xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İdarəçilik Akademiyasında təşkil edilmiş onlayn konfransda iştirak etmişdir

20.05.2022

 20 may 2022-ci il tarixdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İdarəçilik Akademiyasında “Müasir çağırışlar şəraitində professor R.S.Belkinin elmi ideyalarının inkişafı (anadan olmasının 100 illiyinə həsr olunmuş)” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda MDB ölkələrinin alimləri iştirak ediblər.
Beynəlxalq elmi-praktik konfransı giriş sözü ilə açan Rusiya Federasiyası DİN-in İdarəçilik Akademiyasının rəisi vəzifələrini müvəqqəti icra edən, polis general-mayoru, hüquq elmləri namizədi, dosent Paradnikov Aleksandr Qennadieviç konfrans iştirakçılarını və qonaqları salamlayaraq, konfransın keçirilməsinin əhəmiyyətinə dair fikirlərini bölüşüb. Daha sonra professor R.S.Belkinin həyat və elmi yaradıcılığına dair film nümayiş etdirilib.

Beynəlxalq elmi-praktik konfrans üç bölmə – “Kriminalistik metodikanın və məhkəmə ekspertizasının aktual məsələləri”, “Cinayət mühakimə icraatının elmi-texniki təminatının müasir problemləri”, “Sübutların istifadəsi, qiymətləndirilməsi, yoxlanılması, tədqiqatı və toplanmasının cinayət-prosessual nizamlanmasının müasir problemləri”  üzrə işini davam etdirib.
DİN-in Polis Akademiyasının “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Səyyad Ağayev “Cinayət mühakimə icraatının elmi-texniki təminatının müasir problemləri” adlı bölmə iclasında dinləyici olaraq  iştirak etmişdir.
 Beynəlxalq-elmi-praktik konfrans elmi mühitdə, elmi dinləmə və diskussiya  formatında başa çatmışdır.

Geriyə | Çap versiyası