xəbərlər

Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu qaydası təsdiq edilib

15.12.2021

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni bir nailiyyət əldə edilib. Akademiyanın fəaliyyətini daim diqqət mərkəzində saxlayan Daxili işlər naziri, kollegiyanın sədri, general-polkovnik cənab Vilayət Eyvazov 26 noyabr 2021-ci il tarixdə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu Qaydası”nı təsdiq edib.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nə əsasən hazırlanmış Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbul Qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasında Hüquqi aktların dövlət reyestrində qeydiyyata alınmışdır.
Nizamnaməyə əsasən Akademiya ali təhsilin bakalavriat, magistratura, doktorantura və əlavə təhsil səviyyələri üzrə təhsil proqramlarını (kurikulumları) həyata keçirir.

Əvvəlki qaydalara əsasən Akademiyanın magistraturasına və doktoranturasına daxili işlər orqanları əməkdaşlarının qəbul imtahanları Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilirdi. Eyni zamanda imtahanların keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər DİM tərəfindən müəyyən edilirdi. Bu da respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasında, vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiə edilməsində, cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində həmişə öndə olan daxili işlər orqanları əməkdaşlarının vaxt etibarı ilə, eləcə də digər səbəblərdən uyğun gəlməməsi baxımından problemlər yaradırdı.
Yeni Qayda isə xüsusi təyinatlı təhsil müəssisəsi olan Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanlarının əməkdaşlarının DİM tərəfindən deyil, Akademiyada qəbulu qaydasını tənzimləyir. Əminliklə qeyd etmək olar ki, bu qaydanın qəbul edilməsi DİN-in strukturlarında bakalavriat təhsili olan kadrlarla təmin edilməsinə, eyni zamanda magistr və doktorant olaraq Akademiyanın və DİN-in digər təhsil müəssisələrinin elmi-pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşlarla təminatına və vakant yerlərin doldurulmasına xidmət edəcək, bununla da daxili işlər orqanlarının fəaliyyət istiqamətləri üzrə konseptual problemlərin tədqiq edilməsinə, hüquq elminin müxtəlif sahələri üzrə fundamental və tətbiqi elmi araşdırmaların aparılmasına, habelə daxili işlər orqanlarının əməkdaşlarının şəxsi və peşəkar inkişafının stimullaşdırılmasına nail olunacaqdır.

Bu Qaydanın ən vacib xüsusiyyətlərindən biri də əvvəlki qaydalardan fərqli olaraq Akademiyaya qəbul üzrə müsabiqədə iştirak məqsədilə daxili işlər orqanları əməkdaşları sırasından namizədlərin seçilməsi üçün Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində sənəd qəbulu komissiyası yaradılması, müsabiqədə iştirak üçün seçilmiş namizədlərin sənədləri isə birbaşa Akademiyanın Müsabiqə komissiyasına göndərilməsidir.
Hüquqi aktların dövlət reyestrində qeydiyyata alınmış bu Qaydada hər bir təhsil səviyyəsinə qəbul qaydası ayrıca bölmələrdə qeyd olunmuşdur. Belə ki,  Akademiyaya bakalavriat səviyyəsinə qəbul olmaq hüququna tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər,  magistraturasına qəbul olunmaq hüququna hüquqşünaslıq ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi olan şəxslər,  fəlsəfə doktoru proqramı üzrə doktoranturaya isə  ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan şəxslər müsabiqə əsasında qəbul olunurlar.

Yeni Qaydaya əsasən daxili işlər orqanları əməkdaşlarının Akademiyaya qəbul imtahanı informasiya-kommunikasiya texnologiyaları vasitəsindən istifadə etməklə test üsulu ilə keçiriləcəkdir.
Eyni zamanda əvvəlki qaydalardan fərqli olaraq imtahan suallarının məzmunu, imtahanın keçiriləcəyi günlər və imtahanın keçirilmə qaydası və texnologiyası, habelə minimal qəbul balı Akademiya tərəfindən müəyyən ediləcəkdir.
DİN-in Kollegiya qərarı ilə təsdiq edilmiş Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu Qaydasından irəli gələn məsələlərin həlli davam etdirilir.



Geriyə | Çap versiyası