xəbərlər

Böyük Britaniya Polisinin əməkdaşı Azərbaycana səfəri çərçivəsində DİN-in Polis Akademiyasını ziyarət etmişdir.

08.02.2022

 Böyük Britaniyanın London şəhər metropolitan polisinin əməkdaşı Freddi Fitçes Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək Azərbaycan polisi ilə yaxından tanış olmaq və əsasən polis əməkdaşlarının hazırlandığı təhsil müəssisəsi olan DİN-in Polis Akademiyasını ziyarət etmək istəyini bildirimişdir.              8 fevral 2022-ci il tarixdə DİN-in Polis Akademiyasına qonaq qismində gələn Freddi Fitçes Akademiyanın maddi-texniki bazası, tədris prosesi və digər imkanları ilə tanış edilmişdir.

Daha sonra DİN-in Polis Akademiyasının rəhbərliyi ilə görüşən qonaq göstərilən diqqət
və təqdim olunan məlumatlara görə təşəkkürünü bildirmiş, Azərbaycan polisinin yetişdirildiyi təhsil ocağının geniş imkanlarının onda xoş təəssüratlar yaratdığını xüsusilə vurğulamışdır. Akademiya rəisi Polis Akademiyasının tarixi və halhazırkı təhsil imkanları barədə ətraflı məlumat təqdim edərək, Böyük Britaniya polisi və iki ölkənin polisləri arasındakı ortaq və fərqli cəhətlər barədə qonağa suallar vermişdir. Freddy Fitçes London polisinin qədim tarixi olması barədə fikirlər bildirərək, halhazırda əsasən London şəhərində yerləşən Hendon Polis Kollecində gələcək polis əməkdaşlarının hazırlandığını və bununla yanaşı öz ölkələrində müxtəlif əsilli vətəndaşların, habelə fərqli dini etiqadlara sahib insanların çoxluq təşkil etdiyini nəzərə alaraq digər ölkələrdən də Böyük Britaniyada polis əməkdaşı kimi fəaliyyət göstərməsi üçün şəxslərin işə qəbul edildiyini bildirdi. Eyni zamanda halhazırda Londonda 2 Azərbaycan əsilli polis əməkdaşının orada xidmət göstərdiyini bildirdi. Fərqli millətlər və dinlərdən olan polislərin London polisinə cəlb edilməsinin səbəbi kimi müxtəlif millət və dini etiqadlara sahib ölkə vətəndaşları ilə daha rahat ünsiyyət qura bilmələrini qeyd etdi.

Bundan başqa Bakı şəhərini gəzərkən Azərbaycan polisinin gündüz gecə demədən xidmət başında olması və vətəndaşlarla çox nəzakətli və xüsusən şəhərdəki əcnəbi qonaqlara ehtiyac olduğu təqdirdə həmişə kömək əlini uzatmağa hazır olduğunu  
xüsusilə qeyd etdi. Polis Akademiyasına tanışlıq səfər istəyini isə şəhərdə gəzərkən ərazidə xidmət aparan polis əməkdaşlarının hazırlandığı, təhsil alaraq yetişdirildiyi təhsil müəssisəsinin onda böyük maraq oyatması ilə əlaqələndirdi.     
Sonda Freddi Fitçes görüşün səmərəli və yüksək səviyyədə təşkil olunduğuna görə Daxili işlər nazirliyinin və Polis Akademiyasının rəhbərliyinə öz dərin təşəkkürünü bildirmiş, Azərbaycan polisinə olan münasibət və ehtiramının daha da artdığını söyləmişdir.

Geriyə | Çap versiyası