xəbərlər

Polis Akademiyasında “Qloballaşma dövründə Azərbaycan Respublikasında transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin aktual məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

30.12.2021

 29 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Əməliyyat-axtarış fəaliyyəti kafedrasının nəzdində fəaliyyət göstərən “Əməliyyat müvəkkili” elmi dərnəyinin təşkilatçılığı ilə “Qloballaşma dövründə Azərbaycan Respublikasında transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin aktual məsələləri” mövzusunda “Zoom” platformasında onlayn formatda elmi-praktik konfrans keçirilmişdir.

Konfransın işində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Dövlət Gömrük Komitəsi Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və təhsilalanları, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları iştirak etmişlər.

Konfrans öz işinə Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyvazovun giriş sözü ilə başlamışdır. H.Eyvazov konfrans iştirakçılarına Akademiya rəisi, polis polkovniki Canpolad Daanovun salamlarını çatdırmış və konfransın işinə uğurlar arzulamışdır.
Konfransda mövzunun aktuallığı və əhəmiyyəti barədə Akademiyanın “DİO-da əməliyyat-axtarış fəaliyyəti” kafedrasının müəllimi Orxan Məmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Cinayət hüququ” kafedrasının rəisi Azər İsmayılov, Dövlət Gömrük Komitəsi Akademiyasının Katibliyinin hüquqşünası Seymur Əsgərli, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Vamiq Naməndzadə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Hüseyn Mənsimli və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov çıxış etmişlər.

Daha sonra konfransın işində iştirak edən təhsilalanların məruzələri dinlənilmişdir. Nərmin Əhmədli “Mütəşəkkil cinayətkarlıqla mübarizədə təqsirsizlik prezumpsiyası”, Elvin Nəcəfov “İnsan alverinə qarşı mübarizənin həyata keçirilməsi zamanı insan alveri qurbanları ilə davranışın hüquqi, psixoloji və sosial aspektləri”, Vüqar Sadıqlı “Transmilli cinayət kimi kibercinayətlərə qarşı mübarizə məsələləri”, Ramazan Əsgərxanov “Gömrük sahəsində transmilli cinayətkarlığa qarşı mübazirə”, Lalə Babayeva “44 günlük vətən müharibəsinin nəticələrinin transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə təsiri”, Fərhan Musazadə “Qeyri-qanuni miqrasiya-transmilli mütəşəkkil cinayətkarlığın genişlənməsinə təsir göstərən əsas amillərdən biri kimi” və Mehdi Quluzadə “Müasir dövrdə narkotik vasitələrin transmilli dövriyyəsinə qarşı mübarizə: mövcud vəziyyət və nailiyyətlər” mövzusunda çıxış etmişlər.
Sonda mövzular üzrə müzakirələr aparılmış, məruzəçilərə ünvanlanan suallar cavablandırılmışdır.

Geriyə | Çap versiyası