə bağlı qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

Sonda polis polkovniki C. Daanov Daxili İşlər Nazirliyinin rəhbərliyini əmin edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kursun Akademiya qarşısında qoyduğu milli ənənələrə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən peşəkar polis zabiti yetişdirmək vəzifələri bundan sonra da layiqincə yerinə yetiriləcəkdir.

Geriyə | Çap versiyası