xəbərlər

DİN-in Polis Akademiyasında “8 noyabr – zəfər günü” ilə əlaqədar tədbir keçirilmişdir

08.11.2021

 8 noyabr 2021-ci il tarixdə DİN-in Polis Akademiyasında “Zəfər günü” ilə bağlı silsilə tədbirlərin davamı olaraq ümumakademiya yerbəyer mərasimi keçirilmişdir.
Mərasim ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin və polis əməkdaşlarının xatirəsinin anılması ilə başlayıb.

 Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxış edən Akademiyanın rəisi, polis polkovniki Canpolad Daanov bu əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etməsi, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsi barədə ətraflı məlumat vermişdir.

 Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin işğaldan azad edildiyini qeyd edən polis polkovniki bu faktın dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Kursantlar adından çıxış edən birinci kurs kursantı Kənan Həsənov Vətən Müharibəsində qazanılan bu tarixi zəfərin yetişməkdə olan gənc nəslin dövlətə sədaqət və milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malik olmasını vurğulamışdır.
Tədbirin yekununda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçmişdir.

Geriyə | Çap versiyası