xəbərlər

Polis Akademiyasında “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü”nə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir

03.01.2022

15 dekabr 2021-ci il tarixdə Polis Akademiyasında “İctimai elmlər” kafedrasının nəzdində fəaliyyət göstərən “Kursant İntellektual Klubu”nun təşkilatçılığı ilə I-V kursları təmsil edən 10 komanda arasında “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü’’ adlı bilik yarışmasının seçim mərhələsi keçirilmişdir. Oyunun bu mərhələsi “Nə? Harada? Nə zaman?” formatında baş tutmuşdur. Yarışda əvvəlcə hər kursun ən yüksək nəticə göstərən komandaları (ümumilikdə 5 komanda) növbəti mərhələyə keçid şansı qazanmış, daha sonra 5 komanda arasında xal hesabına görə ilk 4 yeri tutan komanda final mərhələsində iştirak etmək hüququ qazanmışdır.
24 dekabr 2021-ci il tarixdə baş tutmuş final mərhələsində «Flaqman» (I kurs), «ZİON» (II kurs), «Vendetta» (III kurs) və «K-dan Z-yə» (V kurs) komandaları qarşılaşmışdır. V kursun Ələkbərov İlkin İntiqam oğlu (V kurs I taqım), Həsənov Muxtar Ənvər oğlu (V kurs V taqım), Əsgərov Amin İlqar oğlu (V kurs V taqım), Niftalıyev Ayxan Niyaməddin oğlu (V kurs V taqım) və Əlizadə Əli Babasəlim oğlundan (V kurs VI taqım) ibarət «K-dan Z-yə» komandası 15100 xal toplayaraq yarışın final mərhələsinin qalibi olmuşdur.

Silsilə tədbirlərin davamı olaraq 01 yanvar 2022-ci il tarixdə “Maneələr zolağının dəf edilməsi” üzrə Akademiya birinciliyi keçirilmişdir. Yarışa hər kursdan 5 nəfər kursant olmaqla, komanda olmaqla 5 komanda (25 nəfər kursant) qatılmışdır. Keçirilən tədbirin sonunda  III kurs I, I kurs II, II kurs III yerlərə layiq  görülmüşdür. Komanda olaraq I yerə çıxan III kursa I yerin kubok və diplomu, II və III yerin sahiblərinə müvafiqyerlər üzrə diplomlar təqdim edilmişdir.
Növbəti tədbir 02 yanvar 2022-ci il tarixdə Hərbi kafedra tərəfindən təşkil olunmuş “Hərbi döyüş” estafeti olmuşdur. Açılış zamanı Azərbaycan xalqının Ümummilli Lideri  Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Estafetin proqramı ilə şəxsi heyət  tanış edildikdən sonra, estafet qaydalarına əsasən komanda iştirakçıları altı mərhələni keçərək, gözü bağlı 9 mm Makarov tapançası və Kalaşnikov avtomatının sökülüb-yığılmasını, avtomat darağının doldurulmasını, döyüş-sursat yeşiyinin daşınmasını və müxtəlif vəziyyətlərdən hədəfə pnevmatik silahdan atəşi yerinə yetirmişlər.

Münsiflər heyətinin rəyinə əsasən bütün mərhələləri uğurla başa vuran III kursun komandası birinci yerə layiq görülərək kubokla təltif edilmişlər.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş silsilə tədbirlərin nəticəsi olaraq 3 yanvar 2022-ci il tarixdə “İctimai elmlər” kafedrası nəzdində fəaliyyət göstərən “Kursant İntellektual Klubu”nun təşkilatçılığı ilə I-V kursları təmsil edən 6 komanda arasında növbəti “Nə? Harada? Nə zaman?” bilik yarışması keçirilmişdir.
II kursdan Rüstəm Cəfərov (II kurs VIII taqım), Rəvan Mustafayev (II kurs II taqım), Ceyhun Rzayev (II kurs IV taqım), Pərvin Qaragözov (II kurs VII taqım), Qəhrəman Məmmədov (II kurs IV taqım) və Kərim Şəmiyevdən (II kurs III taqım) ibarət «ZİON» komandası 7 xal toplayaraq yarışın qalibi olmuşdur.


Geriyə | Çap versiyası