xəbərlər

Polis Akademiyasının kursantları Milli Azərbaycan Tarixi muzeyində olublar

21.10.2022

 DİN-in Polis Akademiyasının Əyani fakültəsinin I kurs I taqım kursantları polis leytenantı Aqşin Əliyevin rəhbərliyi ilə 21 oktyabr 2022-ci il tarixində Hacı Zeynalabdin Tağıyev adına Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Kursantlar Muzeydə ölkəmizin zəngin tarixini əks etdirən sərgi və eksponatlarla ətraflı tanış olublar. Muzeyin bələdçisi kursantları müşayiət edərək eksponatlar barədə ətraflı məlumat verib. Bələdçi 9 otaqdan ibarət Milli Azərbaycan Tarixi Muzeyində əvvəlcə Hacı Zeynalabdin Tağıyevin iş kabineti və ordakı əşyaları – kitab şkafı, yazı masası, ailəvi fotoalbom, həmçinin Z.Tağıyevin kabinetində İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah Qacar, Rusiya imperatoru II Nikolay və onun xanımı Aleksandra Fyodorovnanın portretləri, Ayvazovskinin “Dənizdə fırtına” adlı əsəri haqqında kursantlar geniş məlumatlandırılıb. Muzeyin Şərq zalında tavanların xüsusi zövqlə bəzədilməsi,  Quran ayələrinin yazılması və bu işləmələrə doqquz kiloqram qızıl istifadə olunması kursantların diqqətini xüsusilə cəlb edib. Kursantlar sütunlu tağlar, kitabxana, H.Z.Tağıyevin həyat yoldaşı Sona xanıma məxsus otaqla da tanış olublar.
Bələdçi bu kimi tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, əlaqələrin intensivliyinin vətənpərvər nəslin böyüməsində mühüm rol oynadığını qeyd edib.
Muzeylə tanışlıqdan sonra xatirə şəkilləri çəkilib.


Geriyə | Çap versiyası