xəbərlər

Polis Akademiyasının əməkdaşı Bakıda keçirilən “5-ci Şərq Tərəfdaş-lığı E-infrastrukturlar Konfransı”nda iştirak edib

30.09.2022

 Sentyabrın 28-də Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” keçirilmişdir. Konfransın açılış mərasimində Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, 70-ə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər iştirak ediblər. Konfransda Polis Akademiyasını “İctimai elmlər” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Heydər Heydərov təmsil etmişdir.
GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (EU4 Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

Konfransda AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov çıxış edərək Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya olunması istiqamətində dövlətimiz tərəfindən uzun illər ərzində ardıcıl və məqsədyönlü siyasətin həyata keçirildiyini, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Çıxışının sonunda akademik A.Həşimov belə bir nüfuzlu konfransın ölkəmizdə keçirilməsinin Avropa İttifaqının Azərbaycan dövlətinə və onun apardığı siyasətə etimadının göstəricisi olduğunu deyib.

Tədbirdə GEANT-ın baş direktoru Erik Hayzer,  Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov, Şərq Tərəfdaşlığı ölkələri ilə rəqəmsal və iqtisadi əməkdaşlıq üzrə proqram meneceri Tibault Şarlet, “EapConnect” layihəsinin meneceri İrina Metyu, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək “EaPEC 2022”-nin Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağına,  beynəlxalq əməkdaşlığın təşkili, birgə elmi tədqiqatların həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının, ölkələrin informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığının əhəmiyyətinin və Şərq Tərəfdaşlığı ölkələri arasında əlaqələrin yüksələn xətlə inkişafına töhfə verəcəyinə əminliyini ifadə ediblər.
Sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Geriyə | Çap versiyası