xəbərlər

Avropa İttifaqının Hüquq-Mühafizə Təlimləri üzrə Agentliyi (CEPOL) tərəfindən Macarıstanın Budapeşt şəhərində keçirilən “İkinci Strateji Əməkdaşlıq Forumu”nda DİN-in Polis Akademiyasının əməkdaşı iştirak etmişdir

08.12.2022

Avropa İttifaqının Hüquq-Mühafizə Təlimləri üzrə Agentliyi (CEPOL) tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üçün həyata keçirilən “TOPCOP” layihəsi çərçivəsində 2022-ci ilin 6-7 dekabr tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilən “İkinci Strateji Əməkdaşlıq Forumu”nda Azərbaycan nümayəndə heyətinin tərkibində DİN-in Polis Akademiyasının Beynəlxalq əməkdaşlıq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elçin Orucovla yanaşı DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşı, Dövlət Gömrük Komitəsinin rəhbər şəxsləri iştirak etmişdir. Ümumilikdə forumda Ukrayna (onlayn formatda), Moldova, Gürcüstan, Azərbaycan və Ermənistandan olan nümayəndə heyətlərinin iştirakı keçirilmişdir.

Görüşdə Milli və Avropa İttifaqı məkanında ən müasir təlim imkanlarından, iştirakçı ölkələrdə hüquq mühafizə orqanlarının əməkdaşları üçün həyata keçirilən treninqlər, “Təlimçilərin təlimi” konsepsiyası, TOPCOP layihəsi çərçivəsində iştirak edən əməkdaşların daha sonra əldə etdikləri bilik və bacarıqların öz həmkarlarına ötürməsi, vahid təlim cədvəlinin hazırlanaraq öz ölkələrində tətbiq edilməsi müzakirə edilmiş, eyni zamanda iştirakçı ölkələrin nümayəndələri tərəfindən cinayətkarlığa qarşı mübarizədə görülən işlər və təlim prioritetləri mövzusunda cıxışlar edilmişdir. Bununla yanaşı CEPOL-un 2023-cü il üçün təlim katoloquna baxış keçirilmişdir. Həmçinin foruma dəvət olunmuş Avropol, Avropa İttifaqının Empakt (EMPACT) layihəsinin nümayəndəsi, “TOPCOP” layihə meneceri və digər ekspertlər təmsil etdikləri qurum və layihələr barədə ətraflı məlumat verərək cinayətkarlığa qarşı birgə mübarizənin faydalı olacağından əmin olduqlarını bildirmişlər.

Forum interaktiv və sual-cavab formatında davam etdirilmiş, bir sıra mövzular üzrə müzakirələr aparılmışdır. “TOPCOP” layihəsi çərçivəsində keçirilə biləcək regional və ölkədaxili təlim imkanları, habelə təcrübə mübadiləsi məqsədilə qarşılıqlı ölkə səfərləri və ümumilikdə CEPOL-un təşkilati və informativ dəstəyi ilə təlim imkanları geniş müzakirə edilmişdir.
Ümumilikdə forum işgüzar və səmərəli şəkildə baş tutmuşdur.  
 
 

Geriyə | Çap versiyası