xəbərlər

DİN-in Polis Akademiyasında ilk dəfə daxili işlər orqanları əməkdaşlarının magistraturaya qəbul imtahanı keçirilib

28.02.2022

Daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən 26 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasında Hüquqi aktların dövlət reyestrində qeydiyyata alınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu Qaydasına əsasən 28 fevral 2022-ci il tarixdə DİN-in Polis Akademiyasında daxili işlər orqanları əməkdaşlarının magistraturaya I cəhd üzrə ilk dəfə qəbul imtahanı keçirilib. Yeni Qaydaya əsasən daxili işlər orqanları əməkdaşlarının Akademiyaya qəbul imtahanı informasiya-kommunikasiya texnologiyaları vasitəsindən istifadə etməklə test üsulu ilə keçirilmişdir.
İmtahanda daxili işlər orqanlarının 14 əməkdaşı iştirak edib. Saat 10.00-da başlanan imtahan 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün Akademiyanın aidiyyəti əməkdaşlarından ibarət komissiya fəaliyyət göstərib, imtahan prosesinin gedişi nəzarətdə olub. Magistraturaya qəbul imtahanı namizədin ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilmişdir.

İmtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində Akademiyaya daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin edilib.
Namizədlərin hər hansı bir tapşırığa verdiyi cavabın (və ya həllin) qiymətləndirilməsi ilə əlaqədar müraciətlərinə baxılması üçün Polis Akademiyasında apellyasiya komissiyası yaradılmışdır. İmtahanın nəticələri ilə bağlı apellyasiya müraciəti qəbul edilməmişdir.
Magistraturaya qəbul DİN-in elmi-pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşlarla təminatına və vakant yerlərin doldurulmasına xidmət edəcək, bununla da daxili işlər orqanlarının fəaliyyət istiqamətləri üzrə konseptual problemlərin tədqiq edilməsinə, hüquq elminin müxtəlif sahələri üzrə fundamental və tətbiqi elmi araşdırmaların aparılmasına xidmət edəcəkdir.
Daxili işlər orqanları əməkdaşlarının magistraturaya II cəhd qəbul imtahanı cari ilin 29 aprel tarixində keçiriləcəkdir.

Geriyə | Çap versiyası