xəbərlər

Polis Akademiyasında “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərə start verilmişdir

25.01.2023

 Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Polis Akademiyasında Ulu öndər Heydər Əliyevin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsi məqsədilə silsilə tədbirlərə start verilmişdir. Akademiyada Şəxsi heyətlə iş üzrə şöbə və müvafiq kurs rəhbərliklərinin təşkilatçılığı ilə əyani təhsil üzrə kursantlar üçün mütəmadi “Heydər Əliyev vaxtı” dərsləri keçirilir. Tədbir başlamazdan öncə Ümumilli liderimiz Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilir, sonra isə Azərbaycan Respublikasının dövlət himni səsləndirilir.

 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə kursantların nəzərinə 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatların müsbətə doğru radikal dəyişikliklərə təkan verdiyi, ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiya proseslərinin hazırkı möhkəm təməlinin Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslandığı çatdırılır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən az sonra, xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etmişdir. Xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtarmış, qanunçuluğu bərpa etmiş və cəmiyyəti həmrəylik məfkurəsi ətrafında birləşmişdir.

 Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin xidmətinin nəticəsidir. Müstəqil dövlətçiliyimizin H.Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Azərbaycan ziyalılarını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində strateji dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş və nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir. İki əsrin qovşağında xalqımız məhz onun sayəsində milli-mənəvi dəyərləri layiqincə qoruyaraq üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün regionda və dünyada layiqli mövqe qazanmışdır.
Akademiyada keçirilən bu kimi tədbirlərin nəticəsində kursantlarımız Heydər Əliyevi irsinə və şəxsiyyətinə daha yaxından maraq və diqqət göstərəcəklər.


Geriyə | Çap versiyası